"Problemli kreditlər şöbəsi" müdirinin hansı problemləri olduğu
müəmmalıdır
Noyabrın 20-də səhər tezdən Nərimanov
rayonu, Ağa Nemətulla küçəsi 63/65 ünvanda yerləşən "Bank of
Baku"nun Əməliyyat Mərkəzinin yerləşdiyi binanın arxasında qaz
borusundan asılmış kişi meyiti aşkarlanıb. Bank binasının
arxasındakı qazanxanaya çəkilmiş borudan asılı vəziyyətdə olan
şəxsin kimliyi əraziyə bank işçiləri gələndən sonra məlum olub.
Hadisə yerində olan "Yeni Müsavat" əməkdaşına şahidlərdən biri
bunları deyib:
"Səhər bir türkiyəli bankın arxasından keçəndə qazanxanaya gedən
qaz borusundan bir nəfərin asılmış vəziyyətdə olan meyitini görüb.
Əraziyə polis, prokurorluq işçiləri gəldi. Bankın işçiləri də bura
gələndə dedilər ki, bu Rauf müəllimdir, müdirdir. Burada hərə bir
söz dedi. Banka borcu olmasından tutmuş prokurorluqda
dindirilməsinə qədər. Nə bilmək olar, indi hərə bir səbəbdən özünü
öldürür".
Şahid bildirdi ki, R.Abdullayevin yaxınları onun noyabrın 19-da
itkin düşməsi haqda polisə məlumat veriblər: "Burada dedilər ki,
Rauf Abdullayevin kürəkəni polisə onun itkin düşməsi haqda məlumat
verib. Müstəntiqlər də dedilər ki, özünü asan əvvəlcədən buna
hazırlaşıb. İp tapıb özü ilə bura gətirib, atıb borunun üstünə və
çəkib bağlayıb boğazına. Sonra da çıxıb borunun dayağının üstünə və
oradan özünü aşağı atıb, boğub".
Nərimanov Rayon Prokurorluğundan "Vesti.az"a deyiblər ki,
R.Abdullayev intihar etməzdən əvvəl məktub yazıb. İntiharqabağı
məktubunda "kimsəni günahkar bilmirəm" sözləri qeyd olunub..
Həmçinin məlum oub ki, 1956-cı il təvəllüdlü R.Abdullayevin həyat
yoldaşı yoxdur. 1 qızı var və o, ailə həyatı quraraq ayrı mənzildə
yaşayır. Mərhum hər gün işdən qayıdandan sonra qızı ilə danışarmış.
Noyabrın 19-da isə belə olmayıb. Buna görə də R.Abdullayevin
kürəkəni bütün tanışlarından onu xəbər alıb. Lakin kimsə
R.Abdullayevin işdən çıxaraq hara getməsi haqda məlumatlı olduğunu
deməyib. Bundan sonra onun kürəkəni hüquq mühafizə orqanlarına üz
tutub. Polisin axtarışları elə bank işçilərinin zəngindən sonra
dayandırılıb. R.Abdullayevin şəxsiyyəti haqda məlumat toplayan
hüquq mühafizə orqanlarının əməkdaşları bu məlumatlar əsasında
ipucu əldə edə bilməyiblər. İntiharın R.Abdullayevin professional
fəaliyyəti ilə əlaqəli olması da araşdırılan versiyalar
sırasındadır.
"Yeni Müsavat" əməkdaşı R.Abdullayevin çalışdığı "Əməliyyat
Mərkəzi"ndə və "Bank of Baku"nun baş ofisində də olub.
"Əməliyyat Mərkəzi"də R.Abdullayevin bankın ən çətin və
məsuliyyətli şöbəsinə rəhbərlik etdiyini bildiriblər. Məlumata
əsasən R. Abdullayev uzun illər bankın "Problemli kreditlər
şöbəsi"ndə çalışıb.
Bankın əsas fiqurlarından biri adının çəkilməməsi şərti ilə "Yeni
Müsavat"a deyib ki, R. Abdullayevi çox vicdanlı, işini bilən
savadlı işçi kimi tanıyırlar: "Onun ölümü bizim üçün də çox
gözlənilməz oldu. Rauf Abdullayevin bankda heç bir problemi yox
idi, banka borcu filanı da olmayıb. Sağlam, gümrah insan idi. Biz
hüquq mühafizə orqanlarının rəhbərlərinə də müraciət edərək bu
məsələnin sonadək araşdırılmasını xahiş etmişik".
Hazırda faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət
Məcəlləsinin 125-ci – özünü öldürmə həddinə çatdırma maddəsi ilə
araşdırma aparılır. Cinayət işinin araşdırılmasında Baş
Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsi
müstəntiqlərinin də iştirak etməsi haqda məlumatlar var.
Xatırladaq ki, bu intihar Azərbaycanın bank sektorunda ilk deyil.
Ötən ilin bu günlərində Azərbaycan Sənaye Bankının şöbə müdiri, 33
yaşlı Seymur Səmədov itkin düşmüşdü. Sonradan onun meyiti Xəzər
dənizində aşkarlandı. Bu günə qədər S.Səmədovun müəmmalı ölümünün
səbəbi ictimaiyyətdən gizli saxlanılır.