Noyabrın 7-də Serbiyada Azərbaycan və Serbiya
hökumətləri arasında 2012-ci ildə imzalanmış Kredit Sazişinə uyğun
olaraq tikilmiş avtomobil magistralının Lyiq-Preljina hissəsinin
açılışı olub.
Axar.az xəbər verir ki, tədbirdə Azərbaycanın iqtisadiyyat
naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti də
iştirak edib.
Qeyd edək ki, layihənin reallaşdırılması üçün Azərbaycan
hökuməti tərəfindən Serbiyaya 300 milyon avro kredit ayrılıb. Ümumi
uzunluğu 40,3 kilometr olan yol 66 körpü və 4 tuneldən ibarətdir.
Layihənin baş podratçısı Azərbaycanın "AzVirt" şirkətidir.
Yolun girişində Azərbaycan-Serbiya dostluğunu və iqtisadi
əməkdaşlığını əks etdirən "Dostluq olan yerdə uzaq ölkə yoxdur. Bu
yol xalqlarımızı birləşdirən yoldur. Serbiya-Azərbaycan dostluğu
sarsılmazdır" sözlərinin yer aldığı lövhə yerləşdirilib.
Açılış mərasimində çıxış edən nazir Şahin Mustafayev
Azərbaycan-Serbiya əlaqələrinin strateji əməkdaşlığa, qarşılıqlı
dostluq və hörmət prinsiplərinə əsaslandığını qeyd edib. Bildirilib
ki, dövlət başçılarının qarşılıqlı səfərləri və bu səfərlər zamanı
aparılmış məhsuldar danışıqlar və imzalanmış sənədlər ölkələrimiz
arasında əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır. Azərbaycan
Respublikasının Prezidenti Serbiya ilə əməkdaşlığa böyük önəm
verir. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də uğurla
əməkdaşlıq edir, xüsusilə ərazi bütövlüyü və suverenlik
məsələlərində bir-birinin mövqeyini dəstəkləyir.
Vurğulanıb ki, Azərbaycan-Serbiya əlaqələrinin inkişafında
Hökumətlərarası Komissiyanın fəaliyyəti də əhəmiyyətlidir.
İndiyədək komissiyanın 4 iclası keçirilib və bu iclaslar
çərçivəsində əldə edilən razılıqlar iqtisadiyyatın müxtəlif
sahələrində, o cümlədən ticarət, sənaye, nəqliyyat, energetika,
kənd təsərrüfatı, rabitə və informasiya texnologiyaları, ətraf
mühit və s. sahələrdə əməkdaşlığın inkişafına əhəmiyyətli töhfə
verir.
Nazir Şahin Mustafayev ötən müddətdə ticarət, investisiya
sahələrində əhəmiyyətli işlərin görüldüyünü, biznes forum və s.
tədbirlərin keçirildiyini, Belqradda Serbiya-Azərbaycan
Ticarət-İqtisadi Palatasının fəaliyyətə başladığını qeyd edib.
Bildirilib ki, Azərbaycan və Serbiya ticarət əlaqələrinin inkişafı
üçün birgə müəssisələr yaratmaqla yeni bazarlara çıxa və işgüzar
əməkdaşlığı genişləndirə bilər. Bundan başqa, Azərbaycan şirkətləri
Serbiyada həyata keçirilən özəlləşdirmə prosesində, dövlət-özəl
tərəfdaşlığı əsasında infrastruktur layihələrinin icrasında iştirak
edə bilərlər.
Diqqətə çatdırılıb ki, ölkələrimiz arasında humanitar sahədə də
önəmli layihələr həyata keçirilib. Azərbaycan Mədəniyyət Mərkəzi
zəngin və qədim tarixə malik olan Azərbaycan və Serbiya xalqları
arasında körpü rolunu oynayır və humanitar sahədə əməkdaşlığımıza
öz töhfəsini verir. Azərbaycan hökumətinin və Heydər Əliyev
Fondunun dəstəyi ilə Serbiyada bir sıra sosial obyektlərin -
Belqradda "Taşmaydan" parkının, "Bayraqlı cami" məscidinin, Novi
Sad şəhərində "Müqəddəs Petki" kilsəsinin, Novi Pazarda Mədəniyyət
Mərkəzinin təmir-tikinti işləri həyata keçirilib. Bundan başqa,
Novi Sad şəhərində dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin
memorialı yaradılıb, Belqradın küçələrindən birinə Azərbaycanın
Xalq Şairi Bəxtiyar Vahabzadənin adı verilib.
Nazir Şahin Mustafayev qeyd edib ki, bu gün açılışı olan "11-ci
dəhliz" avtomagistralının Lyiq-Preljina hissəsi Azərbaycan-Serbiya
əməkdaşlığının gözəl nümunələrindəndir və yeni layihələr üçün
stimuldur.
Serbiyanın Baş naziri Aleksandr Vuçiç, Baş nazirin birinci
müavini, tikinti, nəqliyyat və infrastruktur naziri Zoran
Mixayloviç çıxışlarında layihənın Serbiya-Azərbaycan əlaqələrinin
inkişafında əhəmiyyətini vurğulayıblar. Onlar ölkələrimiz arasında
əməkdaşlığın inkişafına və bu gün açılışı olan avtomagistralın
tikintisinə göstərdiyi dəstəyə görə Azərbaycan Prezidentinə
təşəkkür ediblər.
Sonra Serbiyanın Baş naziri Aleksandr Vuçiç və Azərbaycanın
iqtisadiyyat naziri Şahin Mustafayev avtomobil magistralının
Lyiq-Preljina hissəsinin açılışını əks etdirən lenti kəsib və
xatirə lövhəsini açıblar.
Səfər çərçivəsində nümayəndə heyəti "Taşmaydan" parkında
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsini
ziyarət edib, önünə gül dəstələri düzüblər.
Serbiyaya səfər zamanı Azərbaycanın iqtisadiyyat naziri Şahin
Mustafayev bu ölkənin Baş nazirinin birinci müavini, tikinti,
nəqliyyat və infrastruktur naziri Zoran Mixayloviç və iqtisadiyyat
naziri Goran Knezeviçlə görüşüb. Görüşlərdə hər iki ölkədə
qarşılıqlı əlaqələrin inkişafına önəm verildiyi, Azərbaycan və
Serbiya arasında iqtisadi sahədə əməkdaşlığın uğurla davam etdiyi,
əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğu
vurğulanıb, əməkdaşlığın inkişafı imkanlarına dair müzakirələr
aparılıb.