“Yol hərəkəti haqqında” qanunun 42-ci maddəsi hərəkətə başlama və manevr etmə, 51-ci maddəsi isə ötmə ilə bağlıdır. 42-ci maddədə deyilir ki, sürücü sola dönməzdən əvvəl qarşıdan gələn nəqliyyat vasitəsini buraxmalıdır. Bu, nizamlanmayan yolayrıclarına və kəsişmələrə aiddir. Tutaq ki, gəlirik və heç bir üstünlük nişanı yoxdur, baş yol və ya baş yolun istiqaməti nişanı da yoxdur. Belə halda sola dönərkən qarşıdan gələn nəqliyyat vasitəsini buraxmalıyıq. Svetoforla nizamlanan kəsişmədə də hər iki istiqamətə yaşıl işıq yanırsa, sola dönən sürücü qarşıdan gələn nəqliyyat vasitəsinə yol verməlidir.
Axar.az xəbər verir ki, bu barədə DJ Tural kimi tanınan Tural Yusifov “Arzum” ləqəbli tiktoker İlduzə Hacıyevanın iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı izahat verib.
“Qanunda başqa bir maddə də var. Orada deyilir ki, zolağı dəyişən sürücü eyni istiqamətdə hərəkət edən nəqliyyat vasitəsinə yol verməlidir. Məsələn, mən orta zolaqdayam və sola keçmək istəyirəm. Əgər arxadan sol zolaqda hərəkət edən nəqliyyat vasitəsi gəlirsə, əvvəlcə onu buraxmalı, sonra zolağı dəyişməliyəm.
Qanun həm də deyir ki, sola dönən nəqliyyat vasitəsi qarşıdan gələn nəqliyyat vasitəsini buraxmalıdır.
Bəs 51-ci maddə nə deyir? 51-ci maddəyə görə nəqliyyat vasitəsini yalnız soldan ötürük. Bir istisna var. Qarşıdakı nəqliyyat vasitəsi sola dönmə işığını yandırıb manevrə başlayıbsa, onu sağdan ötmək lazımdır. Qanunda “sağdan ötmək tövsiyə olunur” deyilmir, məhz “sağdan ötməlisən” deyilir.
51-ci maddəyə görə, sola dönmə işığını yandırıb sola dönən nəqliyyat vasitəsini sağdan ötməlisən. Amma bu məsələ ilə bağlı protokolu məhkəmədə ləğv etdirənlər də var. Hamıya keçmiş olsun. “İçəri girənlər”in (həbs olunanların - red.) Allah qapısını açsın. Çox güman ki, onlar Apellyasiya Məhkəməsinə müraciət edəcəklər. Apellyasiya Məhkəməsi də başqa qərar çıxara bilər və praktikada belə hallar var”.
Qeyd edək ki, sözügedən qəzaya görə 4 uşaq anası İlduzə Hacıyevaya 5,2 il həbs cəzası verilib. Bu isə mübahisələrə səbəb olub.