Xırdalanda yaşayış binasında partlayış nəticəsində
xəsarət alan şəxslərdən biri dünyasını dəyişib.
Bu barədə APA-ya Respublika Yanıq Mərkəzindən məlumat verilib.
Partlayışda ağır xəsarət alan Vidadi İsmayılov bu gün səhərə yaxın
xəstəxanada vəfat edib.
V. İsmayılov "Aztelekom" İstehsalat Birliyində İctimaiyyətlə
əlaqələr üzrə baş mütəxəssis vəzifəsində çalışıb.
Qeyd edək ki, sentyabrın 8-də saat 06:30 radələrində Abşeron
rayonunun Xırdalan şəhərində beşmərtəbəli yaşayış binasında
partlayış baş verib.
Qubadlı
rayonundan olan məcburi köçkünlərin məskunlaşdıqları binanın ikinci
mərtəbəsindəki mənzildə baş vermiş partlayış barədə daxil olmuş
məlumat əsasında FHN və Baş Prokurorluğun rəhbərliyi, rayon
prokurorluğunun, rayon Polis Şöbəsinin, FHN-in Yanğından Mühafizə
və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları dərhal hadisə
yerində olub, mütəxəssislər cəlb edilməklə hadisə yerinə baxış
keçirilib, dağıntılar altında qalan şəxslərin xilas edilməsi
istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilib.
Aparılmış
xilasetmə tədbirləri nəticəsində 8 nəfər - binanın ikinci
mərtəbəsində yaşayan 1972-ci il təvəllüdlü İsmayılov Vidadi Yunis
oğlu, onun ailə üzvləri - 1972-ci il təvəllüdlü İbrahimova Mətanət
Elbrus qızı, 1999-cu il təvəllüdlü İsmayılova Aygün Vidadi qızı,
2001-ci il təvəllüdlü İsmayıl Yunis Vidadi oğlu, 2007-ci il
təvəllüdlü İsmayıl Bəkir Vidadi oğlu, birinci mərtəbədə yaşayan
1979-cu il təvəllüdlü Abbasova Könül Tofiq qızı, 2005-ci il
təvəllüdlü Abbasov Ayxan Məharət oğlu və üçüncü mərtəbədə yaşayan
2010-cu il təvəllüdlü Abdullayeva Aytac Gülbala qızı dağıntılar
altından çıxarılaraq Sumqayıt şəhər mərkəzi Xəstəxanasına, Bakı
Mərkəzi Klinik Xəstəxanasına və Respublika Yanıq Mərkəzinə
yerləşdiriliblər. Onlardan yeddisinin stasionar qaydada müalicəsi
hazırda davam etdirilir, bir nəfər isə ambulator müayinədən sonra
evə buraxılıb.
Hadisə zamanı 1968-ci il təvəllüdlü Abbasova İfayət Bəhram qızı,
1978-ci il təvəllüdlü Abbasov Məharət Bəhram oğlu və 2003-cü il
təvəllüdlü Abbasova Aydan Məharət qızı dağıntılar altından
çıxarılsalar da, partlayış nəticəsində ağır beton tavanların
onların üzərinə düşməsi səbəbindən həyatlarını xilas etmək mümkün
olmayıb.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 225.2
(Yanğın təhlükəsizliyi qaydalarını pozma) və 314.2-ci
(Səhlənkarlıq) maddələri ilə cinayət işi başlanmış, prokurorluq və
FHN-in Əməliyyat-İstintaq İdarəsinin əməkdaşlarından ibarət
istintaq qrupu yaradılıb. İş üzrə zəruri istintaq hərəkətləri
aparılıb, o cümlədən müvafiq ekspertizalar təyin edilib.
Hadisənin ağır nəticələrə səbəb olması nəzərə alınaraq iş üzrə
istintaqın davam etdirilməsi Baş Prokurorluğun Ağır cinayətlərə
dair işlər üzrə istintaq idarəsinə tapşırılıb.