Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Lənkəran şəhərində Gənclər Mərkəzinin açılışında gənclərlə
görüşündə deyib: "....çalışın Azərbaycanın hər bir yerində olun və
görün ki, doğrudan da Azərbaycan gözəl ölkədir".
Axar.az xəbər verir ki, dövlətimizin başçısının bu tövsiyəsinə
əsasən, Prezident Administrasiyasının təşkilatçılığı ilə 2014-cü il
avqustun 1-dən şəhər və rayon icra hakimiyyətləri tərəfindən
9-11-ci sinif şagirdləri üçün "Ölkəmizi tanıyaq" devizi altında
maarifləndirici tur-aksiyaların keçirilməsinə başlanılıb. Ötən
müddət ərzində 7 istiqamət üzrə (Bakı şəhəri, Naxçıvan Muxtar
Respublikası, Gəncə-Şəmkir-Göygöl,
Şamaxı-İsmayıllı-Qəbələ-Şəki-Zaqatala, Quba-Qusar-Xaçmaz,
Lənkəran-Masallı-Lerik-Astara,
Naftalan-Ağcabədi-Ağdam-Bərdə-Füzuli-Tərtər) 5 tur-aksiya təşkil
olunub. Ölkəmizin bütün bölgələrinin əhatə olunduğu bu
tur-aksiyalarda ümumilikdə 7135 nəfər iştirak edib.
Cari il noyabr ayının 12-15-də və 17-20-də həyata keçiriləcək
6-cı mərhələdə isə 4 istiqamət üzrə 76 şəhər və rayondan ümumilikdə
3120 nəfər iştirak edəcək. Bununla da "Ölkəmizi tanıyaq"
tur-aksiyalarında iştirak edənlərin sayı 10255 nəfər olacaq.
Layihənin əsas məqsədi gəncləri Azərbaycanın müxtəlif
bölgələrinin tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus
xüsusiyyətləri ilə yaxından tanış etmək, ümummilli lider Heydər
Əliyevin rəhbərliyi ilə müstəqillik illərində əldə olunan
nailiyyətlərin dərindən öyrənilməsinə nail olmaq, eyni zamanda,
Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə ölkəmizin hazırkı
dinamik sosial-iqtisadi inkişafını, gündən-günə abadlaşan şəhər və
rayonlarımızın müasir simasını göstərməkdir.
Aksiya çərçivəsində ölkə gəncləri Gəncə, Şəmkir, Göygöl,
Lənkəran, Astara, Masallı, Qəbələ, Şəki, Zaqatala, Quba, Qusar,
Xaçmazda qədim tarixi, mədəniyyət abidələri ilə tanış olacaq,
bölgələrimizin müasir simasını əks etdirən Heydər Əliyev
mərkəzlərinə, Bayraq meydanları və muzeylərinə, gənclər
mərkəzlərinə, rəsm qalereyalarına, Tarix-Diyarşünaslıq muzeylərinə,
istehsal və emal sənayelərinə baxış keçirəcək, park və xiyabanları
gəzəcək, qoruq və göllərə ekskursiya edəcəklər. Bu gəzintilər
ölkəmizin tarixini dərindən öyrənməklə yanaşı, gənclərimizə
ümummilli lider Heydər Əliyevin siyasi irsi, Ulu Öndərin rəhbərliyi
ilə milli dövlət quruculuğu sahəsində əldə olunmuş misilsiz
nailiyyətlərlə, Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin həyata keçirdiyi dinamik sosial-iqtisadi inkişaf və böyük
quruculuq işləri ilə hər bir şəhər və rayonun nümunəsində tanış
olmaq imkanı yaradacaq.
Gəncə-Göygöl-Şəmkir istiqaməti üzrə səfər edəcək gənclər Gəncə
şəhərində Cavadxan məqbərəsi, Cümə məscidi, Şah Abbas məscidi,
Çökək hamam, Xan bağı, Qədim Qala divarları, "İmamzadə" kompleksi,
Cömərdi Qəssab türbəsi, Nizami Gəncəvinin məqbərəsi, Amfiteatr,
Nizami Gəncəvi adına Mərkəz və Gəncə avtomobil zavoduna, Şəmkir
rayonunda "Orta əsr Şəmkir şəhəri", "Abidələr" parkı, Alman
kilsəsi, "İstiqlal" parkı və nəfis çörək zavoduna, Göygöl rayonunda
Alman kirxası, sonuncu alman Viktor Klaynın ev muzeyinə baxış
keçirəcək, Hacıkənd qəsəbəsinə və Göygöl milli parkına ekskursiya
edəcəklər.
Lənkəran-Astara-Masallı istiqaməti üzrə səfər edəcək
iştirakçılar Lənkəran rayonunda "Qoşa Qala" qapıları, Həzi
Aslanovun ev muzeyi, Dairəvi qala, Mayak binası, Hirkan Milli
Parkı, Xanbulan gölü, çay plantasiyaları, sitrus meyvə bağları ilə,
Astara rayonunda şəhər bulvarı, "Yanar Bulaq" və "Astaraçay" çay
fabriki ilə, Masallı rayonunda Tarix-Diyarşünaslıq Muzeyi, Uşaq
İncəsənət Məktəbi, Dövlət Rəmzləri Muzeyi, ASAN həyat kompleksi,
Viləşçay su anbarı ilə tanış olacaqlar.
Qəbələ-Şəki-Zaqatala istiqaməti üzrə səfər edən iştirakçılar
Qəbələ rayonunda Heydər Əliyev adına Konqres Mərkəzi, "Qəbələnd"
istirahət mərkəzi, "Beltmann" piano zavodu, "Tufandağ" xizəkçilik
kompleksi və Qəbələ konserv zavodu ilə tanış olacaq, Çuxur Qəbələ
tarix-mədəniyyət qoruğuna, Nohur gölünə, Vəndam şəlaləsinə,
udinlərin yaşadığı Nic kəndinə ekskursiyalar edəcəklər. Tur
çərçivəsində qonaqlar Şəki Dövlət tarix-memarlıq qoruğu, Şəki xan
sarayı, Yuxarı Karvansaray, Aşağı Karvansaray, Cümə məscidi və Kiş
kəndində yerləşən qədim Alban məbədi ilə tanış olacaq, sənətkarlar
məhəlləsinə ekskursiya edəcəklər. Zaqatala rayonunda Zaqatala
tarixi-mədəniyyət qoruğu, Dədə Qorqud Meydanı ilə tanış olacaq,
fındıq emalı müəssisəsinə baxış keçirəcəklər.
Quba-Qusar-Xaçmaz istiqamətində səfər edən iştirakçılar Quba
rayonunda Cümə məscidi, Quba Soyqırımı Memorial Kompleksi, Quba
xalçaçılıq emalatxanası, Tağlı Körpü, qolf meydançası ilə tanış
olacaq, Qırmızı qəsəbəyə, Xınalıq yolundakı şəlaləyə, Qusar
rayonunun Həzrə kəndindəki "Şeyx Cüneyd" türbəsinə və "Şahdağ"
qış-yay turizm kompleksinə, Xaçmaz rayonunda isə Xalça muzeyinə,
Şəxsiyyətlər muzeyinə və Çənlibel parkına ekskursiya edəcəklər.
Bu tur-aksiya çərçivəsində yeniyetmə və gənclərin asudə
vaxtlarını səmərəli və məzmunlu təşkil etmək üçün "Nə? Harada? Nə
zaman?" intellektual oyunları təşkil ediləcək, qaliblərə xatirə
hədiyyələri təqdim olunacaq. Tədbir çərçivəsində iştirakçılar
tərəfindən xüsusi hazırlanmış yerlərdə 3 mindən çox ağac
əkiləcək.