Noyabrın 15-dən Ağsu rayon Mərkəzi Xəstəxanasına (RMX)
verilən elektrik enerjisi kəsilib.
Musavat.com
xəbər verir ki, yalnız 3 gündən sonra, yəni noyabrın 8-də
xəstəxananın elektrik enerjisinin verilişi bərpa olunub. İçərisində
22 dializ xəstəsi, əməliyyat olunmalı xəstələri və hətta küvesdə
yeni doğulan körpələri olan xəstəxanada dərhal generator sistemi
qoşulsa da, bu vəziyyət xəstəxana işçiləri, xəstələr və onların
yaxınları tərəfindən bir mənalı qarşılanmayıb.
Binası iyun ayında istifadəyə verilən Ağsu rayon Mərkəzi
Xəstəxanasının işıqlarının sönməsinə səbəb isə xəstəxananın
elektrik enerjisinə olan borcunu ödəməməsi olub. Səhiyyə
Nazirliyindən problemə səbəbin bir binadan digər binaya keçidin
olduğu bildirilib. Yeni bina böyük olduğu üçün orada elektrik
enerjisinin qənaəti nəzərə alınmayıb və kəsinti olub.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova
işıq kəsiləndən sonra dərhal generator qoşulduğu üçün hansısa bir
problem yaşanmadığını dedi: "İşıqlar sönən kimi daxili generatorlar
işə salınıb. Bu səbəbdən heç bir problem yaşanmayıb. İşıqlar gecə
sönüb, yəni hadisə əməliyyat və işıqla bağlı olan digər proseslər
getməyən zaman olub. Buna görə də xəstələrlə bağlı heç bir problem
yaşanmayıb. Hazırda da hər şey qaydasındadır".
Maraqlıdır, nəzərə alsaq ki, xəstəxananın işıqlarının sönməsi
bir çox ağır xəstələrinin həyatı bahasına başa gələ bilər, bir
dövlət qurumunun digər dövlət qurumu olan xəstəxananın borcu olsa
belə işıqlarını söndürməsi nə dərəcədə doğrudur?
Hüquqşünas Müzəffər Baxış bu vəziyyətdə qanun pozuntusunun
olmadığını dedi: "Azərişıq" hüquqi şəxsdir. Xəstəxana Səhiyyə
Nazirliyinə tabeliyində olan qurumdur. "Azərişıq"la həmin Ağsu
rayon Mərkəzi Xəstəxanası arasında elektrik enerjisinin təchizatı
barədə müqavilə var. Həmin müqavilənin şərtlərinə dəqiqliyi ilə
baxmaq lazımdır. Müqavilənin xüsusi Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 35 saylı Elektrik
enerjisindən istifadə qaydaları adlı qərarı var. Həmin qərarla da
müqavilənin tipik forması təsdiq olunur. O müqavilənin şərtlərinə
və həmin qərarın tələblərinə görə müqavilədə konkret göstərilir ki,
elektrik enerjisi verildikdən və ay tamam olandan sonra növbəti
ayın 5-ə kimi istehlak edilmiş elektrik enerjisinin pulu
ödənilməlidir. Əgər bu borc vaxtında ödənilməsə, həmin qərarın
tələblərinə görə "Azərişıq"ın müvafiq qurumları həmin istehlakçıya
xəbərdarlıq edir. Həmin xəbərdarlıqdan sonra da bir ay müddətində
istehlakçı istifadə etdiyi elektrik enerjisinin pulunu ödəməkdən
imtina edərsə, belə halda "Azərişıq"ın ixtiyarı var ki, o elektrik
təchizatını dayandırsın. Bu qüvvədə olan qanunvericiliyin
tələbləridir".
M.Baxış bildirdi ki, əvvəllər həyat təminatlı obyektlərin nə
qədər borcu olursa-olsun işıqlarını kəsmirdilər: "Xəstəxanalarda
bir qayda olaraq elektrik enerjisinə çox ciddi ehtiyac olur.
Əvvəllər həyatı əhəmiyyətli belə obyektlər olduğuna görə bir qayda
olaraq belə hallara yol verilmirdi. Görünür, indi bu məsələ elə
səviyyəyə çatıb ki, "Azərişıq" məcburiyyət qarşısında qalıb həmin
xəstəxananın elektrik təchizatını kəsib. Əslində bu sırf mülki
hüquqi münasibət olduğuna görə xəbərdarlıq şərtlərinə də əməl
edilibsə, burada qanunsuzluq yoxdur. Digər məsələ isə orada olan
xəstələrin həyatına təhlükə ola bilməsidir. Bunun üçün də
xəstəxananın özünün təminatları olmalıdır. Generatoru olmalıdır ki,
belə hallarda vəziyyətdən çıxa bilsin".