"Mənim evimdə nurçuların mütəmadi olaraq toplaşması
doğru deyil".
Bu sözləri "Axar.az"a açıqlamasında Mingəçevirdə nurçuların
toplaşdığı məkanın sahibi kimi adı hallanan Müşfiq Nəcəfov
deyib.
Şəhərdəki Heydər Məscidinin imam müavini vəzifəsini yerinə
yetirən M.Nəcəfov bildirib ki, Türkiyədə təhsil aldığına görə onun
nurçu olduğunu iddia etmək yanlışdır:
"2001-ci ildə Ankara Universitetinin İlahiyyat fakültəsinin
məzunu olmuşam, müxtəlif məscidlərdə fəaliyyət göstərmişəm.
Doğmalarımdan uzaqda yaşaya bilmədiyim üçün bir müddətdən sonra
Azərbaycana qayıtdım. 2 il Yasamalda yerləşən İlahiyyat məscidində
imam müavini işlədim. Haqqımdakı yazıda doğru bir şey yoxdur,
hamısını inkar edirəm. Bunlar yalan, iftira, böhtandır. Doğrusu
budur ki, Türkiyədə oxumuşam. Ankara Universitetinin məzunuyam.
Dini fəaliyyətimi dövlətimizin rəyi, qərarı və razılığı
çərçivəsində gerçəkləşdirirəm. Qeyri-qanuni fəaliyyətlərdən uzağam.
Mənim nə nurçularla, nə başqa bir təriqətli insanlarla, nə də şəkli
dərc olunan bu evlə heç bir əlaqəm yoxdur".
Axund köməkçisi bildirdi ki, haqqında yazılanlarla bağlı
məhkəməyə müraciət edəcək:
"Biz artıq məhkəməyə müraciət etmişik. Qanun çərçivəsində nə
lazımsa, onu edəcəyik. Barəmizdə deyilən ifadələrin doğru
olmadığını fakt olaraq sübut edəcəyik, inşallah. Haqqımıza təcavüz
edənin heç bir zaman istədiyi məqsədə nail olmasına fürsət
vermərik".