Bu il yerlərdə yetişdirilmiş 72 tona yaxın yaş baramanın
hamısı noyabr ayının əvvəlinə qədər Şəki-İpək ASC-nin baş
müəssisəsinin Baramaaçan istehsalatında emal edilib
qurtarıb.
Ölkə.az "İpəkçi"
qəzetinə istinadən bildirir ki, nəticədə Baramaaçan istehsalatında
iş qeyri-müəyyən müddətə dayanıb.
Məlum olduğu kimi, Prezident İlham Əliyevin göstərişi ilə bu il
respublikada barama istehsalı bərpa olunub və builki barama
mövsümündə 72 tona yaxın yaş barama istehsal edilib. "Şəki-İpək"
ASC-yə isə kredit verilmişdi ki, yerlərdə yetişdirilmiş baramanın 1
kq-na 8 manat ödəməklə hamısını satın alsın və emal etsin. Burada
xam ipəyin 1 kq-ı dünya bazarından 2 dəfə baha qiymətə - 82 dollara
başa gəlmişdi. Nəticədə ölkə prezidenti 15 sentyabrda "Azərbaycan
Respublikasında ipəkçiliyin inkişafına dövlət dəstəyi haqqında"
sərəncam verdi ki, barama emalı və ipək istehsalı müəssisələrinin
qəbul etdiyi yaş baramanın hər kiloqramına görə subsidiya ayrılsın
və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırdı ki,
barama istehsalı ilə məşğul olan şəxslərə barama emalı və ipək
istehsalı müəssisələrinin qəbul etdiyi yaş baramanın hər
kiloqramına görə növündən asılı olaraq veriləcək subsidiyanın
məbləğini və verilmə qaydasını iki ay müddətinə təsdiq etsin.
Gözlənildiyinə görə, subsidiya builki barama tədarükünə də şamil
edilməlidir və "Şəki-İpək" ASC-nin 1 kq-nı 8 manata satın aldığı
baramanın hər kq-ı üçün dövlət "Şəki-İpək" ASC-yə 3-5 manat
subsidiya verməlidir.
Qəzet daha sonra yazır ki, "Şəki-İpək" ASC-nin baş
müəssisəsindəkı baramaaçan istehsalatı ilə yanaşı, pambıq əyirici
sexdə də xammalın tükənməsi səbəbi ilə iş dayanıb: "Özü də bu sex
azı bir aydır ki, işləmir. Səbəb olaraq göstərilir ki,
pambıqtəmizləmə zavodlarının yeni yığılmış pambığı mahlıca
çevirməsi prosesi hələ başa çatmayıb. Məlumat üçün əlavə edək ki,
"Şəki-İpək" ASC-nin baş müəssisəsində pambıqtəmizləmə zavodlarının
göndərdiyi mahlıcdan istehsal edilən pambıq sap xarıcə göndərilir,
burada parça toxunmur. Halbuki pambıq parça istehsalı
mümkündür".
Bildirilir ki, hazırda "Şəki-İpək" ASC-nin baş müəssisəsində
yalnız Burucu sexi və Toxucu istehsalatı qismən fəaliyyətdədir. Bu
sex və istehsalatın yalnız noyabrın sonuna qədər işləyəcəyi
vurğulanır: "Şəki-İpək" ASC-nin baş müəssisəsindəki istehsalat və
sexlərin növbəti barama mövsümünə qədər işləməsi üçün 1 milyon
dollar dəyərində - təxminən 20-23 ton - quru baramanın satın alınıb
gətirilməsi lazım idi. Lakin 1 milyon dollar borc verən
tapılmadı".
"Şəki-İpək" ASC-nin Azərbaycan Beynəlxalq Bankına olan 46 milyon
manatlıq kreditlərinə gəlincə isə, o ötən il dondurulub: "Bu
kreditlər illik 14, 16, 17 faizlə götürülmüşdü. İndi "Şəki-İpək"
ASC-nin 46 milyon manat borcunun üstünə illik faiz gəlmir.
Oktyabrın 19-da hansısa məhkəmənin qərarı ilə isə "Şəki-İpək"
ASC-nin bankrot elan ediləcəyi gözlənilirdi. Məhkəmə keçirilib,
lakin qərarı ictimaiyyətə hələ açıqlanmayıb".