"Space" telekanalının "Günaydın" verilişinin aparıcısı Ramal
Hüseynov verilişdəki cin əməliyyatına görə aparıcılıqdan imtina
etməsi ilə bağlı iddiaları cavablandırıb.
O,
"AzVision.az"a
müsahibəsində bu iddiaların doğru olduğunu deyərək, verilişdən
imtina etməsinə aydınlıq gətirib.
- Space telekanalında aparıcısı oldğunuz verilişdən canlı efirdə
"cin çıxarma" əməliyyatına görə imtina etdiyiniz deyilir. Bu
iddialar nə qədər doğrudur?
- Bəli, doğrudur. Layihə başlayanda biz belə danışmamışdıq. Yəni,
bu mövzular, reytinq xətrinə olan mövzular bu səviyyəyə
qaldırılmamalı idi. Biz də gördük ki,artıq vəziyyət dəyişir, ona
görə də verilişə çıxmaqdan imtina etdik.
- Veriliş başlamazdan əvvəl cin çıxardanın qonaq olacağını
bilirdiz?
- Mən öz adıma danışıram. Veriliş bitən kimi çıxıb gedirəm, veriliş
başlamadan 5-10 dəqiqə əvvəl gəlirəm. Gələndə mənə xəbər verilir
ki, mövzu nədir və kimlər qonaq kimi iştirak edəcək. Biz də bilirik
ki, bu adam efirə çıxacaq. Həmin anda inkar edib efirə çıxmamaq
olmur. Ən azından gərək heç kimi pis vəziyyətdə qoymayasan. İnsan
fikirləşir ki, müzakirə edərik, bu səviyyəyə gəlməz. Çağırılan
qonaqlardan, onların danışacağı şeyləri prodüsser və redaktor həll
edir. Verilişin içində belə şey olacağını gözləmirdim. Bir dəfə,
iki dəfə olur, üçüncü dəfədə məcbur olursan ki, heç kimə demədən
verilişdən imtina edəsən. Canlı veriliş gedərkən imtina edib getmək
olmur, etik deyil. Bu, layihəyə ziyan vurmaqdır. Çalışırsan ki, bir
az mübarizə aparasan, dərhal getmək çıxış yolu deyil. Artıq görəndə
ki, alınmır, heç nə edə bilmirsən, onda getməyə məcbur olursan.
- Rəhbərlik bu etirazınızı necə qarşıladı?
- Rəhbərlik bilmirdi. Mən gecə qərar verdim və onlara yazdım. Digər
aparıcı ilə danışıb ona fikrimi bildirdim. O da mənlə eyni
fikirləri bölüşdü, dedi ki, sən getmirsənsə, mən də getmirəm.
İkimiz də eyni qərarı verdik və gecə rəhbərliyə fikrimizi
bildirdik. Onların da zamanı az olduğundan təzə aparıcı tapa
bilməzdilər, ona görə də efirə köhnə verilişlərimizdən birini
verirlər. Birinci gün yəqin ki, özləri aparıcı tapıb efirə
çıxararlar.
- Bundan sonra həmin verilişin aparıcısı siz
olmayacaqsız...
- Yox, qətiyyən. Biz artıq bu oyunun içində olmaq istəmirik.
- Veriliş "Soy" prodakşının layihəsidir və onun rəhbəri Oqtay
Əliyev bu məsələ ilə bağlı mətbuata açıqlama verib. O açıqlama ilə
tanışsız?
- Hamı kimi mən də onun açıqlamasından bir şey anlamadım. Gah deyir
ki, aparıcılar peşəkardır, amma digər tərəfdən də deyir ki,
qısamüddətli müqavilə bağlamışıq. Buna kimsə inandı yəni? Yaxud da
bunu kimsə başa düşdü? Adətən belə müqavilə olanda aparıcılar buna
qol çəkir. Mənim belə imzalı müqaviləm varsa, çıxartsın versin
mediaya, hamı da görsün. İkincisi, müqavilə o halda imzalanır ki,
artıq prodüsserlər qərar verir ki, bu aparıcılarla bu layihəni
başlayacağıq. Ondan sonra müqavilə bağlanır ki, ya 6 ay, ya da 1 il
bu aparıcı bizimlə işləyəcək. Canlı efir ola-ola sınaq olmur. 5
aydır ki, biz bu verilişi hazırlayırıq. 5 ay ərzində onlar artıq
qərar verməli idi ki, bu aparıcılar bizim işimizə yarayır, yoxsa
yox. Bir həftə efirə əvvəldən yazılmış verilişlə çıxmışıq. Ondan
əvvəl məşqlər etmişik. Son bir aydır ki, hər gün canlı efirə
çıxırıq. İndi qərar verdilər ki, biz yararsızıq və müqaviləmiz
pozulsun? Gülməli şeylər danışırlar. Əgər belə idisə, niyə 5-ci gün
efirə təzə aparıcı ilə deyil, bizim verilişin təkrarı ilə çıxdılar?
Əgər onlar bizi çıxarmışdısa, deməli, aparıcı tapıb sonra bizi
çıxarmalı idilər. Efiri boş saxlaya bilməzdilər. Özləri verdikləri
açıqlamaya inanır görəsən?
- Layihəyə başlayanda sizə demişdilər ki, sizinlə sınaq müddətində
çalışacaqlar?
- Xeyr. Belə bir danışıq olmayıb. Məşqlər olub, bir həftə veriliş
efirə əvvəldən yazılmış çıxıb, o müddət ərzində qərar verməli
idilər ki, bizimlə işləyəcəklər, yoxsa yox. Ondan sonra neçə
müddətdir ki, biz canlı efirə çıxırıq. Bu, ilk veriliş, deyil ki.
Elə açıqlama vermək lazımdır ki, inandırıcı olsun. Bizim getməyimiz
istənilən halda yaxşı addım deyildi, amma məcbur qalandan sonra
bundan başqa çıxış yolu olmur. Ona görə də demək istəyirəm ki,
yalan-yanlış açıqlama vermək lazım deyil. Gərək hər şey doğruları
əks etdirsin. Yalan məlumatlar verib insanları çaşdırmaq və
özlərinə güldürmək lazım deyil.