Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 6 dekabr
tarixində keçirilməsi nəzərdə tutulan yeni hərraca ümumilikdə 100
dövlət əmlakı çıxarılacaq.
Komitədən Axar.az-a verilən məlumata görə, əmlakların 26-sı
səhmdar cəmiyyəti, 50-si kiçik dövlət müəssisə və obyekti, 24-ü
nəqliyyat vasitəsidir. Əmlaklar barədə elanlar və ətraflı
məlumatlar Komitənin Özəlləşdirmə portalında (privatization.az) və
rəsmi internet səhifəsində yerləşdirilib.
Hərracda əmlak sahibi olmaq istəyən hər kəs iştirak edə bilər.
Bunun üçün komitənin elektron xidmətlər portalı vasitəsi ilə
sifariş verilməli və əmlakın satış qiymətinin 10%-i məbləğində beh
elektron və bank vasitəsilə ödənilməlidir. Elektron sifariş
hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir.
Hərraca çıxarılan 50 kiçik dövlət müəssisəsi və obyektlərindən
14-ü altındakı torpaq sahəsi ilə birlikdə özəlləşdirilməyə
çıxarılıb. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar
Bakının Nizami, Suraxanı, Sabunçu, Qaradağ, Xəzər, Binəqədi,
Pirallahı rayonları, Gəncə, Mingəçevir, Yevlax və Sumqayıt şəhəri,
habelə, Sabirabad, Saatlı, Hacıqabul, Neftçala, Balakən, Cəlilabad
və digər rayonlarda yerləşir. Belə ki, tikili və torpaq sahəsi ayrı
ayrılıqda qiymətləndirilib. Elanda həm torpaq sahəsinin, həm də
tikilinin ayrıca qiymətləri, habelə hər ikisinin birlikdə ümumi
ilkin satış qiyməti göstərilib. Hərraca çıxarılan istifadəsiz
qeyri-yaşayış sahələrinin isə hamısı paytaxtda yerləşir.
Hərraca torpaq sahəsi ilə birgə çıxarılan kiçik dövlət
müəssisələri sırasında ən yüksək hərrac qiymətinə təklif olunan
dövlət əmlakları Balakəndə yerləşən əmlak kompleksi və paytaxtın
Nizami rayonunda yerləşən "İstehsalat Texnoloji Komplektləşdirmə
İdarəsi" MMC-dir. Belə ki, bu əmlaklar müvafiq olaraq 1 milyon yüz
min manat və 1 milyon 75 min manat ilkin satış qiyməti ilə təklif
olunur. Balakəndəki əmlak kompleksinin sahəsi 89530 kv.m., Bakıdakı
"İstehsalat Texnoloji Komplektləşdirmə İdarəsi" MMC-nin torpaq
sahəsi isə 4129,4 kv.m.-dir.
Bu dəfəki hərracda 26 səhmdar cəmiyyətinin nəzarət səhm
paketinin 30-45 faizi özəlləşməyə çıxarılıb. Özəlləşdiriləcək
səhmdar cəmiyyətləri məişət, təmir-tikinti, sənaye, pambıqçılıq,
quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, istehsal, emal və s.
sahələrə aiddir. Belə iri müəssisələr sırasında "Ağsu Sənaye
İnşaat", "Lənkəran Mebel", "Sabirabad Mexanikləşdirmə", "Xəzər
Avtonəqliyyat", "Daşkəsən Aqrotexservis" kimi səhmdar cəmiyyətlər
var.
Qeyd edək ki, istənilən şəxs və ya media üzvü hərrac günü gəlib
hərracda məhdudiyyətsiz iştirak edərək prosesi izləyə bilər. Eyni
zamanda, hərrac zalındakı böyük monitorlar vasitəsilə respublikanın
digər şəhər və rayonlarında keçirilən hərraclar da canlı
izlənilir.
Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları,
sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər
bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.