Azərbaycan və İran dəmiryolçularının sərhəddə - Astara
çayı üzərində tikilən körpüdə görüşü keçirilib.
"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibliyindən
Axar.az-a bildiriblər ki, bu qurumun sədri Cavid Qurbanovun
rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Astara stansiyasından
İran ilə dövlət sərhədinə qədər birxətli, uzunluğu 8,3 kilometr
olan dəmir yolunu ilk dəfə dizel qatarla qət edərək Astara çayı
üzərində tikilən körpüyə gəlib. İran İslam Respublikasının Dəmir
Yolunun baş direktoru Mohsen Purseyid Ağayinin rəhbərlik etdiyi
nümayəndə heyəti də körpünü keçərək Azərbaycan tərəfinə gəlib.
Səmimi dostluq şəraitində keçən görüşdə çıxış edən Cavid
Qurbanov bildirib ki, Avropa ilə Asiyanın qovuşuğunda yerləşən
Azərbaycanın nəqliyyat qurumları Şərq-Qərb və Şimal-Cənub
beynəlxalq nəqliyyat dəhlizlərində fəal rol oynayır. Azərbaycan
Prezidenti İlham Əliyev 2015-ci il dekabrın 7-də "Şimal-Cənub
Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının
ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında"
Sərəncam imzalayıb. Həmin Sərəncama uyğun olaraq, bu il aprelin
20-də Azərbaycan-İran dövlət sərhədində, Astara çayı üzərində dəmir
yolu körpüsünün təməli qoyulub. Həmçinin Astara stansiyasından İran
ilə dövlət sərhədinə qədər uzunluğu 8,3 kilometr olan birxətli
dəmir yolunun çəkilişinə başlanılıb. Artıq həmin dəmir yolu xətti
hazırdır. Bu yol boy 12 yoldəyişdirici qurğu, iki yerdə qorunan
keçid quraşdırılır. Astara çayı üzərindəki tikilən körpüdə 4 dayaq,
istinad divarları tikilib, körpünün üstü betonlanıb, məhəccərlər
qoyulub. Körpüdə son tamamlama işləri həyata keçirilir. Hazırda
tağların quraşdırılması prosesi gedir.
Sonra nümayəndə heyətləri İran tərəfdə tikintisi davam etdirilən
yük terminalına baxış keçirib, uzunluğu 1,3 kilometr olan yolun
torpaq yatağında görülən işlərlə maraqlanıblar.
Daha sonra Cavid Qurbanov İranın kütləvi informasiya vasitələri
nümayəndələrinin suallarını cavablandırıb.
Sonda görüş iştirakçıları Astara stansiyasından İran dövlət
sərhədinə qədər 8,3 kilometr uzunluğunda birxətli dəmir yoluna
baxış keçiriblər.
Mohsen Purseyid Ağayi Azərbaycan tərəfindən görülən işləri
yüksək qiymətləndirib.
Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi Şimali Avropanı
Cənub-Şərqi Asiya ilə birləşdirir. Proqnozlar göstərir ki, tam gücü
ilə fəaliyyət göstərəcəyi təqdirdə bu nəqliyyat dəhlizi Avropa
ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars
körfəzinə və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz
limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait
yaradacaq.