Xəbər verildiyi kimi, hüquq müdafiəçisi Vidadi
İsgəndərli özünün facebook profilində şok məlumat
paylaşıb.
Hüquq müdafiəçisi Vidadi İsgəndərli iddia edir ki, ona qarşı
həyata keçirilən hədələmə kampaniyasının arxasında Ziya Məmmədovun
digər qardaşı İldırım Məmmədovun oğlu dayanır.
Hüquq müdafiəçisinin özünün Feysbuk səhifəsində yazdığına görə,
onun hədələnməsində suçlu bilinərək həbs olunan Emil Məmmədov (Anar
Məmmədovun media holdinqinə aid gun.az saytında işləyir) istintaqa
ifadə verib və bir sıra ifşaedici məlumatlar toplayıb.
V.İsgəndərlinin sözlərinə görə E. Məmmədov etiraf edib ki, onu V.
İsgəndərliyə qarşı yönləndirən, müxtəlif hədə, söyüş və təhdid
yazdıran Ziya Məmmədovun qardaşı İldırım Məmmədovun oğludur
/musavat.com/.
Olayda adı keçən Emil Məmmədov əlaqə saxlayaraq, deyilənləri
təkzib edib.
Onun sözlərinə görə, gün.az saytının əməkdaşı kimi
V.İsgəndərliyə zəng edərək sadəcə müsahibə almaq istəyib.
"May ayının 11-də mən Vidadi İsgəndərliyə zəng edib müsahibə
almaq istədim. Soruşmaq istəyirdim ki, sizə hansısa məmurun "Prado"
hədiyyə etməsi ilə bağlı xəbərlər doğrudurmu? Öz telefonumda kontur
olmadığı üçün dostumun telefonundan yığdım. O da gizli nömrəyə
qoyubmuş, bilməmişəm, "alo" deyən kimi, başladı söyüşlə təhqir
etməyə. Sonra da məlum olur ki, Daxili İşlər Nazirliyinin Qaynar
xəttinə zəng edərək, gizli nömrəylə hədələndiyini bildirib. Sonra
əlavə edib ki, guya mən 10 nəfər idmançı ilə onun evinin qarşısına
gəlib, onu hədələmişəm. Amma mən onun qeyd etdiyi tarixdə Göyçayda
olmuşam. Bunu telefonun dalğasından da sübut eləmək çətin deyil.
Məni izahat üçün Göyçay Polis İdarəsinə çağırdılar. İzahatımı alıb,
buraxdılar. İzahatımda da bunları qeyd etmişəm".
Qeyd edək ki, V. İsgəndərli Facebook-da yazır ki, onu "hədələyən
Emil Məmmədova maliyyə dəstəyini Ziya Məmmədovun Ucar rayonunda
yaşayan qardaşı İldırım Məmmədovun oğlu edirmiş. Hal hazırda
İldırım Məmmədovun oğlu bu işlə əlaqədar saxlanıb. Və o istintaqa
mənə qarşı törətdiyi cinayətləri etiraf edib. Mütəşəkkil cinayətkar
üzvlərin artacağı ehtimalı çoxalıb. Ola bilməz ki, bu mütəşəkkil
cinayətkar dəstədən Ziya Məmmədovun,İldırım Məmmədovun, Mənsur
Məmmədovun xəbəri olmasın. Emil Məmmədov istintaqa etiraf edib ki,
bu fəaliyyətinə görə Məmmədovlar ona ayda 3500 manat pul
ödəyirlərmiş. İstintaq davam edir."
Emil Məmmədov bu məlumatı da təkzib edir.
"Mən izahatda elə bir söz söyləməmişəm. Nə Ziya Məmmədovun, nə
də İldırım Məmmədovun adını çəkməmişəm. Vidadi İsgəndərli öz
statusunda öz fantaziyalarını, yalanlarını yazıb. Mən heç bilmirəm
İldırım Məmmədovun oğlu var, ya yox. Soyadlarımızın eyniliyi isə
sırf təsadüfdür. Heç bir qohumluğumuz və tanışlığımız yoxdur.
Vidadi İsgəndərli mənə böhtan atır".
Qeyd edək ki, Emil Məmmədov Feysbukda 450 minlik
"Azerbaijan-Azerbaycan" səhifəsinin adminidir. /Qaynar.info/