Murad Köhnəqəla ilə müsahibə
- Salam, Murad bəy,
məlumat aldıq ki, artıq Bakıdasınız. Xoş gəlmisiniz. Niyə
qayıtdınız?
- Salam. Hə, gəlmişəm. Düzü, yaman darıxdım. Əslində, mən cavan
vaxtı çox olmuşam xaricdə, Rusiyada yaşamışam. Onda heç demək olar
ki, darıxmırdım. Bəlkə, yaşla əlaqədardır, bilmirəm. Amma bu dəfə
həqiqətən çox darıxdım. Mən orda sığınacaq istəmişəm, "özünü təhvil
verib" – deyirlər onlar. Birinci intervü oldu, "mən nə üçün
gəlmişəm?" – bunu izah etməliydim. Xeyli danışdıq, hardasa,
üçsaatlıq, yarısı qaldı gələn dəfəyə. Hardasa 3-4 ay keçmişdi. Mənə
sığınacaq vermək istəyirdilər. Stokholmu gəzdim, şəraiti, adamları,
mühiti öyrəndim, nəsə ürəyim sıxıldı.
- Bizim mühit daha ürəyinizcədir?
- İnan ki, nəsə, Avropa ürəyimə yatmadı. Çox darıxdım.
- Demək, öz təşəbbüsünüz olub gəlmək, o tərəf sığınacaq
verməkdən imtina etməyib?
- Sadəcə, darıxdığım insanlar vardı, onlar çəkdi məni.
- Birdəfəlik gəlmisiniz, yoxsa, yenə getməyi
planlaşdırırsınız?
- Birdəfəlik gəlmişəm.
- Gələn kimi ilk olaraq hara getdiniz?
- Məni onlar yola saldılar. Ərizə yazdım – ona "STOP" deyirlər.
Yəni bu ərizəylə bütün prosesi dayandırırsan. Orda ərəblər çox idi,
başqa millətlər də var idi. Hamısı ölürdü Avropada qalmaq üçün.
Məəttəl qalmışdılar mənim qayıtmaq istəyimə. Belarus, əfqan uşaqlar
var idi, hamısı deyirdi, dəlisən sən. Bu boyda prosesdən keçmisən,
götürürlər səni, hara gedirsən? "STOP" verəndən sonra mənə dedilər
ki, pasportun varsa ... Orda pasportu gizlətmişdik. Qaçaq yolla
gəldiyimizi demişdik. Dedim, var Stokholmdadı, dostumun evində. Biz
bir az mərkəzdən uzaqda – düşərgədə qalırdıq. "Düşərgə" deyəndə,
yataqxanalar kimi yox da, üçmərtəbəli otel idi. Kafesi vardı, gündə
üç dəfə yemək verirdilər. Poçt qutuları var. Hər şeyi poçtla
göndərirlər.
- Mən eşitmişdim ki, düşərgədə yaşayanlara şəhərə getmək
qadağandır.
- Mən də eşitmişdim. Hətta mənə getməmişdən qabaq demişdilər ki,
bəzi düşərgələrin qapısında polislər dayanır, qoymurlar kənara
çıxmağa. Bizdə elə deyildi. İstədiyimiz vaxt rahat, hər yerə gedə
bilirdik. Nə isə, mənə dedilər ki, pasportu verəndən sonra məktub
yazacağıq. Mən də gözlədim, məktub gəldi ki, "Gəl". Getdim
miqrasiya mərkəzinə. Dedilər ki, səni birisigün yola salırıq. Amma
məktub gələnə kimi bir həftə çəkdi. O bir həftə az qalırdı bağrım
çatlaya – beynimdə getmək vardı deyə... Stokholm aeroportuna bir
gün əvvəl gəldim. Dedim, birdən gecikərəm. Stokholmdan İstanbula,
İstanbuldan Bakı reysi ilə uçdum.
Bir gün aeroportda qaldım. Orda azərbaycanlılardan mənə "dost",
"qardaş" deyənlərdən heç biri gəlmədi. Bir ləzgi oğlan vardı, o
yola saldı.
- Kimlərdən ki umurdunuz, gəlmədi, kimlər idi
onlar?
- Adlarını demək istəmirəm. Özləri bilir.
- Bir də dediniz ki, sizi vətənə çəkən adamlar var idi.
Kimlərdir – dost, tanış, sevgili?
- Yox, ad çəkmək istəmirəm. Amma məsələn, Tahir Kazımlı, Salam
Sarvan, Aqşin Yenisey, nə bilim, dostlar vardı ki, onlarçün
darıxmışam.
- Həmişə vətəndə.
- Təşəkkür edirəm, var olun ("1937.az").