Göyçay rayonun mərkəzində yerləşən və 200 nəfərdən çox insanın
işlədiyi Ticarət Mərkəzindən satıcılar zorla çıxarılırlar. Səbəb
kimi, ərazidə antisanitariya qaydalarına riayət olunmadığı
göstərilir. Satıcılara alternativ yer kimi rayonun Cəyirli kəndində
inşa olunan bazarı təklif edirlər. Ticarətçilər isə bununla
razılaşmırlar.
Mayın 12-də bazarda işləyən ticarətçiləri sözügedən ünvandan
çıxartmaq planlaşdırılmışdı. Səhər saat 5-6 radələrində Göyçay
rayon polis şöbəsinin əməkdaşları bazara gedən bütün yolları
bağlayaraq, satıcıların qarşısını kəsməyə başladılar. Bazara daxil
olan satıcılarla bir neçə dəfə polislər arasında kiçik insidentlər
yaşandı. Buna səbəb isə, polis əməkdaşlarınının bazara yük gətirən
avtomobillərin qarşısını kəsmələri idi.
Danışan satıcıların sözlərinə görə, köçürülmə rayonun icra
başçısı Mənsur Məmmədovun göstərişi ilə həyata keçirilir. Satıcılar
iddia edirlər ki, icra başçısı Cəyirli kəndində tikilən Ticarət
Mərkəzində pay sahibidir. Buna görə də, satıcılara təzyiq edərək,
onları həmin Ticarət Mərkəzində işləməyə məcbur edir.
Ticarətçilər öz yerlərindən çıxmaq niyyətində deyillər: "Ora
getmək bizə sərf etmir. Bu bazar şəhərin mərkəzindədir. İşləyib,
beş-on manat evimizə çörək pulu aparmağa çalışırıq. İndi deyirlər
ki, illərdir işlədiyiniz bazardan çıxıb, Cəyirlidə işləyin. Orada
işləmək heç kəsə sərf etmir. Mərkəzdən uzaq yerdir. Oraya
gedib-gəlmək müşkül məsələdir. Gərək hər gün 4-5 kilometr yol gedək
və buna görə də 3-4 manat pul xərcləyək. Biz nə qazanırıq ki, onu
da yolpuluna verək?".
"Heç kəs 1-2 kiloqram pomidor almaq üçün Cəyirliyə gedən
deyil"
Satıcılar onu da deyir ki, Cəyirli kəndində olan Ticarət
Mərkəzində heç kəs alver edə bilməyəcək: "Heç kəs 1-2 kiloqram
pomidor almaq üçün Cəyirliyə gedən deyil. Ətraf marketlə doludur.
Gedib, marketdən alacaq. İcra başçısının əsas məqsədi monopoliya
yaratmaqdır. Çünki bizdən burada gündəlik 1-2 manat yer haqqı
alırlar, bir də vergi veririk. Satıcılardan eləsi var ki, şəhid
ailəsidir, evdə ağır xəstəsi var. Onlara güzəşt edilir. Yer haqqı
almırlar. Ancaq yeni bazarda yer haqqı baha olmaqla yanaşı, həm də
satırlar. Belə qayda-qanun harada yazılıb. Sən yeri mənə sat,
üstəlik gündəlik yer haqqı da al, vergini də və başqa xərcləri də
ödəyim. Əgər obyekti almışamsa, bu, artıq mənim mülkiyyətim
sayılır, buna görə sənə niyə əlavə haqq ödəməliyəm?".
"Yeni bazarda piştaxtalar 200-300, dükanlar isə 5 min manata
satılır"
Uzun zamandır ki, bu bazarda işləyən satıcı Şükür Mamedov deyir
ki, camaat mərkəzi qoyub, kəndə getməyəcək: "Yeni bazarda
piştaxtalar 200-300, dükanlar isə 5 min manata satılır. Orada
mütləq yer almalıyıq. Üstəlik yer haqqını da gündəlik ödəməliyik.
Elə şərtlərlə biz heç burada çalışa bilmərik, nəinki orada... İndi
işlədiyimiz yerdə 1-2 manat yer haqqı ödəyirik. Burada işləyənlərin
biri şəhid anası, biri ağsaqqal, biri xəstə, hərənin bir dərdi var.
Heç kim kefinin kök olmasından alver etmir. Bizi işimizdən
eləməsinlər. Camaat mərkəzi qoyub, kəndə getməyəcək".
"Əgər bura yaxşı deyilsə, təmir etsinlər işləyək"
Başqa bir satıcının sözlərinə görə, bazarı özləri təmir ediblər.
Buna görə də heç yerə getməyi düşünmürlər: "Bu bazarı illərdir ki,
özümüz ayaqda saxlayırıq. Əziyyətimizlə buranı təmir etmişik, iş
görmüşük. Evimizə bir tikə çörək aparmaq üçün özümüzə şərait
qurmuşuq. Əgər bura yaxşı deyilsə, təmir etsinlər işləyək. Ya da
imkan versinlər, özümüz təmir edək. Başqa yerə getmək fikrimiz
yoxdur".
"İmkanım yoxdur, bizə toxunmasınlar, şərait yaratsınlar
işləyək"
Şəhid anası Svetlana Nəsirova deyir ki, ağır xəstədir. Bu
bazarda qazandığı ilə güclə dolanır: "Sakitcə alverimi etmək
istəyirəm, xəstə adamam dəqiqəbaşı üstümə Təcili Yardım gəlir.
Qucaq-qucaq dərman atıram. Bu bazarda qazandığım 3-4 manatla güclə
dolanıram. İmkanım yoxdur, bizə toxunmasınlar, şərait yaratsınlar
işləyək".
"Polislər mənə imkan vermir ki, çörə pulumu qazanım"
Qarabağ veteranı Sahil Əkbərova piştaxtada alver etməyə imkan
vermirlər: "Polislər mənə imkan vermir ki, çörək pulumu qazanım.
Deyirlər ki, piştaxtada alver etmək olmaz. Səbəb kimi deyirlər ki,
guya bazarın yolunu kəsirəm. İndiyə qədər hörmət edib, məndən yer
haqqı almayıblar. Cəyirliyə getmək heç cürə bizə sərf etmir.
Rayonda bir nəfər səsimizi eşitmir. Halımıza yanan yoxdur".
Digər ticarətçi İbad Zeynalov da şikayətçidir: "Mənə deyirlər
ki, dükanın qarşısına mal yığmayım. Küçə ticarətinə icazə yoxdur.
Mən də qəbul edirəm ki, küçə ticarətinə icazə verilmir. Amma bu
dükan mənim mülkiyyətimdir. Bütün sənədləri qaydasındadır. Sənəddə
də yazılıb ki, dükanımın qarşısındakı ərazi mənimdir. Yəni mən
burada alver edə bilərəm. Ancaq buna imkan vermirlər".
Məsələylə bağlı Göyçay rayon İcra Hakimiyyətinə yollandıq. İcra
başçısı Mənsur Məmmədovla görüşmək istəsək də, öncə rayona
giriş-çıxış üçün ezamiyyət vərəqəsinin olmadığını bəhanə
gətirdilər, ancaq sonra isə icra başçısının yanında adam olduğunu
söylədilər.
Suallarımızı cavablandırmaq üçün icra başçısının müavin Rəxşəndə
Rəcəbovayla görüşdük. Rəxşəndə Rəcəbova bildirdi ki, yeni bazarın
icra başçısına heç bir aidiyyəti yoxdur: "Nə bazarın sökülməsinin,
nə də yeni bazarın açılmasının başçıya heç bir bağlılığı yoxdur.
Köhnə bazar yerində qalacaq, "Avtonəqliyyat" ASC-nin balansında
olan torpaqlar boşaldılacaq. İndiyə qədər həmin bazar qeyri-qanuni
fəaliyyət göstərib. Camaatı da küçəyə atmırlar, yeni tikilən
bazarada onlara yer veriləcək və heç kimdən əlavə pul alınmayacaq.
Həmin bazara gediş-gəliş üçün əlavə marşrutlar açılacaq. Küçə
ticarətinin yığışdırılmasıyla bağlı ölkə başçısının sərəncamı var.
Ona görə də həmin yerlər boşaldılır".
Qeyd edək ki, Göyçayın icra başçısı Mənsur Məmmədovun nəqliyyat
naziri Ziya Məmmədovun xalası oğlu olduğu bildirilir və onun
himayəsinə güvəndiyi iddia edilir. /Musavat/