Çingiz Qənizadə: "QHT-lərin ermənilərlə əməkdaşlığı
düşmən ölkəyə maliyyə daxil olmasına səbəb olur"
Məlum olduğu kimi, aprelin 28-də Sülh və Demokratiya
İnstitutunun direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunus
paytaxtın hava limanında saxlanılıb, ifadə alınması üçün Baş
Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə gətirilib.
Leyla Yunusdan aprelin 19-də həbs olunmuş jurnalist Rauf
Mirqədirovla bağlı ifadə alınıb. Ancaq Leyla Yunus bütün bunları
özünü mövqeyi və fəaliyyəti ilə əlaqələndirib. Bu mövzuda Milli
Məclisin deputatı və hüquq müdafiəçisi Çingiz Qənizadə ilə
söhbətləşdik.
- Çingiz bəy, aprelin 28-də Sülh və Demokratiya
İnstitutunun direktoru Leyla Yunusla bağlı yaşanan hadisəni necə
qiymətləndirirsiniz?
- Əvvəla, mən hadisə zamanı videogörüntülərdə Leyla Yunusun
hərəkətlərini gördüm. Heç bir Azərbaycan qadınına yaraşmayan
davranış nümayiş etdirdi. Mən xüsusilə qeyd etmək istəyirəm ki,
Leyla Yunusun yerə atdığı polis papağının üzərində Azərbaycanın
gerbi, gerbin üzərində ay-ulduzu var. Leyla Yunus bu hərəkəti ilə
polis papağını deyil, Azərbaycanın dövlət gerbini atmış oldu. Eyni
zamanda mən polisin təmkinli davranışını da qeyd etmək istəyirəm.
Sağ olsunlar ki, Leyla Yunusun təxribatına getmədilər. Leyla Yunus
istəyirdi ki, polis ona əl qaldırsın, onu vursun. Leyla Yunus şou
düzəltməyi bacaran adamdır. O, bu cür situasiyalardan hər zaman öz
xeyrinə bəhrələnə bilir. Əslində həmin situasiyada Leyla Yunus
az-çox nəyəsə nail ola bilsə də, istədiyinə maksimum nail ola
bilmədi. Həm Yasamal Polis İdarəsinin rəisi, həm videoda görünən
polis zabiti özünü təmkinli apardı və nəticədə təxribat Leyla
Yunusun arzusuna uyğun gerçəkləşə bilmədi.
- Aprelin 28-də Baş Prokurorluqda məsələnin mahiyyəti
barədə açıqlama verib. Bir hüquqşünas kimi bunu necə
dəyərləndirirsiniz?
- Baş Prokurorluq dəfələrlə onları şahid qismində istintaqa
dəvət edib. Daha sonra telefonla müraciət ediblər. Amma Leyla Yunus
istintaqa gəlməkdən imtina edib. İmtina etməkdə əsas məqsəd də son
nəticədə müşahidə etdiyimizin şounun yaranmasını təmin etmək idi.
İstintaq orqanları da haqlı olaraq onun ölkədən çıxışına
məhdudiyyət qoya bilərdi və qoyub da.
Leyla Yunus şahid qismində istintaqa çağırılıb, dindirilib və
sonra da sərbəst buraxılıb. İndi gələcəkdə nələr baş verəcəksə,
bizdə buna münasibətimizi ifadə edəcəyik. Əslində Leyla Yunus
həmişə deyirdi ki, hamı qanun qarşısında bərabər olmalıdır. Ancaq
bu gün qanun bərabərliyini onun özünə tətbiq edəndə bundan şou
düzəldir, sui-istifadə edir, özünün əzabkeş hüquq müdafiəçisi
obrazını yaradır. Hesab edirəm ki, bu cür yanaşmalar və şoular
məntiqsizdir.
- Siz hüquqşünassınız. Ermənistana gedib-gəlmək,
ermənilərlə iş birliyində olmaq nə dərəcədə doğrudur?
- Bilirsinizmi, mən özüm də QHT rəhbəriyəm. Gürcüstanda,
Rusiyada, eləcə də Avropa ölkələrində müəyyən tədbirlərdə oluram.
Bu tədbirlərdə ermənilər də iştirak edir. Bəzən görürsən ki,
ikitərəfli məsələnin müzakirəsi üçün başqa dövlətlər vasitəçilik
edirlər, deyirlər ki, oturun müzakirə edin. Amma Qarabağ problemi
yaranan gündən indiyə qədər özüm üçün bir deviz seçmişəm: o erməni
ilə bir masa arxasında oturub müzakirə apara bilərəm ki, həmin
erməni Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu görüşdən öncə
rəsmən elan etsin.
Belə olmadığı halda, əksinə torpağımıza iddialı və məkrli
olduğunu deyən hər hansı bir erməni ilə əməkdaşlıq, "xalq
diplomatiyası" adı altında layihələr reallaşdırmaq, Ermənistana
gedib-gəlmək kimi tədbirlərdə iştirak etməyi doğru hesab etmirəm.
Həm də hesab edirəm ki, bu cür tədbirlərdə iştirak etmək gəzinti
xatirinə və layihələrdən mənfəət əldə etmək naminə edilən
hərəkətlərdir. Prezident neçə illərdir dünyanı ayağa qaldırıb,
Azərbaycanın ərazi bütövlüyünü tanınmasını və işğalçını öz adı ilə
çağırılmasını istəyib. Ancaq görürsünüz ki, bu məsələdə ikili
standart özünü açıq göstərir.
Necə olur ki, Krım hadisələri zamanı bütün dünya dərhal Rusiyaya
sanksiyalar tətbiq edə bilir, amma 20 ildən artıqdır ki, ATƏT-in
Minsk qrupu fəaliyyət göstərsə də, Ermənistanı işğalçı adı ilə
çağırmaqdan qorxur? Əgər bu cür səfərlərin Qarabağ probleminin
həllinə zərrə qədər xeyri ola biləcəyini iddia edən kimsə varsa,
onunla polemikaya hazıram.
- Sizcə, lı səfərlər zamanı Ermənistana gedən
azərbaycanlıların erməni xüsusi xidmət orqanları tərəfindən
əməkdaşlığa cəlb olunması mümkündürmü?
- Əlbəttə, bizimlə müharibə aparan dövlətin maraq dairəsində
olan şəxslər ola bilərlər. Eləcə də onları təxribata çəkə və şantaj
edərək fakt qarşısında qoyaraq öz tərəflərinə çəkə bilərlər. Təbii
ki, bu mümkündür və erməni xüsusi xidmət orqanları həmişə bundan
bəhrələnməyə çalışırlar. Siz nəzərə alın ki, Azərbaycanda müəyyən
terror hadisələri var idi və sonra bəlli oldu ki, icraçılar
Ermənistan xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə
yetiriblər.
Bu baxımdan biz düşmən ölkəyə gediriksə, haradasa görüşürüksə,
ilk növbədə bu, Azərbaycanın müvafiq dövlət qurumları ilə
razılaşdırılmalıdır. Daha sonra isə bu səfərdə diqqətli olmaq
lazımdır. Şəxsən mənim subyektiv fikrim belədir ki, ümumiyyətlə
belə səfərlər dayandırılmalıdır. Belə səfərlərə ancaq beynəlxalq
təşkilatların təmsilçisi qismində və rəsmi şəxslər gedə bilər. Hər
hansı bir özfəaliyyət, QHT və jurnalistlərin səfərlər etməsi məncə,
ciddi vətəndaşlıq mövqeyi deyil.
- Sizcə, Ermənistana səfərlərin dayandırılması ilə bağlı məsələ
qanunvericiliyə daxil edilməlidirmi?
- Bunun qanuna salınmasına ehtiyac yoxdur. Sadəcə, özünü
vətəndaş hesab edən, bu vətəni və xalqı sevən hər bir kəs düşmən
ölkə ilə əlaqəni dayandırmalı və Qarabağ problemi həll olunana
qədər bu cür səfərləri etməməlidir. Belə səfərlər gizli edildikdə
indi biz müzakirə etdiyimiz hadisə ortaya çıxır. Mirqədirov, Leyla
Yunus və gələcəkdə də nələrin olacağını zaman göstərəcək. Vətən
sevgisi hissini daşıyan hər kəsin özü ermənilərlə görüşməyin mənası
olub-olmadığını müəyyən etməlidir. Əgər bunun mənası yoxdursa, nə
üçün onunla görüşür, düşmənin imicini qaldıran layihələrdə iştirak
edirsən?
İkincisi, ola bilsin ki, bu layihələrin mənbəyi hansısa
beynəlxalq təşkilatdır. Və belə çıxır ki, bundan həm erməni tərəfi,
həm də sən bəhrələnirsən. Bir tərəfdən biz istəyirik ki, dünya
Ermənistanı iqtisadi-siyasi blokadaya salsın və onu işğal etdiyi
ərazilərimizi boşaltmağa məcbur etsin. Digər tərəfdən QHT olaraq
başqa dövlətlərdən layihələr əldə edirik və ermənilərlə birgə
işləyirik. Bu yenə də 5-10 erməninin maliyyə dəstəyi almasına
xidmət edir.
Biz ABŞ Konqresini pisləyirik ki, Ermənistana yardım edir, amma
bu tərəfdən özümüz ermənilərlə hansısa layihədə iştirak edirik,
Ermənistana müəyyən qədər maliyyənin daxil olmasına şərait
yaradırıq. Hesab edirəm ki, burada vətəndaşlıq mövqeyi ortaya
qoyulmalıdır. Qanunla bunları tənzimləmək mümkün deyil.
- Təklif edirsiniz ki, Azərbaycan QHT-ləri, hüquq
müdafiəçiləri, ictimai xadimləri və jurnalistləri "xalq
diplomatiyası"ndan imtina etsin?
- Mən bütün həmkarlarımı, jurnalistləri, eləcədə digər
təşkilatların nümayəndələrini erməni QHT-ləri ilə əlaqələrini
kəsməyə dəvət edirəm. Nə zaman torpaqlarımız azad olunar, o zamanda
ölkə səviyyəsində siyasi kursa uyğun olaraq münasibətlərin
tənzimlənməsi müəyyən olar və onda da bu əlaqələrin genişlənməsi
üçün addımları genişləndirə bilərik. Amma indi xalq diplomatiyasını
yüz dəfə gerçəkləşdirsən də bu mənasız olacaq.
Həm də nəzərə almaq lazımdır
ki, biz erməni xalqı ilə müharibə aparmırıq. Bu xalqda indi erməni
siyasi hakimiyyətində olanların əlində oyuncağa çevrildi. Qarabağ
kartından istifadə edərək hakimiyyətə gəldilər və indi də
hakimiyyətdədirlər. Bizim erməni xalqı ilə problemimiz yoxdur,
problemimiz Ermənistanın siyasi hakimiyyəti ilədir. Onlar
hakimiyyətdə qalmaq üçün Qarabağ kartından istifadə
edirlər.
Bilmək olmaz ki, bu xalq
diplomatiyasını reallaşdıran şəxslər öz-özlüyündə Ermənistanın
xüsusi xidmət orqanlarının əməkdaşlarıdır, ya yox.
- Əslində "xalq
diplomatiyası" layihələrini beynəlxalq xarici təşkilatlar
maliyyələşdirir. Doğurdanmı onların məqsədi bölgədə sülhün və
əmin-amanlığın əldə olunmasıdır?
- Qətiyyən. Onların yeganə
məqsədi problemi uzatmaq, bunu erməni xeyrinə tənzimləmək və
gələcəkdə bu prosesi unutdurmaqdır. Necə olur ki, Minsk qrupu
1994-cü ildən indiyə qədər Ermənistana qəsbkar deyə bilmir? Odur
ki, mən onların çaldığı havaya deyil, milli ruhda olan öz havamıza
oynamağı vacib hesab edirəm.
- Avropa Şurasının baş
katibi yaxın günlərdə Azərbaycana səfər edəcək. Eləcə də Azərbaycan
Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik etmək ərəfəsindədir.
Bu şəraitdə Leyla Yunusla bağlı yaşananlar və digər bu kimi hallar
Azərbaycana qarşı istifadə oluna bilərmi?
- Mən sizə təsadüfən demədim
ki, yaranan bu situasiyadan Leyla Yunus bəhrələnməyə cəhd etdi və
müəyyən qədər də bəhrələndi. Çünki iyun ayında Azərbaycan
prezidentinin Avropa Şurasında çıxışı nəzərdə tutulub. Eləcə də
Azərbaycan Avropa Şurasının Nazirlər Komitəsinə rəhbərlik edəcək.
Belə bir ərəfədə səs-küylü şouların düzəldilməsində, daha sonra
bəyanatların verilməsində maraqlı dövlətlər və beynəlxalq
təşkilatlar var, bunların hamısı məqsədyönlüdür.
Hesab edirəm ki, bu cür
şouların baş verməsi üçün əvvəlcədən zəmin hazırlanıb. Bu hadisə
ilə bağlı müəyyən qüvvələr Azərbaycanın xeyrinə olmayan mövqelər
nümayiş etdirməklə Azərbaycanın imicinə zərər vurmağa cəhd
edəcəklər. Sadəcə, demək istəyirəm ki, bəzən biz Leyla Yunus kimi
adamlarla hüquq dilində danışanda şou düzəldir. Mən hesab edirəm və
onun tərəfdarıyam ki, olduqca qanuna uyğun formada hərəkətlər
olunsun ki, sabah Leyla Yunus bunu əlində bayraq edib Azərbaycan
əleyhinə istifadə edə bilməsin.
Teleqraf.com