7 qohumunu öldürən cinayətkarın valideynindən şok
açıqlamalar; Müzəffər Hüseynov Yeni Müsavat-a müsahibəsində oğlunun müdhiş
cinayətə əl atdığının səbəblərini açıqladı: "Qayınanasına dedi ki,
qızınla başdaşını bir qoyacağam"; Səfikürd əhalisi isə olayı ADNA
terroru ilə müqayisə edir...
Goranboy əhalisi oktyabrın 1-də baş verən dəhşətli qətlin
şokundan hələ çıxmayıb. Rayonda kimə yaxınlaşsan, Səfikürd
kəndindəki ürəkparçalayan hadisədən danışır. Qətli törədən Rafiq
Hüseynovun yaşadığı evin qabağında qanlı olaydan sonra qurulan
polis postu hələ götürülməyib. Onun valideynlərinin olduğu ev də
polis nəzarətindədir.
Qatilin ailə üzvləri kənddən müvəqqəti olaraq çıxarılıb ki, hər
hansı insident yaşanmasın. Ehtimal olunur ki, cavab olaraq
Hüseynovların evi yandırıla bilər, yaxud evə hücum olar. Səfikürd
kəndinin camaatı bu kütləvi qətliamı terror aktından
fərqləndirmir.
Onların sözlərinə görə, ölkədə şəxsi münaqişə zəminində belə bir
cinayət olmayıb. Kənd sakinləri bildirirlər ki, qatilin qumbara
ataraq üç ailəni tələf etməsi, ADNA-da Fərda Qədirovun törətdiyi
terror aktı ilə müqayisə oluna bilər. Çünki öldürülən 7 nəfərdən
savayı, iki nəfər yaralıdır, digər iki qonşusunun isə bəxti üzünə
gülüb. Deməli, 11 nəfəri qətlə yetirməyə cəhd edib. Qatilin isə
hazırda Gəncə Şəhər Polis İdarəsində (ŞPİ) saxlandığı
bildirilir.
Bəs onu bu qəddar addımı atmağa nə vadar edib? Niyə R.Hüseynov
üç yaşlı körpəni belə öldürüb? Bu suallarımızı Səfikürd kəndində
olarkən atası Müzəffər Hüseynov cavablandırdı.
* * *
M.Hüseynov "Yeni Müsavat"ın bu hadisə ilə bağlı Goranboyda
ezamiyyətdə olan əməkdaşlarına deyib ki, hər şey gəlini Südabə
Hüseynovanın atası evindən qayıtmaq istəmədiyinə görə baş verib.
Onun dediyinə görə, oğlu ay yarım olardı ki, Südabə ilə evlənmişdi:
"Evlənəndən sonra özlərinin evlərinə köçdülər. İndi zəmanə dəyişib,
gəlinlər qayınana ilə bir yerdə yaşamaq istəmirlər. Biz də
razılaşdıq, cavandırlar, qoy yaşasınlar. Deməli, sentyabrın 27-də
Naftalana getmişdik.
Qız nəvəmin xınayaxdı mərasimi idi. Ancaq həmin gün onun
qayınatasının vəfatının ili idi. Ora gedib sonradan qızımın evinə
gəlmişdilər. Məclisdə çox mehriban idilər, danışıb-gülürdülər.
Düzü, Rafiq içki də içmir, heç siqaret də çəkmir. Biz də
Naftalandan qayıdıb, qayınanasına zəng elədik, üzrxahlıq etdik.
Sonra gedib baş çəkdik, yasda ehsan süfrəsində oturduq, axşam da
evə qayıtdıq. Yas mərasiminə Rafiqlə yoldaşı günorta gəlmişdilər
deyə axşam gəlmədilər. Bu gəlin də elə bilin ki, birinci sinfə
gəlib. Başa düşmək olar. Ata evində nəyisə öyrənməyib. Rafiqə
deyirdim ki, nə bilməsə yolunu göstər, başa sal".
"Rafiq öz ifadəsində deyib ki, o körpəni öldürməyinə görə
peşmandır. Bildirib ki, ev qaranlıq olub, uşağın olduğunu bilməyib.
Özü də Rafiq həmin uşağı çox istəyirdi"
Onun sözlərinə görə, qudasının il mərasimindən bir gün sonra
oğlu səhər saatlarında evə gəlib: "Rafiq gəlib dedi ki, bəs Südabə
evdən gedib. Evdə mübahisə ediblər, oğlum ondan ayaqqabı istəyib,
gəlin də səhv gətirib. Dedim, ay bala, səhv gətiribsə, izah elə,
düz gətirsin. Sonra danışdı ki, bəs gəlin əmisi oğlu ilə
öpüşüb-görüşdüyünü dediyi üçün onu döyüb, başına "botinka" ilə
vurub.
Deməli, bunlar nişanlı olanda Gəncəyə getmişdilər. Rafiq əvvəl
gündən nişanlısına tapşırıb ki, qardaşın və bacından başqa heç
kəslə öpüşüb-görüşmə, bir də mənə yalan danışma. Qızın əmisi oğlu
da görüşəndə onu öpüb.
Gəlin də gizlətməyib, 1 gün sonra bunu Rafiqə deyib. Bu, Rafiqin
ürəyində qalıb. Sonradan da hirslənib, başından "botinka" ilə
vurub, qız da atası evinə gedib. Mən də yoldaşımı götürüb qızın
atası evinə getdik. Ancaq anası dedi ki, qayıtmağa qoymayacaq.
Rafiqə bunu deyəndə yanımızda evlərinə zəng eləyib qayınanasına
dedi ki, qızınla başdaşın bir olacaq. Düzü, heç nə başa düşmədim,
niyə bu sözü dedi".
M.Hüseynovun sözlərinə görə, gəlin qayıtmadığı gün oğlu evdə tək
qalıb: "Qardaşı və nəvəm də tək qalmasın deyə Rafiqin yanına
getdilər ki, fikir eləməsin, dərdini bölüşsün. Təxminən gecə saat
1-ə qədər Rafiqin yanında olublar. Onu başa salmağa çalışıblar,
yola gətirmək istəyiblər. Ondan sonra evlərinə gediblər. Gecə
yarısı, oktyabrın 1-i yatmışdım. Bir də gördüm Rafiq gəlib məni
qucaqlayıb öpdü. Axı hardan biləydim ki, gedib qumbara atıb, 7
nəfəri öldürüb, gəlib vidalaşmağa?! Sonra dedi ki, "ata, salamat
qal, narahat olmayın, hər şey qaydasındadır"...
Bunu deyib evdən çıxdı. Tez qalxıb, üstümü dəyişib, dalınca
həyətə qaçdım. Gördüm ki, qardaşı ona yalvarıb-yaxarır. Elə
darvazanı açanda güllə səsi eşitdim. Demə, qorxutmaq üçün havaya
atıbmış. Amma ondan əvvəl də qonşumuz Aydını çağırıb, ona da güllə
atıb. Mən arxa otaqda yatmışam, heç nə eşitməmişəm. Bax, belə olub.
Həyətdə qardaşına deyib ki, aralaş, özümü vuracağam. Qardaşı isə
onu fikrindən daşındırıb. Sonra darvazanın yanında qardaşına dedi
ki, bəs onu polis şöbəsinə aparıb təslim eləsin... Kaş özünü
vuraydı, o ailəyə də, mənə də təsəlli olardı".
Ata oğlunu bir də nə vaxtsa görəcəyinə ümidi olmadığını
bildirdi: "Rafiq öz ifadəsində də deyib ki, 3 yaşlı körpəni
öldürməyinə görə peşmandır. Bildirib ki, ev qaranlıq olub, uşağın
olduğunu bilməyib. Özü də Rafiq həmin uşağı çox istəyirdi. O gəlin
də, ailəsi də çox yaxşı insanlar idilər. Mən bu ailə haqda pis söz
deyə bilmərəm.
İnsafən çox yaxşı gəlin idi. Rafiqlə də bu ay yarımda mehriban
olublar. Özümüz sevinirdik ki, nə yaxşı bir-birini başa düşürlər.
Təmizkar gəlin idi. Tək o yox, bütün gəlinlərim hörmətimi
saxlayırdı. Mən elə kişi olmuşam ki, kimin qapısına getsəm, qızını
oğluma verməkdən imtina etməyib. Haradan bilim ki, Rafiq belə iş
görəcək?"
Müsahibimiz oğlunun birinci evliliyindən də söz açdı: "Toydan
sonra bizim evdə 12 gün qaldılar. Sonra başqa yerdə yaşayıblar.
Qəşəng toy elədik. Amma yola getmədilər. Qızı döyməyini deyə
bilmərəm.
Ancaq Bakıda kirayədə yaşayırdılar. Evin sahibi bir dəfə deyib
ki, bu necə gəlindir, kartofu qoyub qazın üstünə, özü də gedib
yatıb, az qala ev yansın. Bunun üstündə mübahisə oldu, ayrıldılar.
Doğrusu, birinci gəlin evdən qaçmışdı. Ancaq Rafiqin ikinci
evliliyi pis deyildi".
M.Hüseynov deyir ki, oğlunda hər hansı bir xəstəlik, psixi
pozğunluq olmayıb: "Oğlumun heç bir xəstəliyi olmayıb, içki düşkünü
deyildi. Özü də, deyəsən, bu gəlin təzəlikcə uşağa qalıbmış. Hər
şey evə qayıtmamağına görə oldu. Anası qoymadı, Rafiq də təsirlənib
bu işi görüb.
Onda silah əsgərlikdən qabaq vardı. Çünki Ovçular Cəmiyyətinin
üzvü idi. Amma qumbaranı hardan tapıb bilmirəm".
Oğlunun özünə yaxşı ev tikdirdiyini bildirən M.Hüseynov Rafiqin
gəlirinin də pis olmadığını dedi: "Həyətdə işləyirdi, "setka"
toxuyurdu, ayaqqabı tikirdi. Sənətkar adamdı, əli qızıl idi".
M.Hüseynov qonşusu Aydın Yusifovla arasındakı məhkəmə
çəkişməsinin səbəbini də açıqladı: "Onun oğlu həyat yoldaşımı su
üstündə söymüşdü. Rafiq də onu döymüşdü. Ona görə Rafiqi 5 sutkalıq
içəri saldılar. O vaxt kredit götürüb, min manat verib, Rafiqi
çıxardım. Ədavətimiz buna görədir. 2011-ci ildə də torpaq şöbəsinə
ərizə verdik ki, Aydıngil hasarı küçənin ortasına qoyublar, gəlib
söküb yerinə qoysunlar. İndi iş məhkəmə icraçılarındadır. Mənim
oğlum bu iddia ilə onlara güllə atıb. Kaş özünə güllə ataydı, bizi
bəlaya saldı".
Yada salaq ki, oktyabrın 1-i, sübh saat 4:00 radələrində Rafiq
Hüseynov əl qumbarası və silahla qayınatası evinə hücum edərək, 5-i
qadın olmaqla, 7 nəfəri öldürüb, 2 nəfəri isə yaralayıb. Evə olunan
silahlı hücum nəticəsində qətlə yetirilən şəxslərin adları
bunlardır:
1958-ci il təvəllüdlü Diləzbər Alı qızı Məmmədova, 1983-cü il
təvəllüdlü Fərqanə Allahyar qızı Məmmədova, 1951-ci il təvəllüdlü
Ofelya İsa qızı Məmmədova, 1963-cü il təvəllüdlü Həvayət Xanlar
qızı Məmmədova, 1984-cü il təvəllüdlü Südabə Allahyar qızı
Hüseynova, 1989-cu il təvəllüdlü Namiq Allahyar oğlu Məmmədov və
2011-ci il təvəllüdlü İsa Elvin oğlu Məmmədov.
Onlar qatilin həyat yoldaşının qohumlarıdır. Yaralılar 28 yaşlı
Natiq Məmmədov və 30 yaşlı Günel Məmmədova isə Gəncə Şəhər Təcili
Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Natiq və Namiq öldürülən
gəlinin qardaşları olub.