Bu gün Mehdiabad qəsəbəsində "Şəhidlər parkı" təmir bərpa olunaraq qəsəbə sakinlərinin ixtiyarına verilib.
Axar.az xəbər verir ki, Rayon İcra Hakimiyyətinin başçısı, rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və qəsəbə sakinləri mərasimdə iştirak ediblər.
Daha sonra icra başçısı İradə Gülməmmədova Mehdiabad qəsəbə sakinləri ilə görüş keçirib.
İ.Gülməmmədova çıxışında Mehdiabad qəsəbə sakinləri ilə rəhbərlik etdiyi bir il dörd ayda bir neçə dəfə görüşdüyünü, həmin görüşlərdə qaldırılan məsələlərin – qəsəbədə yeni məktəb və bağça binasının tikintisi, məhəllə arası yolların asfaltlaşdırılması, əhalinin su, elektrik enerjisi və təbii qazla fasiləsiz təmin olunması sahəsində mühüm işlər görüldüyünü və bu istiqamətdə işlərin davam etdiriləcəyini diqqətə çatdırıb.
Mehdiabad sakinləri başçıya onları narahat edən məsələlərlə bağlı təkliflərini veriblər. Təkliflər sırasında Mehdiabad qəsəbəsində uşaq bağçasının tikintisi, məktəb yaxınlığında şagirdlərin təhlükəsizliyini təmin etmək məqsədilə yol keçidlərinin və səkilərin düzəldilməsi, qeyri-qanuni tikintilərə nəzarət, küçə ticarətinə qarşı mübarizə, məhəllə komitələrinin yaradılması, bələdiyyələr tərəfindən vaxtında vergilərin toplanması, ərazinin yollarının abadlaşdırılması və digər məsələlər olub.
Görüşdə sakinlər tərəfindən qaldırılan məsələlərin mümkünləri yerindəcə həll edilib, müəyyən vaxt və vəsait tələb edən digər məsələlərin həlli istiqamətində isə aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verilib.
Qeyd edək ki, 40 mindən çox əhalinin yaşadığı Mehdiabad qəsəbəsində müasir tipli tibb məntəqəsi, 4 ümumtəhsil məktəbi, 1 uşaq bağçası, mədəniyyət evi, kitabxana, ATS , 2 poçt və sairə obyektlər fəaliyyət göstərir.