Füzuli meydanından Nəriman Nərimanov prospektinə qədər
və Təzəpir məscidi istiqamətində yolların genişləndirilməsi və
inşası işlərinin davam etdirilməsi, habelə yeni yaşıllıq
zolaqlarının yaradılması nəzərdə tutulur.
Azəravtoyol ASC-dən Axar.az-a verilən məlumata görə, Bakı
şəhərinin Yasamal rayonu ərazisində Füzuli meydanının ətrafındakı
yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması və abadlıq
işlərinin aparılması ilə bağlı tədbirlər Azərbaycan Respublikası
Prezidentinin Sərəncamına əsasən aparılır.
Aparılan yenidənqurma işləri zamanı avtonəqliyyat vasitələrinin
hərəkətinin təşkilində mühüm dəyişikliklər nəzərdə tutulub. Belə
ki, "Füzuli meydanı" ləğv edilərək mövcud parkın və Füzuli
küçəsinin Nərimanov prospektinə qədər uzadılaraq yeni prospektin
yaradılması nəzərdə tutulub. Avtonəqliyyat vasitələri Nərimanov
prospekti və Səməd Vurğun küçələrinə çatmamış yaradılacaq geri
dönmə hissələrindən istifadə edərək hərəkətlərinə davam edə
biləcəklər. Bundan başqa Azərbaycan prospekti ilə Əhməd Cavad
küçəsinədək yalnız sərnişin avtobusların hərəkəti üçün bir hərəkət
zolağı ayrılacaq.
Dəyişikliklər Dövlət Statistika Komitəsinin qarşısında yerləşən
dairədə də baş tutacaq. Belə ki, İnşaatçılar prospekti ilə
Bakıxanov küçəsinə doğru hərəkətdə olan avtonəqliyyat vasitələri
üçün Dövlət Statistika Komitəsinin qarşısındakı dairəyə giriş
məhdudlaşdırılacaq. Onların hərəkəti Nərimanov prospektinə
yönəldiləcək.Avtonəqliyyat vasıtələri prospektdə yeni yaradılacaq
yol hissəsindən geri dönərək Abdulla Şaiq küçəsi ilə yenidən
İnşaatçılar prospektinə çıxaraq həm geriyə, həm də düzünə
hərəkətlərinə davam edə biləcəklər.
Hərəkətin normal təşkili üçün Nəriman Nərimanov prospektində
hərəkət birtərəfli olacaq. Əks istiqamət üzrə hərəkət Abdulla Şaiq
küçəsi vasitəsi ilə təmin olunacaq. Sözügedən ərazidə dəyişikliklər
həm Dövlət Statistika Komitəsinin qarşısındakı, həm də Nəriman
Nərimanovun heykəlinin yerləşdiyi dairələrə çatmamış geri dönməni
təmin etmək üçün yeni yol hissələri salınacaq.
Sadalanan ərazilərdə aparılan yenidən qurma işləri nəticəsində
hərəkətin bu cür təşkil olunması hərəkətin təhlükəsizliyi
səviyyəsinin yüksəldilməsi və tıxacların aradan qaldırılması üçün
hesablanıb.
Qeyd edək ki, Füzuli meydanının ətrafındakı yol
infrastrukturunun yaxşılaşdırılması və abadlıq işlərinin aparılması
çərçivəsində "Azəravtoyol" ASC tərəfindən ümumi uzunluğu 6.1 km-ə
yaxın olan 5 küçədə əsaslı şəkildə yenidənqurma işləri həyata
keçirilir. Yenidənqurma işləri Balababa Məcidov, Abdulla Şaiq,
Mirzəağa Əliyev, Füzuli küçəsinin davamı və Nəriman Nərimanov
prospektində aparılır.
Əvvəllər bu küçələrin ensiz olması, üstəlik bir-çox hissələrdə
piyada səkilərinin olmaması avtonəqliyyat vasitələrinin, həmçinin
vətəndaşların gediş-gəlişində xeyli çətinliklər yaradırdı.
Yenidənqurma işləri çərçivəsində bu problemlər nəzərə alınaraq
əvvəllər 5-8 metr enində olan küçələr 2-3 metr enində səkilər də
nəzərə alınaraq 15-23 metrə qədər genişləndiriləcək, müasir
içıqlandırma sistemləri qurulacaq, bundan başqa ictimai nəqliyyat
üçün 14 ünvanda "cib"lik tikiləcək və müasir avtobus dayanacaqları
qurulacaq.