Onu Əli dayı çağırırlar. Müharibə veteranıdır. Özü də
qanlı-qadalı günlər yaşayıb. Müharibənin bütün dəhşətlərini öz
gözləri ilə görüb. Qarabağ Həqiqətlərini Dünyaya Tanıtma İctimai
Birliyinin sədridir.
Əlövsət Qasımov əslən Qərbi Azərbaycandandır. 1988-ci ildən
erməni vandalizminin nəticəsində öz dədə-baba yurdlarından didərgin
düşüblər. Tərtər rayonunda məskunlaşıblar. Bir müddət Tərtər rayon
Mədəniyyət evinin müdiri işləyib...
Könüllülərdən ibarət batalyon
Söhbətimiz zamanı keçmiş döyüşçü Əli dayı o günləri belə
xatırlayır:
- Mədəniyyət evinin müdiri işlədiyim bir ildə hər gün
güllə-boranın, odun-alovun içində olurduq. Müharibə artıq
başlayırdı. Erməni quldurları Qarabağa iddialarını ortaya
qoymuşdu.
Mən Mədəniyyət evinin direktoru kimi, kresloda oturmağı özümə ar
bildim. Artıq döyüşmək, düşmənə özümüzü göstərməyin vaxtı çatmışdı.
Bizim Mədəniyyət evində 52 nəfərdən ibarət olan dərzilik kursumuz
vardı. Hamı bir nəfər kimi hərbi biletini götürüb komissarlığa
getdik. Qeydiyyata düşüb vuruşmaq istəyirdik. Lakin bizi geri
qaytardılar. "Burda dövlət var, biz sizi öz başına qeydiyyata sala
bilmərik. Nə vaxt ölkə rəhbərliyi səfərbərlik elan edər, onda
çağırış göndərərik", - dedilər. Könüllülərdən ibarət batalyona
yazıldıq. Vəziyyət çox pis idi, insanlar demək olar ki, odun-alovun
içində yaşayırdı. Bir az da başıpozuqluq var idi, hər kəs də ürək
edib döyüşə getmirdi.
Xoşqədəmin zibilxanalardan tapıb
gətirdiyi...
Əlbəttə ki, o zamanlar qaçanlar da oldu. İndi Xoşqədəmin
Rusiyanın zibilxanalarından tapıb gətirdiyi adamların əksəriyyəti
həmən o qaçanlardı...
Bizim köməyimizdən imtina edirdilər
- Əli dayı, özünümüdafiə batalyonu yarandıqdan sonra
bir başa döyüşlərə atıldız?
- Hə, könüllülər olaraq başladıq döyüşlərdə iştirak etməyə. Daha
çox Ağdam, Goranboy istiqamətində gedən döyüşlərdə olmuşam. Biz
təkcə bu bölgələrdə yox, digər ərazilərdə də, döyüşlərdə olurduq.
Naxçıvanın Sədərək rayonuna, Laçına kömək üçün getmişik. Amma onlar
bizim köməyimizdən imtina edirdilər, "bizim özümüz öz torpağımızı
qoruyarıq, sadəcə, bizə silah versinlər", - deyirdilər. O camaatı
da qınamırdıq, biz o yerlərə bələd deyildik, nahaq yerə
qırılmağımızı istəmirdilər. Hər kəs öz elini, obasını, kəndini
qorumaq istəyirdi. Bunun üçün isə kömək, silahla təmin olunmaq
olardı ki, bu da olmurdu.
İndiki gənclərdə bu vətənpərliyi görmürəm
- Əhali düşmənə qarşı necə
birləşirdi?
- İnsanlarda çox yüksək vətənpərvərlik ruhu var idi. Mən indiki
gənclərdə bu vətənpərliyi görmürəm. Bu gün durub desəm ki, gedək
müharibəyə, inanmıram o zamankı coşqunu görə biləm. Əslində, biz
vətənpərvər xalqıq. Sadəcə, indiki dövrdə bunun maarifləndirilməsi
yox dərəcəsindədir. Televizora baxırsan, bu istiqamətdə heç nə
yoxdur. Şou proqramlarla demək olar ki, insanlarda vətənpərvərlik
ruhunu öldürüblər. Ümumiyyətlə, vətənpərvərlik gendə olur, şüurda
formalaşır.
Müharibəni kinolarda görən gənclərimiz
Qarabağa getdik, vuruşduq, şəhid olduq. Bəzən deyirlər ki, biz
torpaqlarımızın 20%-ni itirmişik, amma belə deyil. Biz əslində
torpaqlarımızın 80%-ni erməni-rus ordusundan qoruyub saxlamışıq,
azad etmişik. Müharibəni kinolarda görən gənclərimizi küçədən tutub
müharibəyə göndərirdilər. Heç bir təlim, hazırlıq görmədən
odun-alovun içinə atırdılar. Gülə-gülə gedirdilər, anlamırdılar ki,
qəfil açılacaq bir güllə ilə bütün sevdiklərindən ayrı düşəcəklər.
Etiraf edək ki, küçədən yığılan həmin uşaqlar ermənilərin etdikləri
vəhşilikləri gördükdən sonra, çoxları qorxub qaçırdı.
Təcrübəsizlikdən, döyüş taktikasını bilmədiklərindən həlak
olanların da sayı çox olurdu...
Oğlan uşaqların qasığına barıt töküb
yandırırdılar
- Erməni vəhşiliyinin çox şahidi
olmusuz?..
- Mən könüllülərdən ibarət dəstədə vuruşmuşam, bizdə itki az
olurdu. Amma o vəhşiliklərin sonucu olan cəsədləri çox görmüşəm.
Müharibə artıq mənə qorxulu gəlmirdi, elə bil ki, alışmışdım. Arxa
cəbhəyə keçəndə anaların, baciların necə öz yaxınlarını
axtardıqlarını görürdüm. Dözmək olmurdu. Ermənilər etdikləri
işgəncəli qətllərlə, cəsədlərin başına açdıqları oyunlarla gənc
əsgərlərimizi qorxudurdular. Onlar adamı dəhşətə gətirən üsullardan
istifadə edirdilər. Oğlan uşaqların qasığına barıt töküb
yandırırdılar. Ratsiya ilə bizimkilərə: "Eşidin, sünnəti belə
edirlər, siz düz etmirsiz", - deyirdilər.
Kaş bizə əvvəldən düşməni tanıdaydılar
Dünyada belə vəhşilik heç yerdə görünməyib. Onlar insanların
dodaqlarını, cinsiyyət orqanların kəsir, əllərinin içindən taxtaya
mismarlayırdıar. Həmişə fikirləşirəm ki, ermənilərə hansı adı
yaraşdırmaq, onlara nə ad qoymaq olar? Bir dəfə "vandalizm" dedim,
amma yox, vandalizm də onların hərəkətlərinin yanında heç nədir.
Erməni əsgərləri türk cəsədlərinin cinsiyyət orqanını kəsib
komandirə aparmaqla neçə nəfər azərbaycanlı öldürdüklərini sübut
edirdilər. Onlar belə bir əxlaqsızlıqla, şərəfsizliklə məşğul
olublar.
Kaş bizə əvvəldən, ermənilərin tarixən başımıza bu müsibətləri
açdıqlarını deyərdilər. Uşaq vaxtlarımızdan düşmənimizi bizə
tanıdaydılar. Bizə ermənilərin namərdliyi haqqında heç kəs heç nə
demədi, qardaşlıqdan, kirvəlikdən danışıb beynimizi
doldurdular...
Ermənilər cəsədlərini aparmırdı
- Erməni dilini bilirsiz, bunun sizə döyüşdə köməyi
dəyirdimi?
-Erməni dilini bilirdim, bunun sayəsində çox işlər gördüm.
Məsələn, ermənilər döyüş sahəsində qalan cəsədlərini aparmaq
istəmirdilər. Ermənilərdən bu haqda soruşduqda dedilər ki, bunu
məqsədli şəkildə edirik. Hər cəsədi aparsaq, bizim dənizdən dənizə
böyük Ermənistan yaratmaq istəyimizi gerçəkləşdirmək olmaz,
deyirdilər. O zaman arxa cəbhədəkilər qorxar, döyüşə gəlməzlər. Biz
tərəfdə olan erməni əsgərlərini basdırıdıq ki, xəstəliklər
yaranmasın. Amma onlar bizim cəsədlərin başına yüz oyun
açırdılar.
Getdim Heydər Əliyevin yanına
- Ən yadda qalan döyüş əməliyyatınız hansı
olub?
- Döyüşdəki günlərimin heç birini unutmamışam. Çox olub
əməliyyatlarımız. 1991-ci il mayın 6-da Marquşuvana hücuma keçdik.
Ermənilərin 4 km ərazisi olan bağ evləri vardı. Marquşevandakı
ermənilərə köməyə gedəndə həmin bağ evi sahibsiz qalmışdı. Onlar bu
evdə silah-sursat saxlayırdılar. Mən, Canpolad, Əlövsət adlı daha
bir oğlan həmin silah anbarını yandırdıq.
Elə həmən il getdim Heydər Əliyevin yanına. Ona bu haqda məlumat
verdim. Mənə məsləhət verdi ki, şəhidləri öz yaxınları ilə
qovuşdur. Mən ona Tərtərdəki elektromexanika zavodu haqqında
danışdım. Bu zavodun ermənilərin əlinə keçməsi Gəncənin,
Mingəçevirin də təhlükədə olacağı demək idi. Bu zavodun istehsal
istiqamətini dəyişdilər, pulemyotlar buraxmağa başladılar. Bunun
sayəsində biz ermənilərə qarşı dayana bildik.
Tərtər, Goranboy camaatını yerlərində olması bizə dayaq olurdu.
Qaçmaq istəyənlər dönüb arxasında hamilə qadını, azyaşlı uşağı,
ahılı, ağbirçəyi görəndə fikrindən daşınırdı. Çox insanlar
danışırlar ki, Qarabağda filan işi görmüşəm, filankəsin cəsədini
çıxartmışam. Amma bu, həqiqət deyil, təsəvvür edin ki, insan cəsədi
necə tək daşıya bilər! İnsan cəsədi ağır olur, zindan kimi, onu heç
kim tək daşıya bilməz. Gərək başqasının əməyini heç kəs öz adına
çıxmasın...
Hamilə qadına işgəncə
Bir hadisə heç vaxt yadımdan çıxmır. Əsir düşmüş astaralı
əsgərimizi ermənilərdən geri almışdıq. Onu Bakıya gətirirdilər.
Fürsətdən istifadə etdim. Soruşdum ki, orada nə qədər əsir var?
Dedi ki, kişilər və qadınlar ayrı saxlanılır. Əsirlikdə olan 25
yaşında bir qadın var idi, hamilə idi, dedi mənə. Bu qadın intihar
etmək məqsədi ilə damarını kəsir, amma ölmür. Bunu görən bir erməni
gəlib bıçağı onun qarnına soxub, bətnində olan körpəni əlləriylə
çıxarıb yerə atır. Sonra da deyib ki, sizin kökünüzü belə
kəsəcəyik. Həmin qadını və uşağı neytral zonaya atdırıb. Ana yerdə,
uşaq da ayağının altında çabalayaraq ölüb. Dostlarımla gedib həmin
meyitləri gətirdik. Gördüm ki, bu uşaq qız uşağıdır. Mən körpəni
aldım ovcuma ki, onu ayrı basdırım. Uşaq əlimdən sürüşdü, sanki
dartılıb ananın qarnına girdi. Bu hal düz 3 dəfə təkrar olundu.
Məcbur qalıb o uşağı anasının sinəsinə qoydum, eləcə də, basdırdım.
Çoxdan ölmüş ananın gözlərinin həmin anda gördüyüm şəkli yadımdan
çıxmır. İnan, mənə elə gəldi ki, körpəsi ilə basdırıldığına görə o
dəhşətləri görmüş gözlərin arxasında həm qınaq, həm də təşəkkür
vardı... Elə həmin an saqqalım ağardı.
Onları elə zorlamışdılar ki...
Aradan bir neçə vaxt keçdi. Xocalını işğal etdilər. Balaca qız
uşaqlarının cəsədləri gətirilirdi. İlahi, dəhşət idi, bu qızların
cəmi 7- 8 yaşı olardı. Onları elə zorlamışdılar ki, görəndə insanı
dəhşətə gətirirdi. Bütün daxili orqanları bayırda idi. Elə bu vaxt
bizim hissəyə 2 erməni əsiri gətirdilər. Başladım bunun biri ilə
erməni dilində danışmağa. Bundan söz almaq üçün şirin dilə tutdum,
sənə kömək edəcəm-filan. O da mənimlə səmimi danışmağa başladı. Ona
dedim ki, o biri erməni deyir ki, sən neçə dənə uşağı zorlamısan.
Söz almaq istədiyim erməni dəli oldu. "O, yalan deyir, məndə elə
ürək yoxdur, o özü mənim gözümün qabağında neçə azərbaycanlı uşağı
zorlayıb", - dedi. Bunu eşidəndə dəli oldum, beynim dumanlandı,
başımdan "onu necə cəzalandırım" deyə, min fikir keçdi.
Əlimi saldım onun ürəyin çıxartdım
Onu bir güllə ilə öldürmək yox, ürəyini yandırmaq istədim. Onun
da mənim kimi yanmağını, ağrı çəkməyini istədim. Düşündüm ki, mən
ancaq onun ürəyin çıxartsam, dincələ bilərəm. Karate ilə məşğul
olan uşaqlarımız var idi, onlardan soruşdum, necə əl ilə ürəyi
çıxarırlar. Dedilər, gərək dəri deşilə, insan dərisi qalın olur.
Getdim ülgüc tapdım, bağladım barmağımın ucuna. Azyaşlı qızları
zorlayan erməninin qabırğasının altından sol tərəfdən kəsdim. Qan
fışqırdı, onun bütün daxili orqanları görsəndi. Əlimi salıb ürəyini
çıxartdım. Gözləri fırlanmağa başladı. İkiqat olub yerə sərildi,
bir neçə saniyə yerdə çabaladı. Amma ona fikir vermirdim.
Vəhşiləşmişdim elə bil, o əclafın ürəyini ağzıma atıb dişimlə
çeynəməyə başladım. Bu anlar dəhşət idi, hələ də o anı xatırlayanda
tüklərim ürpəşir. Amma sizə deyim ki, o körpə qızları da həmin
vəziyyətdə görəndə bu vəziyyətə düşmüşdüm. Bizim xalq çox humanist
xalqdır. Mənim bu hərəkətimi görəndə hamı dəhşətə gəldi.
Bəzən müharibə qanunlarını mən də pozurdum
- Ürəyiniz soyudu?
- Həmin an deməzdim ürəyimin yanğısı tamamilə söndü. Amma qismən
də olsa bir sakitlik, rahatlıq tapdım. Marquşevanı mühasirəyə
aldıq, hücuma keçdik. Rasim Musayev, Ələsgər Əliyev və başqaları
vardı. Biz ermənilərin evlərində başlarının üstünü aldıq. Əsirlər
götürüldü, qisaslar alındı. Bilirəm, bəzən müharibə qanunlarını mən
də pozurdum. Amma bu onların etdiklərinə qarşılıq olurdu.
Bir dəfə erməni meyitləri ilə öz şəhidlərimizin meyitlərini
dəyişməyə getdik. Erməni meyitlərini yığdığımız qoşquya mina
bağladım. Erməni əsgərləri meyitləri olan qoşquya mindilər. Bizdən
30-40 metr aralandıqdan sonra mina partladı, ermənilər göyə
sovruldu.
Şəhidləri ailələrinə qovuşdurdum
Çox şəhidləri ailəsinə qovuşdurdum. Mənə bunun üçün
var-dövlətini də təklif edən olub. Çox böyük çətinliklərlə o
şəhidləri ailələrinə çatdırmışam, amma bunun müqabilində həmin
ailələrdən indi diqqətsizlik görürəm. Mən ki bunları onlara
təmənnasız etdim. Meyitlərini tanıyıb sahiblərinə qaytarmaq çox
çətin idi. Ermənilər bu cəsədləri elə günə salırdılar ki, tanımaq
olmurdu.
Valideyinlərindən övladlarının hansı isə nişanını öyrənirdim. Bu
nişanla da ailələrinə təhvil verirdim. Bütün cəsədlərin bir-bir
nişanlarına baxırdım, bir cəsəddən çoxlu sayda nişanə tapmaq
olurdu.
Bir oğlan var idi, ermənilər təmiz yandırmışdılar, mən
montirovka ilə onun ağzın açdım, gördüm ki, ağzında 2 metal dişi
var. Bu yolla da ailəsinə verdim.
Hardasa 25-26 yaşı olana bir döyüşçümüzü də işgəncə verərək
tanınmaz hala salmışdılar. Onu heç nədən ayırd etmək, nişanə tapmaq
olmurdu. Baş barmağında cuna gördüm, cunanı qaldırdıqda altındakı
döyməni oxudum. "Ç+T" yazılmışdı. Bu şəhidi də dəfn etdik, ancaq
onun ailəsini tapa bilmədim.
O 12 meyit yuxuma girir...
Əli dayı o günləri həyancansız xatırlaya bilmir. Gözlərində
düşmənə qarşı yuva salan nifrəti hələ də oyaqdır: "917 şəhidi
ailəsinə verdim. 12 nəfər qaldı, sahibini tapa bilmədim.
Meyitlərin, əsirlərin ardıyca gedəndə elə bil kürəyimə ələmlə
vurulurdu, get, sağ qayıdacaqsan, - deyirdi qəribanə bir səs
mənə..."
Xudafizləşəndə isə dedi ki, o sahibini tapmadığım 12 meyit arada
yuxuma girir...