Türkiyənin birinci xanımı Hayrunnisə Gül "Bugün"
qəzetinə verdiyi müsahibədə ilk dəfə bu qədər ətraflı cavablar
verib. Həmin müsahibəni ixtisarla sizə təqdim edirik:
"Gəzi Parkı" hadisələri bir qəza idi
Hayrunnisə Gül "Gəzi Parkı" hadisələri ilə bağlı "Kaş ki,
olmayaydı. Bunu bir qəza olaraq görürəm",- deyib. Gözəl günlərin
içində bu cür hadisələrin yaşanmasının insanı üzdüyünü ifadə edərək
"inşallah, bir daha o cür hadisələr baş verməz" deyə qeyd edib.
"Qızlı-oğlanlı"ya cavab
Tələbə evləri ilə əlaqədar mübahisələrə isə xanım Gül bu cür
fikir bildirib:
"Mən hər şeyin təbii şəkildə olmasından yanayam. Kimlərəsə
nəyisə zorla etdirmək çox çətindir. Hamımız anayıq, atayıq.
Uşaqlara nəyisə demək başqa, basqıyla etdirməyə çalışmaq tamam
başqadır. Sözün açığı, bu işlərin məsuliyyətini ailələrin öz
üzərinə götürməsinin tərəfdarıyam. Mən də uşağımın bu cür şəraitdə
hansısa evdə qalmağını istəmərəm. Və xaricdə də o cür şəraitdə
yaşamır. Ana-ata olaraq övladımızın düzgün yaşayışından əmin olmaq
istəyirik və o cür olduğunu da yoxlayırıq. Bütün ailələr də
istəyəcək. Dövlət ortada bir problem varsa, ölçü götürə bilər,
yataqxanalar inşa edə bilər, imkanlar yarada bilər. Ancaq dövlət
ana-ata kimi ola bilməz. Bu iş ailədə həll olunmalıdır".
Prezidentlikmi? Allah qorusun
"Abdulla bəy 1991-ci ildə öz istəyi ilə deyil, Allahın lütfü,
qisməti olaraq siyasətə qoşulub. Deməli, Allah özü bu günləri bizə
qismət edib. Uzun müddətli planlar quran deyiləm. Abdulla bəy də
elədir. Olduğumuz yerlərin haqqını verməyə çalışdıq. Abdulla bəyin
siyasi həyatında heç vaxtı yol göstərən olmadım, qarışmadım.
Haqqını verərək təhvil versək, çox xoşbəxt olarıq. Prezidentliyə
namizədlikdən əvvəl "Allah eləməsin" dediyim günlər olub. Çox çətin
olacağını, asan keçməyəcəyini bilirdim. Namizəd olduğunun bəlli
olduğu gün bizim uşaqlar çox pis olmuşdu. Ailə də fədakar
olmalıdır".
O qədər də kitab oxuya bilmirəm
"Bu aralar o qədər məşğuluq ki, istədiyim qədər kitab oxuya
bilmirəm. Səyahətlər, proqramlar var. Axırıncı dəfə "Mənim dünyam"
filminə baxdım".
Abdulla bəylə gizli-gizli ağlamışıq
"Küçəyə baxdığınız zaman sizə olan sevgini görürsünüz. "Onlara
layiq ola bilirikmi?" deyə narahat olursunuz. Hər cür insanın
məsuliyyəti, günahı sizin boynunuzdadır. Yuxularınızı qaçıracaq
dərəcədə böyük günah var boynunuzda. Suriyada bunlar olan zaman
necə rahat ola bilərsiniz axı? Keçən dəfə bir rəfiqəm iki suriyalı
qızımızı gətirdi. Valideynləri Suriyadadır. Məktəbə getmirdilər.
Uşaqlara bəlli etmədən Abdulla bəylə mən gizli-gizli ağladıq".