İqtisadi Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri
Qalib Toğrul bələdiyyələrə subvensiya və dotasiya ayrılması ilə
bağlı Prezident tərəfindən "Büdcə sistemi haqqında" Azərbaycan
Respublikasının Qanununda edilmiş dəyişiklikləri şərh
edib:
"Prezidentin sərəncamı ilə "Büdcə sistemi haqqında" Azərbaycan
Respublikasının Qanununda 2 dəyişiklik edilib. Hər iki dəyişiklik
bələdiyyə büdcələrinin gücləndirilməsi məqsədi daşıdığından çox
əhəmiyyətlidir. Birinci dəyişiklik "Büdcə sistemi haqqında" qanunun
32-ci maddəsində edilib. Dəyişiklikdən öncə də bələdiyyələrə dövlət
maliyyə dəstəyinin verilməsi ilə bağlı müddəalar vardı. Lakin
konkret və aydın deyildi. Qanunda subvensiyanın ayrılmasının
konkret mexanizminin olmaması praktikada onun epizodik şəkildə
işləməsinə səbəb olurdu. İndiyədək qanunvericiliyin yaratdığı
subvensiya imkanından bir neçə bələdiyyə yararlana bilmişdi. Artıq
konkret müddət də daxil olmaqla subvensiyanın ayrılması mexanizmi
ortaya qoyulub".
Subvensiya almaq üçün nə lazımdı?
Qeyd edək ki, növbəti ildən başlayaraq bələdiyyələr yerli sosial
müdafiə, ekoloji, həmçinin, iqtisadi və sosial inkişaf
proqramlarının icrası məqsədi ilə dövlət büdcəsindən subvensiya
almaq üçün martın 15-dək Maliyyə Nazirliyinə müraciət edə bilərlər.
Nazirlik verilən təklifləri 30 gün müddətində öyrəndikdən sonra
onların qəbul edilib-edilməməsi barədə bələdiyyələrə məlumat
verəcək. Əgər cavab müsbət olarsa, bələdiyyələr mayın 1-dək
layihənin maliyyə-iqtisadi əsaslandırması ilə birlikdə aşağıdakı
sənədləri Maliyyə Nazirliyinə təqdim etməlidirlər:
- Cari ilin gözlənilən və ötən ilin büdcəsinin faktiki
nəticələri barədə arayış;
- Növbəti büdcə ili üzrə yerli büdcələrin nəzərdə tutulan
gəlirləri və xərcləri,
- ötən ildə yerli büdcənin icra vəziyyəti barədə auditor
rəyi;
Qanuna görə, Maliyyə Nazirliyi lazım gələrsə, bu sənədlərdən
əlavə sənəd istəyə bilər. Yeni dəyişikliyə görə, dövlət büdcəsindən
ayrılmış subvensiyalar bələdiyyələr hər il fevralın 15-dək Maliyyə
Nazirliyi tərəfindən bölünəcək. Bu da o deməkdir ki, bələdiyyələr
ən yaxşı halda 2016-cı ildə subvensiya ala biləcəklər.
Dotasiyalar da yeni qaydada hesablanacaq
İkinci dəyişiklikliyə gəlincə, Q.Toğrul bunun bələdiyyələrə
ayrılan dotasiyaların məbləğinin müəyyənləşdirilməsi ilə bağlı
olduğunu bildırib:
"Dəyişikliyə qədər maliyyə vəziyyətindən,
böyüklüyündən-kiçikliyindən asılı olmayaraq bütün bələdiyyələrə
demək olar ki, bir-birindən o qədər də fərqlənməyən dotasiyalar
ayrılırdı. Düzdür, qanunvericilkdə dotasiyaların yuxarı həddinin
hesablanması zamanı əhalinin sayı və ölkənin maliyyə ehtiyatlarının
formalaşmasında onun xüsusi çəkisi və digər amillər nəzərə alınması
göstərilirdi. Lakin reallıqda qanunun bu tələbi nəzərə alınmırdı.
Artıq dotasiyanın yuxarı həddinin yox, həddinin hesablanması üçün
konkret kriteriyalar müəyyənləşdirilirib. Bunlar bələdiyyənin
ərazisində yaşayan əhalinin sayı, ölkənin maliyyə ehtiyatlarının
formalaşmasında onların xüsusi çəkisi, bələdiyyənin gəlir və
xərcləri, bələdiyyəyə daxil olan yaşayış məntəqələrinin cəbhə
xəttində, sərhəd zonasında, yüksək dağlıq ərazidə yerləşməsi, yerli
əhalinin yaşayış səviyyəsi, nəzərdə tutulan sosial-iqtisadi
layihələrdir".
Məbləğ arta bilər
Qeyd edək ki, 2002-ci ildə dövlət büdcəsindən bələdiyyələrə 5
milyon manat ayrılıb. 2003-cü ildə dövlət yardımı kəskin şəkildə
azaldılıb - 1 milyon manata endirilib. 2004 və 2005-ci illərdə
bələdiyyələrə 2 milyon manat, 2006-cı ildə 3 milyon manat, 2007,
2008, 2009, 2010 və 2011-ci illərdə 3,5 milyon manat ayrılıb.
2012-ci ildə bu rəqəm 5 milyon manat, 2013-cü ildə 5,2 milyon manat
olub. 2014-cü ilin dövlət büdcəsində də bələdiyyələrə 5,2 milyon
manat dotasiya ayrılması nəzərdə tutulub.
Yeni dəyişikliklərdən sonra bələdiyyələrə verilən dotasiyaların
məbləğinin artması gözlənilir.