Milyonçuların həyatı illər
boyu maraq
doğurub. İstər pullarının miqdarı,
istərsə də qadınlarının çoxluğu əksəriyyəti qıcıqlandırıb. Onlara
paxıllıq edib yerlərində olmaq istəyənlərin sayı da az
olmayıb.
Hacı Zeynalabdin Tağıyevin bilinməyən tərəfləri haqqında
qeydlərə ingilis yazıçısı O`Nilin əsərlərinin birində rast
gəlinir.
H.Z.Tağıyev təbiətən az danışan adam olub. Özü haqqında
danışmağı isə ümumiyyətlə, xoşlamayıb. Bu xüsusiyyət onun
təbiətindən və bir o qədər də təvazökarlığından irəli gəlirdi. Dahi
şəxsiyyətin özünəməxsus xüsusiyyətlərinə əcnəbi, əsasən də ingilis
jurnalist və yazıçıların bələd olmasının səbəbi isə o vaxtlar
Bakıya tez-tez qonaq gələn jurnalistləri Tağıyevin şəxsən özünün
qonaq etməsi idi. Onun bu səmimiyyətindən istifadə edən
jurnalistlər isə müxtəlif mövzulardan söz açar və beləliklə də
oxucu üçün nisbətən az tanış olan məqamlardan özləri üçün qeydlər
aparardılar.
Sərvətimə görə burjua, qəlbimə görə
fəhləyəm
Özü haqqında danışmağı sevməyən milyonçu peşəkar əcnəbi
jurnalistlərin sözgəlişi atmacalarına cavab verməklə bəzi sirlərini
etiraf etmək məcburiyyətində qalıb. İngilis jurnalistin
suallarından yaxa qurtarmaq üçün "Mən şöhrətdən, puldan və gözəl
qadınlardan heç vaxt korluq çəkməmişəm" deyən Hacı bir cümlə ilə
özünü ifadə edib. "Onlardan hansı sizi birinci tapıb?" – sualına,
"qadınlar", - deyə cavab verib. "Bəs həyatda bu 3 nemətdən hansına
daha çox üstünlük verirsiniz?" - sualının cavabında isə yenə də
"gözəl qadınlara", - deyib. "Mən sərvətimin miqdarına görə burjua
nümayəndəsi, qəlbimə görə isə fəhləyəm. Fəhlə vicdanı isə məni
həmişə sadə xalqa tərəf çəkir".
Bu fikirlərin də müəllifi Zeynalabdin bəy olub. Varlı və əcnəbi
qadınlar onunla "eşq macərası" yaşamağa can atsalar da, dahi
şəxsiyyət kasıb, ehtiyac içində yaşayan qadınlara daha çox üstünlük
verib.
Mən sizi Herakl kimi nəhəng təsəvvür
edirdim
O vaxtlar Qafqaz canişini Vorontsovun arvadı Liza Qriqoryevna
Tiflis şəhərindəki rəfiqələri ilə tez-tez görüşürmüş. Görüşlərin
birində Tağıyevə yaxşı bələd olan gürcü xanımları Lizaya Hacının
"kişilik" keyfiyyətlərindən o qədər danışırlar ki, xanımda ona
qarşı istək yaranır. Rəfiqələrindən Tağıyevlə görüş yaratmaq imkanı
xahiş edir. Hətta bu görüşün mütləq alınması üçün rəfiqələrinə
yaxşıca pul da verir. Rəfiqələri Tağıyevlə Lizanı park gəzintisində
görüşdürürlər. Görüş Liza xanımın təsəvvür etdiyindən də gözəl
alınır. O, elə ilk söhbətdən Tağıyevə vurulur. Beləliklə, Tağıyev
və Liza arasında qısa eşq macərası yaşanır...
III Aleksandrın xanımı Sofiya
Bu qısamüddətli eşq çar sarayına, III Aleksandrın xanımı Sofiya
Avqustanın qulağına da çatır. Xatırladaq ki, Sofiya Avqusta
Danimarka kralının qızı idi. O, əri III Aleksandrı Bakıya səfərə
çıxmağa razı salır ki, gəlib Tağıyevi görsün. Sofiya xanımın ərinə
bəhanəsi isə Bakıda tikilməsini istədiyi kilsə olur. 1888-ci ilin
oktyabr ayında III Aleksandr Sofiya xanımla birlikdə Bakıya gəlib,
sözügedən kilsə isə həqiqətən tikilib.
Bundan sonra Tağıyevlə III Aleksandr və xanımı Sofiya arasında
görüş də olub. Görüşdən sonra Sofiya ilə Hacı təkbətək söhbət edir.
Sözə ilk başlayan Sofiya xanım "Mən sizi Herakl kimi nəhəng
təsəvvür edirdim, lakın siz kubar xanımların mübaliğəli
təriflərinin müqabilində olduqca adi adama oxşayırsınız", - deyir.
Tağıyev isə "Bəli xanım, Allah hər kəsə bir cür qabiliyyət verir,
kimisinin boyu ucadır, kimisinin də səsi" deməklə danimarkalıların
ucaboylu olmasına, III Aleksandrın isə gur səsinə işarə edir.
Beləliklə, həmin söhbətdən sonra A.Sofiya xanımla Tağıyev
arasında III Aleksandrdan gizli "eşq" macərası yaşanır. H.Z.Tağıyev
özünün nadir enerjisi və lütfkarlığı ilə yaşının bütün dövrlərində
qadınların sevimlisi olub. Onu qadınlara sevdirən əsas xüsusiyyəti
digər milyonçu kişilər kimi simic olmaması, əksinə, son dərəcə
diqqətciliyi və əliaçıqlığı idi. Ona üz tutan qadınların heç birini
heç vaxt (tanıdı-tanımadı) naümid qoymayıb. Onların istər maddi,
istərsə də mənəvi tələbatlarını əsl kişi səxavəti ilə ödəyib.
Bakıda milyonçuların çox olduğu bir vaxtda əksər milyonçular
xaçpərəst xanımlarla, xüsusilə rus, erməni, gürcü, polyak, alman
xanımları ilə vaxt keçirib, onları zinət içərisində saxlamağı
özlərinə fəxr bilirdilər. Əcnəbi qadınları məst etməkdə
bir-biriləri ilə yarışanlar da var idi. Lakin Tağıyev belələrindən
deyildi.
"Eleqan De Parti" ətri
Tağıyevin təkcə Bakıda deyil, Moskvada, Peterburqda, Berlində və
Parisdə çoxlu qadın pərəstişkarları olub. Paris xanımları Tağıyevin
Parisə gəlişini xüsusi qeyd edirdilər. Hacı da öz növbəsində elə
sözügedən qadınlara qarşı münasibətdə laqeyd olmayıb. O, qadınların
elədikləri hərəkətləri səmimi qəbul edərək onları yüksək
dəyərləndirib. "Könülləri xoş olsun" deyə o vaxt Parisdə ən bahalı,
ən gözəl fransız ətri olan "Eleqan De Parti"ni hədiyyə edərdi. O
vaxtlar bir çox qadınlar mağazanı bəzəyən bu ətirə həsrətlə
baxardılar.
Tağıyev özü də o ətrin qoxusunu çox bəyənirdi. Hətta öz
faytonçusuna belə bir tapşırıq da verir ki, səhər saat 9-da onun
ardınca gələndə atların boyunlarına və quyruqlarına da sözügedən
ətirdən vursun. Faytonçu da öz növbəsində verilən tapşırığa
canla-başla əməl edirdi. Elə bu səbəbdən də Tağıyev keçən
küçələrdən bir müddət məstedici "Eleqan De Parti" ətrinin xoş
qoxusu gələrdi. Bu səbəbdən də hər bir adam Tağıyevin bu gün hansı
küçələrdən keçib, hara gedib-gəldiyini bilirdi. Onu da xatırladaq
ki, Tağıyev çox dəqiq adam olduğundan camaat saatını onun
faytonunun gəlmə vaxtı ilə düzəldərmiş.
101 yaşlı 8 övlad sahibi
Mal-mülkünə və əsl kişiliyinə görə Tağıyev gözəl qadınlardan heç
vaxt korluq çəkməyib. Amma milyonçunun başı qadınlara və puluna
qarışdığından evlənmək yadına bir qədər gec düşür və 42 yaşında
evlənmək qərarına gəlir. Tağıyevin ilk həyat yoldaşı öz doğma əmisi
qızı Zeynəb olub. Bu izdivacdan İsmayıl, Sadıq və Xanım dünyaya
gəlir. İkinci dəfə isə nə az, nə çox - düz 73 yaşında evlənib.
İkinci həyat yoldaşı General Ərəblinskinin 21 yaşlı qızı Sona xanım
olub.
Belə nəql edilir ki, 73 yaşlı Tağıyevin Ərəblinskinin gənc
qızına gözü düşür. Qızı ilə evlənmək istədiyini generala bildirəndə
Ərəblinski imtina etmir. Lakin bildirir ki, qızının razılığı
olmadan "hə" deyə bilməz. Tağıyev generalın qızı Sona xanımla
təklikdə söhbət edib ona evlənmə təklif edir. Ərəblinski düşünürdü
ki, 21 yaşlı qız 73 yaşlı kişi ilə heç vaxt ailə qurmaq istəməz.
Lakin Hacı ilə söhbətdən sonra Sona tezliklə evlənmək istədiyini
ailəsinə bildirir. Xanımların könlünü almaqda peşəkar olan milyonçu
Sona xanıma nə demişdisə, xanım onunla evlənməyə qərar vermişdi. Bu
evlilikdən Leyla, Sara, Sürəyya, Məhəmməd, İlyas adlı uşaqlar
dünyaya gəlib. Hacı Sona xanımla 101 yaşına kimi yaşayıb.
Onun ayağı bildiyini mənim başım bilmir
Bir gün Axund Hacı Turab Tağıyev üçün üçün Quranın Yasin
surəsini, oxuyub tərcümə edir. 82-ci ayəyə, yəni "Allah bir şeyə
iradə eləsə, ona "Ol!" deyər, o da dərhal olar" çatanda, Hacı
soruşur ki, yəni mənim bu qədər var-dövlətim var. Allah istəsə, bir
anın içində əlimdən alar? Axund cavab verir ki, bəli!"
Azərbaycanda Sovet hakimiyyətinin qurulması ilə demək olar ki,
bütün sərvəti əlindən alınan Hacı vəsiyyət edir ki, öləndə onu Hacı
Turabın ayağının altında dəfn etsinlər.
Bu barədə başqa bir rəvayətdə isə belə deyilir: Bir dəfə Hacı
faytonda gedərkən sınıq bir arabaya minən Axund Hacı Turabla üzbəüz
gəlir. Tez faytonu saxlatdırıb, onu Hacı Turaba bağışlamaq istəyir.
Hacı Turab faytonu almır və deyir: "Təşəkkür edirəm, mən nəyim
varsa onunla kifayətlənirəm. Verdiklərinə görə də ilahiyə
minnətdaram. Hər şey – varlını da bir anda dilənçiyə çevirə bilən
Allahın əlindədir".
Hacı Zeynalabdin o vaxt önəm verməsə də, hər şeyi əlindən
alınandan sonra bu uzaqgörən kişinin sözlərini xatırlamamış
deyildi. Ona görə də vəsiyyət edir ki, məni onun ayağı altında
basdırın – "Onun ayağı bildiyini mənim başım bilmir".
Dəfn mərasimində 44 dildə ağı
Tağıyev 1924-cü ildə 101 yaşında vəfat edib. Onu Mərdəkanda dəfn
ediblər. Zeynalabdini son mənzilə yola salan izdihamın içərisində
qadınlar kişilərdən iki dəfə çox olub. Hərçənd ki, müsəlman adətinə
görə cənazəni qadınların müşayiət etməsinə icazə yoxdur. Lakin
mollaların müqavimətinə baxmayaraq, qadınların çoxluğu şəriətin
qanunlarına belə üstün gəlib. Deyilənlərə görə, Hacı dəfn olunarkən
Pir Həsən Məqbərəsində ona 44 dildə ağı deyilib. Bakı çoxmillətli
şəhər olduğundan, burada hər cür millətə rast gəlmək olardı və
üstəlik, Tağıyevin dəfninə əcnəbi qadınlar da gəlib. Hacı o vaxtın
ən ideal kişisi idi və bunu qadınlar 101 yaşlı qocanın dəfn
mərasimində bir daha öz göz yaşları ilə sübut etdilər.