Sabiq millət vəkili Zahid Qaralovun mətbuatda mənim
barəmdə dedikləri tamamilə yerində və həqiqətəuyğun olmayan
fikirlərdir.
"Axar.az"ın xəbərinə görə, bunu Gün.Az-a
açıqlamasında parlamentin İqtisadi siyasət komitəsinin sədri,
1991-93-cü illərdə bir müddət birinci vitse-spiker və vitse-premyer
vəzifələrində işləmiş Ziyad Səmədzadə Yeni Azərbaycan Partiyasının
(YAP) tanınmış simalarından olan sabiq millət vəkili Zahid
Qaralovun mətbuatda onun ünvanına səsləndirdiyi ittihamlara
münasibətini bildirərkən dilə gətirib.
"...Heydər Əliyevi də Naxçıvana buraxmırdılar, onunla bütün
əlaqələrimizi kəsmişdilər. Ziyad Səmədzadənin o vaxt yüksək
vəzifəsi var idi, indi də bu adam Milli Məclisdə komitə sədridir" -
deyən Z.Qaralov mətbuata məlum açıqlamasında sözlərinə onu da əlavə
edib ki, Z.Səmədzadə o dövrdə onlara yalandan deyibmiş ki, Heydər
Əliyev kabinetində yoxdur, telefonlar da işləmir.
"Amma biz sonradan Heydər Əliyevlə görüşəndə dedi ki, mən
səhərədək öz kabinetimdə oturmuşam və telefonlar da işləyirdi. Bu
adam o dövrdə bizi və Heydər Əliyevi aldadıb..." - deyə, Z.Qaralov
daha sonra bildirib.
Bizimlə söhbətində isə Z.Səmədzadə bir daha Z.Qaralovun
ittihamlarının əsassız olduğunu qeyd edərək, əslində adıçəkilən
şəxsin ona qarşı hücumlarının arxasında başqa məqamların
dayandığını söyləyib:
"Əvvəla, Zahid Qaralovun bəhs etdiyi məsələnin üstündən düz 21
il ötür. Qeyd edim ki, bu haqda da mərhum ümummilli liderimiz
Heydər Əliyevə həsr olunmuş və AzTV-də dəfələrlə yayımlanmış
müxtəlif sənədli filmlərdə də söhbət açılıb.
Həmçinin, bu məsələ haqda YAP-ın yaradıcılarından olan millət
vəkili Eldar İbrahimovun mətbuatda dəfələrlə açıqlamaları olub.
Eyni zamanda, haradasa təxminən 15-18 il öncə mərhum millət
vəkili Samur Novruzovun "Azərbaycan" qəzetində geniş yazısı gedib
və orada bir daha məlum məsələ ilə bağlı həqiqətin əslində necə
olduğu əksini tapıb.
Bir daha təkrar edirəm ki, 1992-ci ilin mayında Ali Sovet
sədrinin birinci müavini vəzifəsində işləyərkən parlamentin sədri
vəzifəsinə təklif olunan mərhum Heydər Əliyevlə telefon əlaqəsi
yaratmaq üçün mənim kabinetimdə millət vəkillərindən Eldar
İbrahimov, Arif Rəhimzadə, Samur Novruzov, həmçinin, Arif Hacılı,
Pənah Hüseyn olublar. Mən az qala o zaman Arif Hacılı və Pənah
Hüseynlə də əlbəyaxa olacaqdım, çünki onlar heç cür imkan vermək
istəmirdilər ki, Heydər Əliyevlə əlaqə yaradılsın və sair.
Yəni, həmin adamlar da, digərləri də məsələnin mahiyyətindən
xəbərdardırlar.
Odur ki, bu məsələnin üstündən düz 21 il keçəndən sonra indi
onun ahıl yaşlı bir adam tərəfindən əsassız şəkildə gündəmə
gətirilməsini mən təəssüf və təəccüblə qarşılayıram.
Düzünü desəm, mən həmin müsahibəni oxumamışam, sadəcə, mənə
dünən axşam deyiblər ki, haqqımda bu cür fikirlər gedib. Mən bir
daha qeyd edirəm ki, bunlar başdan-ayağa ağ yalanlardır. Əslində
isə bu məsələnin, yəni, həmin adamın mənə qarşı ittihamlarının
kökündə başqa məqamlar, parlament seçkilərində mənə uduzmağı
dayanır".
Z.Səmədzadənin bildirdiyinə görə, vəzifə insana hörmət gətirmir,
insana hörmət gətirən onun illərlə cəmiyyətdə qazandığı
nüfuzudur:
"Hamı da yaxşı bilir ki, mən gecəmi-gündüzümü xalqıma,
dövlətimə, dövlətçiliyimizə, ölkəmizin iqtisadiyyatına, iqtisadi
inkişafına xidmətə həsr etmişəm.
Bildiyiniz kimi, 2005-ci ilin parlamentin seçkilərində Səbail
rayonundan namizədliyimi vermişdim, o zaman da heç bir vəzifəm
yoxuydu, sadəcə, ictimai əsaslarla fəaliyyət göstərən Müstəqil
İqtisadçılar Birliyinə sədrlik edir, həmçinin mətbuatda
iqtisadiyyatla bağlı elmi yazılar, məqalələrlə çıxış edirdim.
O zaman mənimlə həmin dairədən namizədliyini verənlər arasında
Zahid Qaralov da vardı, hansı ki, həmin vaxt o, həm Milli Məclisdə
komitə sədri vəzifəsini tuturdu, həm də YAP-ın Səbail rayon
təşkilatının sədri vəzifəsində çalışırdı.
Ancaq əlində bu qədər resurslar olmasına baxmayaraq, Zahid
Qaralov o zaman seçkilərdə məğlubiyyətə uğradı, yenidən deputat
seçilə bilmədi. Heç bir vəzifəm və resursum olmaya-olmaya Zahid
Qaralov böyük fərqlə mənə uduzdu.
İndi belə görünür ki, bu adam ahıl yaşında hələ də həmin
məğlubiyyətini həzm edə, uduzmağını mənə bağışlaya bilmir. O,
birdəfəlik qəbul etməlidir ki, o zaman seçkilərdə böyük fərqlə mənə
uduzub və bu məğlubiyyətinin kökündə də insanların ona növbəti dəfə
etimad göstərməməsi dayanır.
Əslində məğlubiyyətinin özü də nəticə çıxarmaq üçün bir
vasitəsidir, amma görünür, bu adam hələ də düzgün nəticə çıxara,
məğlubiyyəti ilə barışa bilmir.
Məni fəaliyyətim Azərbaycan xalqının və dövlətinin qarşısında
olub. Kimsə 40 illik fəaliyyətimdə də bir kəlmə belə olsun tapıb
ortaya qoya bilməz ki, mən haçansa dövlətimizlə, dövlətçiliyimizlə,
ümummilli liderimizlə bağlı yanlış bir söz demiş olum. Bunu heç kim
tapa və mənə qarşı da hansısa iddia ilə çıxış edə bilməz.
Mən çox sevinirəm ki, Azərbaycan xalqının, seçicilərinin etimadı
ilə yenidən –dalbadal iki dəfə millət vəkili seçilmişəm və ötən 8
il ərzində parlament rəhbərliyinin, millət vəkillərinin razılığı
ilə İqtisadi siyasət komitəsinə rəhbərlik edirəm.
Eyni zamanda, bir komitə sədri, bir millət vəkili, bir iqtisadçı
alim kimi ölkəmizin iqtisadi inkişafının reallaşdırılmasında,
iqtisadi qanunvericiliyin hazırlanmasında, təkmilləşdirilməsində
iştirak edirəm. Bir sözlə, mən bu günə kimi dövlətimizə,
dövlətçiliyimizə sədaqətlə xidmət etmişəm, edirəm, bundan sonra da
edəcəyəm"