Noyabrın 10-da IDEA İctimai Birliyinin Sahibsiz
Heyvanlar üçün Qayğı Mərkəzinin açılışı olub.
Axar.az xəbər verir ki, açılış mərasimində Heydər Əliyev
Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və
rəhbəri Leyla Əliyeva iştirak edib.
Leyla Əliyeva mərkəzin tikintisinin müxtəlif mərhələlərini əks
etdirən fotostendlə tanış oldu.
Heydər Əliyev Fondunun vitse-prezidenti mərkəzin rəmzi açılışını
bildirən lenti kəsdi.
IDEA-nın Sahibsiz Heyvanlar üçün Qayğı Mərkəzinin təməli 2014-cü
ilin oktyabrında qoyulub. Mərkəz Bakı şəhərində və ətraf
ərazilərdəki sahibsiz heyvanların müayinə və müalicəsi, həmçinin
onların qısamüddətli sığınacağı üçün nəzərdə tutulub. Sığınacaq
kompleksi Avropa Azərbaycan Cəmiyyətinin dəstəyi ilə, digər
dövlətlərin təcrübəsindən istifadə olunmaqla tikilib.
Layihə-tikinti işlərinə Böyük Britaniyanın Heyvanlara qarşı
Qəddarlığın Aradan Qaldırılması üzrə Kral Cəmiyyətinin
mütəxəssisləri cəlb olunub. Burada sahibsiz heyvanlara peyvənd,
sterilizə və zəruri hallarda əməliyyat xidmətlərinin göstərilməsi
nəzərdə tutulur. Mərkəzdə tikilən 24 sığınacaq eyni vaxtda mindən
çox heyvanın yerləşdirilməsinə imkan verir. Hər sığınacağın yanında
gəzinti ərazisi də ayrılıb.
Leyla Əliyeva mərkəzlə tanışlıq zamanı xəstə heyvanların müalicə
və bərpa komplekslərinə baxdı. Mərkəzdə klinika və laboratoriyada
stasionar müayinə-müalicə aparılmaqla yanaşı, mobil təcili tibbi
yardım xidməti də var. Bundan əlavə, yaralı və yaxud peyvəndə
ehtiyacı olan sahibsiz heyvanların mərkəzə gətirilməsinə məsul
xüsusi qrup fəaliyyət göstərəcək. Mərkəzdə müalicə olunmuş sahibsiz
heyvanlar fərqləndirici çiplərlə təchiz olunacaq. Burada, həmçinin
ölkəmizdə ilk dəfə olaraq sahibsiz heyvanların elektron baza
sistemi yaradılacaq. Bu sistem heyvanların izlənilməsi və onların
vaxtında peyvənd olunmasına imkan verəcək. Uzunmüddətli müalicəyə
ehtiyacı olan heyvanlar xüsusi karantin korpuslarında bərpa prosesi
keçəcək. Mərkəzin fəaliyyəti baytarlıq sahəsində ixtisaslaşmış
mütəxəssislərin hazırlanmasına, həmçinin təcrübə mübadiləsinə də
imkan verəcək.
Burada yerləşən geniş konfrans zalında peşəkar veterinar
hazırlığı kursları və treninqləri təşkil ediləcək, sahibsiz
heyvanlara rəhmli münasibəti və onların himayəyə götürülməsini
təşviq etmək məqsədilə geniş ictimai maarifləndirmə tədbirləri
keçiriləcək. Bu baxımdan məktəblilərin mərkəzə səfərlərinin
təşkili, onların maarifləndirilməsi və mərkəzin ictimaiyyətə,
xüsusilə də könüllülərə açıq olması nəzərdə tutulur. Burada
himayəyə götürülməyə hazır heyvanların nümayiş olunduğu kompleks və
kiçik heyvan mehmanxanası da fəaliyyət göstərəcək. Mərkəzin
xidmətləri yalnız sahibsiz heyvanlar üçün məhdudlaşmır. Himayədə
olan heyvanların müalicə-müayinəsi və qısamüddətli gecələməsi üçün
də mərkəzə müraciət etmək olar.
Sonra Leyla Əliyeva müasir yem fabriki ilə tanış oldu. Fabrik
Azərbaycanda it və pişik qidasını hazırlayan ilk müəssisədir.
Fabrikin məhsulları beynəlxalq keyfiyyət tələblərinə cavab verməklə
yanaşı, sağlam qida məhsullarından hazırlanacaq.