Kinosevərlərin çoxdan gözlədiyi "Nuh" filmi artıq bir
müddətdir Bakı kinoteatrlarında nümayiş olunur.
Aronofskinin rejissorluğu ilə ərsəyə gələn bu Hollivud filmi
olduqca uğurlu alınıb. Təkcə aktyorların möhtəşəm ifası və Rassel
Krou, Cennifer Konelli, Emma Uotson və möhtəşəm Entoni Hopkins kimi
ulduz heyətinə görə kinonu izləməyə dəyər. "Nuh"da qrafika
həddindədir və tamaşaçını qıcıqlandırmır. Klint Mensellin möhtəşəm
musiqisi isə bütün filmi daha da baxımlı edib.
Amma dindən bir balaca anlayışı olan və Nuh peyğəmbər haqqında
məlumatı olanlar filmi izlədikdə dəhşətə gəlir. Çünki Nuh peyğəmbər
filmdə təmamilə peyğəmbərlərə yaraşmayan tərəfdən təqdim edilib.
Peyğəmbərdən bəhs edən filmin ssenarisi yazılarkən heç bir dini
qaynaqdan istifadə edilmədiyi açıq-aydın görünür. Filmdə Nuh
tufanı, Nuh peygəmbərin insanları dinə dəvət etməsi və s.
detalların heç biri yer almayıb. Əksinə, Nuh peyğəmbər tamaşaçıya
sərxoş vəziyyətdə təqdim edilir. Filmin sonunda Nuh üzüm şərabı
içir və bir müddət sərxoş kimi yaşayır. Bütün səmavi dinlərdə şərab
haram oldugu halda, filmdə peygəmbərə şərab içirilməsinə və onun
sərxoş kimi qələmə verilməsinə nə ad qoymaq olar?
Elmi-dini məqalələri ilə tanınan gənc yazar Aysel Əlizadə "Nuh"
filmini dinə əks təbliğat olduğunu deyir: "Bu filmi böyük
səbrsizliklə gözləyirdim. İizlədim və dəhşətə gəldim. Filmin
ssenarisi nə Bibliyidan, nə də Qurandan, heç bir dini qaynaqdan
götürülməyib. Ssenarist özünün dar ağlı ilə bir film çəkib adını
isə "Nuh" qoyub. Din adına təlqin edilənlərə baxın. Yer üzündəki
canlıların hamısı təkhüceyrəli bir canlıdan əmələ gəlib və
nəhayətində meymunlar da ilk insanlar olan Adəm və Həvvaya
çevrilirlər. Dolayısı ilə insan meymundan əmələ gəlib. Bu darvinizm
və təkamül nəzəriyyəsinin fərziyyəsidir, dinlə əlaqəsi yoxdur. Əgər
canlılar tək hüceyrədən əmələ gəlmişdilərsə, niyə hz.Nuh o
böyüklükdə gəmi düzəldirdi ki? Nuh peygəmbər filmdə özünə sığınan
birinə köməklik etmir. Halbuki ayədə "Biz Nuhu öz xalqına (elçi)
göndərdik. O, dedi: "Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan
başqa ilahınız yoxdur. Mən sizə üz verəcək Böyük günün əzabından
qorxuram". Hz.Nuh zatən insanları xilas etməyə çalışırdı. Amma
"Kafirlər onu yalançı hesab etdilər. Biz onu və onunla birlikdə
gəmidə olanları xilas etdik". Filmdə Nuh peyğəmbər qız uşaqlarını
öldürmək qərarı alır. Tarixdə heç bir peygəmbər ovladını
öldürməyib, üstəlik qız uşaqlarını. Qız övlada aid necə gözəl
hədislər vardır. Həzrəti Məhəmmədə qədər qız uşaqlarını öldürən
ərəblərə Peyğəmbərimiz qadının ucalığını göstərib. Quranda Məryəm
surəsi vardir və Allah Məryəmlə Fironun xanımı Asyanı bütün
qadınlara örnək kimi misal çəkir."
Filmdəki səhvlərdən biri də budur: adam gəmiyə düşəcək qədər
böyük bir dəlik açır və maraqlıdır ki, o dəlikdən içəri su dolmur.
Bu detal da rejissorların nəzərindən qaçıb.
Çox qəribədir ki, bu Hollivud filmi Azərbaycandan əvvəl 100
milyona yaxın müsəlmanın yaşadığı Türkiyədə nümayiş edilib. "Nuh"
filminin türk tamaşaçıda hansı təəssüratları yaratdığından, onların
reaksiyalarından xəbərimiz yoxdu. Amma yaxşı olardı ki, "Nuh"
filmini izləyən azərbaycanlı kinoşünasların, din xadimlərinin
münasibətini öyrənmək pis olmazdı. Çünki insanlığa nümunə olan
peyğəmbərlərin bu şəkildə təqdimatının hansı məqsədlər güdüldüyünü
bilmək çox maraqlı olardı... ("AzNews.az").