Bu gün Göyçay rayonunda təşkil olunan XI nar bayramı
möhtəşəmliyi ilə əvvəlkilərdən xeyli fərqlənib.
Axar.az xəbər verir ki, dövlət və hökümət nümayəndələrinin,
Milli Məclisin 10-a yaxın deputatının, xarici ölkələrin
Azərbaycandakı səfirlərinin, diaspor nümayəndələrinin, yerli və
xarici iş adamlarının, beynəlxalq təşkilatların əməkdaşlarının,
ümumilikdə 15 minə yaxın insanın iştirak etdiyi möhtəşəm Nar
bayramı təbii sərvətimizin, milli adət-ənənələrimizin əyani
nümayişinə çevrilib.
Göyçay şəhər stadionunda keçirilən tədbirdə narla bağlı müxtəlif
yarış və müsabiqələrin, yarmarkaların təşkili xüsusilə yadda qalan
olub. Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə
çıxış edərək bildirib ki, artıq 11-ci dəfədir təşkil edilən bayram
rayonda meyvəçiliyin inkişafı üçün böyük əhəmiyyət kəsb edir. O
əlavə edib ki, bayram prezident İlham Əliyevin təşəbbüsü ilə
2006-cı ilin noyabrından keçirilir.
Bayramın iştirakçıları əvvəlcə musiqi sədaları altında
qarşılanıb, qonaqlara yerli müəssisələrin istehsalı olan nar
şirələri paylanılıb. Festivalın əsas qəhrəmanı olan Nar şahzadəsi
meydana daxil olaraq qonaqları salamlayıb, xalqımıza əmin-amanlıq
bol ruzi-bərəkət arzulayıb. Tədbir iştirakçıları rayonun 30-dan çox
kəndinin nar və nar məhsullarından ibarət sərgisi ilə tanış
olublar.
Meydanda təşkil olunan kitab sərgisi, əl işləri və qədim sənət
növləri maraqla izlənilib, idmançıların, folklor rəqs və musiqi
qruplarının, xor kollektivinin bir-birini əvəz edən çıxışları
bayramı daha da yadda qalan edib.
Festival öz rəngarəngliyi ilə əvvəlki illərdə təşkil olunan
tədbirlərdən xeyli fərqlənib. Sərgi ilə tanış olan qonaqlara
məlumat verilib ki, narın şirəsindən və qabığından 20-dək
xəstəliyin müalicəsində istifadə olunur. Bu il Göyçayda bağlara
göstərilən yüksək aqrotexniki qulluq nəticəsində və havaların
əlverişli keçməsi bağlarda bol məhsulun yetişməsinə səbəb olub.
İlkin hesablamalara görə, cari ildə məhsuldarlıq 48 min 500 tona
yaxın olacaq. Ötən il isə fermerlər və fərdi təsərrüfat sahibləri
47 min 200 ton nar tədarük ediblər. Hər il məhsulun 60%-i Rusiya,
Ukrayna və Gürcüstan bazarlarına çıxarılır. Göyçayda narçılığa olan
maraq ildən-ilə artır, yeni və məhsuldar nar sortlarının
yetişdirilməsi, təzə bağların salınması istiqamətində tədbirlər
görülür. Son 3 ildə rayonda 230 hektar sahədə yeni nar bağı
salınıb. Bağlarda əsasən "Gülövşə", "Vələs", "Şəndi", "Şirin",
"Bala Mürsəl" nar sortları əkilib. Nar emalı müəssisələri isə
ilbəil imkanlarını genişləndirirlər, daha çox nar şirəsi istehsal
edərək xarici ölkələrə ixrac edirlər. Ötən əsrin 90-cı illərinin
əvvəllərində Göyçayda cəmi 251 hektar məhsuldar nar bağı mövcud
idisə, hazırda rayonda 3970 hektardan artıq sahədə nar bağı
var.
Yerli və xarici qonaqlar tədbirin keçirildiyi Göyçay şəhər
stadionunda hazırlanan sərgi masalarına yaxınlaşaraq isti təndir
çörəyinin, müxtəlif sortdan olan narların və onlardan hazırlanan
məhsulların, eləcə də pendirin, yuxa, kətə, kabab və döşəməli
plovun, müxtəlif şirniyyatıların dadına baxıblar. Tədbirdə qonaqlar
əl ilə yüksək ustalıqla hazırlanan nar şirəsinin, nar şərabının,
nardançanın, gilələnmiş narın dadına baxıblar, müxtəlif sort nardan
hazırlanan məhsulların sərgisi ilə tanış olublar.
Qonaqlar nar sərgisində rayonun 30-dan çox kəndində narçılıqla
məşğul olan insanların yetişdirdikləri müxtəlif sort nardan
hazırlanan məhsullara baxış keçirib, yerli müəssisələrdə istehsal
edilən meyvə şirələrinin keyfiyyəti ilə maraqlanıblar.
Sonda Azərbaycanın tanınmış incəsənət ustalarının iştirakı ilə
bayram konserti keçirilib və ətəşfəşanlıq olub.