"Sosial
şəbəkələr ailələrin dağılmasında çox böyük rol
oynayır".
Bunu
Axar.az-a açıqlamasında Psixologiya
və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov ailələrin
dağılmasında sosial şəbəkələrin rolunu şərh edərkən
deyib.
Onun
sözlərinə görə, istisnalar olmasına baxmayaraq, ümumi götürdükdə
sosial şəbəkələr münasibətlərin yenidən bərpasında əks təsir rolunu
oynayır:
"Bütün ailələrdə xırda problemlər olur. Ancaq tərəflər oturub
ailədaxili problemlərini həll etmək əvəzinə bunu sosial şəbəkələrdə
paylaşırlar. Düşünə bilmirlər ki, bu, növbəti problemin yaranmasına
gətirib çıxara bilər. Məsələ həll olunmadan gözlənilməz halda
yenisi ortaya çıxır. Ən mühüm problem isə tərəflər arasında köhnə
münasibətlərin bərpası ilə bağlı mütəxəssisə müraciət
olunmamasıdır. Ən dəhşətlisi isə, xanımıyla ailədaxili münaqişə
yaşayan əks cinsin nümayəndəsi problemi çözmək əvəzinə çox yanlış
hərəkətə, məsələn, əvvəllər münasibəti olduğu başqa bir xanımla
əlaqə qurmağa başlayır. Ailələrarası münasibətlərin bərpa olunması
prosesində sosial şəbəkələr çox böyük fəsadlara yol açır. Nəticədə
bütün bunlar bu gün Azərbaycanda hətta sonu faciələrlə nəticələnən
ailədaxili münaqişələrin yaranmasına səbəb olur".
Psixoloqun fikrincə, ailədaxili münaqişələr baş verən zaman
tərəflər birmənalı şəkildə mütəxəssis dəstəyi almalıdırlar:
"Çünki mütəxəssis dəstəyi birbaşa problemin həllinə köklənir və
eyni zamanda mütəxəssis dəstəyində obyektivlik müşahidə olunur. Bu
cür dəstəklərin ən mühüm əhəmiyyəti isə bu kimi halların növbəti
dəfə təkrarlanmasının qarşısının alınmasıdır. Ancaq bu gün insanlar
belə problemlərin həllinə sosial şəbəkələrdə çıxış yolu axtarırlar.
Bu isə məsələnin daha da qabarmasına və yolların ayrılmasına səbəb
olur. İstər ailə, istərsə də valideyn ilə övlad münasibətlərinin
tənzimlənməsində bir psixoloq olaraq insanları daha da diqqətli
olmağa çağırıram. Əks təqdirdə gözlənilməz situasiyalarla qarşılaşa
bilərlər. Xüsusi olaraq vurğulamaq istərdim ki, ailədaxili
münaqişələrin sosial şəbəkələrdə həllinə yönəlik məqamlarda qarşı
tərəf hər hansı məsləhət verdikdə düşünmür ki, o, burada "psixoloq"
rolunu oynayır. Belə olan təqdirdə həmin şəxs peşəkar olmadığından
problemi çözmək əvəzinə hər şeyi alt-üst edə bilər".
Elnur Rüstəmov ən yaxşı çıxış yolu kimi hər iki cinsin
nümayəndələrini sosial fəaliyyətlərində gender bərabərliyinin
qorunmasına riayət etməyə çağırdı. O, eyni zamanda adi mobil
telefonlara qoyulan kodlarda belə, hər iki cinsin nümayəndəsinin
bunu bilməsi kimi hallarının vacibliyini vurğulayaraq bunun ailədə
məsuliyyətin dərk olunmasına böyük təsir göstərəcəyini
bildirdi.