"Bir sıra KİV-lərdə yaşlı qadın Mirjoyeva Ayşat
İsayevnanın Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyində qəbul olunmaq üçün guya iki gün gözləməsi və
qəbul olunmaması barədə qeyd olunanlar həqiqətə uyğun deyildir və
nazirliyə qarşı böhtan xarakteri daşıyır".
Bu sözləri "Axar.az"a ƏƏSMN-nin mətbuat xidmətinin rəhbəri Elman
Babayev Ayşat Mirjoyeva adlı yaşlı qadının iki gün nazirliyin
qapısında qalması ilə bağlı xəbərə münasibət bildirərkən deyib.
O, əlavə edir ki, sözügedən xanım milliyyətcə osetindir və
Bakıda Azərbaycan vətəndaşı ilə nikah olmadan yaşayır: ""Azərbaycan
Miqrasiya Mərkəzi" İctimai Birliyinin şifahi məlumatında bildirilir
ki, Azərbaycan vətəndaşı olmayan A.İ. Mirjoyeva milliyyətcə
osetindir və əvvəllər Şimali Osetiyada yaşayıb, 2002-ci ildə Bakı
şəhərinə gəlib. Burada Azərbaycan vətəndaşı ilə nikah olmadan
yaşayıb. 2013-cü ilin sentyabrında həmin şəxs vəfat etdikdən sonra
A.İ.Mirjoyeva yaşayış yeri olmadığından BMT-nin Qaçqınlar üzrə Ali
Komissarlığının Azərbaycandakı Nümayəndəliyinə müraciət edib və
"Azərbaycan Miqrasiya Mərkəzi" İctimai Birliyinin sığınacağında
məskunlaşıb. 11 mart 2014-cü il tarixdə "Azərbaycan Miqrasiya
Mərkəzi" İctimai Birliyinin əməkdaşları tərəfindən M.A. İsayevna
kimi təqdim edilən, lakin üzərində şəxsiyyətini təsdiq edən heç bir
sənəd olmayan qadın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
tabeliyində olan hər hansı sosial xidmət müəssisəsinə
yerləşdirilməsi üçün Nazirliyə gətirilib. Qanunvericiliyə uyğun
olaraq həmin qadının şəxsiyyətini təsdiq edən sənədlər istənilib və
adıgedən İctimai Birliyin əməkdaşları qadını nazirliyin foyesində
tək qoyaraq, həmin sənədləri gətirmək üçün gediblər. Lakin günün
sonuna kimi sənədlər təqdim olunmayıb. A.İ.Mirjoyevanın gedəcək
yeri olmadığı üçün sənədləri gətirilib təqdim olunana qədər onun
nazirliyin Müharibə və əmək əlilləri pansionatına (Qocalar evi)
müvəqqəti olaraq yerləşdirilib. Bu gün artıq martın 13-ü olmasına
baxmayaraq, hələ də "Azərbaycan Miqrasiya Mərkəzi" İctimai
Birliyinin əməkdaşları tərəfindən M.A.İsayevnaya dair sənədlər
nazirliyə təqdim olunmayıb. Qeyd olunanlar onu göstərir ki,
"Azərbaycan Miqrasiya Mərkəzi" İctimai Birliyi A.İ.Mirjoyevanın
ƏƏSMN-nin tabeliyində sosial xidmət müəssisəsinə yerləşdirilməsi
üçün heç bir rəsmiləşdirmə prosedurları həyata keçirmədən onu
faktiki olaraq sığınacaqdan məhrum ediblər".