"Biz dəfələrlə demişik ki, halallıq sertifikatını
verməklə bağlı məsələlərdə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ilə
əməkdaşlıq etməyə hazırıq".
Bunu "Axar.az"a QMİ-də halallıq zəmanətinin verilməsi ilə bağlı
yaradılan xüsusi işçi qrupunun fəaliyyətinə münasibət bildirən
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin
mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bildirib:
"Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi
beynəlxalq qaydalara əsasən standarta uyğunluq sertifikatı verir.
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) qaydaları da buna icazə verir.
Təbii ki, standarta uyğunluq sertifikatını laboratoriyada aparılan
yoxlamaların nəticəsinə əsasən veririk. Biz dəfələrlə demişik ki,
halallıq sertifikatını verməklə bağlı məsələlərdə Qafqaz
Müsəlmanları İdarəsi (QMİ) ilə əməkdaşlıq etməyə hazırıq. Bu
prosesdə QMİ-nin işi ancaq heyvan kəsimi mərhələsi ilə məhdudlaşır.
Qalan məsələlər Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət
Komitəsinin öhdəliyinə düşür. Mən bilmirəm onlar hansı qurumu
yaradırlar və məhsulun standarta uyğun olub-olmadığını necə
yoxlayacaqlar; onların laboratoriyası var, ya yox?!"
QMİ sədrinin müavini Fuad Nurullah isə məsələyə münasibət
bildirmək istəmədiyini dedi: "Bu işlərə mətbuat xidmətinin rəhbəri
Rəhimə xanım baxır. Onunla danışın, mən bu barədə heç nə deyə
bilmərəm".
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri
Rəhimə Dadaşova ilə əlaqə yaratmaq cəhdlərimiz təəssüf ki, baş
tutmadı.
Xatırladaq ki, aprelin 17-də QMİ-nin iclası keçirilib və iclasda
son zamanlar əsas müzakirə obyekti olan halallıq zəmanətinin
verilməsi məsələləri müzakirə edilib. Qurum bildirir ki, halallıq
sırf şəri səciyyə daşıyan məfhum olduğundan, bununla bağlı dini
mərkəzin rəyi vacibdir və Azərbaycan dindarlarının çoxsaylı
müraciətlərində yer alan narahatlığın aradan qaldırılması QMİ-nin
Nizamnaməsi ilə təsbit edilmiş vəzifəsidir. QMİ indiyədək yalnız
"SAB" şirkətinin məhsullarına halallıqla bağlı zəmanətin
verildiyini deyir. Qurum halallıq zəmanətinin verilməsi ilə
əlaqədar QMİ nəzdində din xadimlərindən ibarət xüsusi işçi qrupu
yaradıb.
Amma QMİ-dən fərqli olaraq Standartlaşdırma, Metrologiya və
Patent üzrə Dövlət Komitəsi 4 quruma halallıq sertifikatının
verdiyini deyir.