Bu gün saat 14^00-da Beynəlxalq Mətbuat Mərkəzində (BMM)
millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlının rəhbərlik etdiyi
Azərbaycan Dil Qurumunun təşkilatçılığı ilə Azərbaycan dilinin
qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və
ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramıyla bağlı 9 aprel
2013-cü il Prezident Sərəncamının icrası müzakirə
edilib.
Axar.az xəbər verir ki, iclasda Dilçilik İnstitutunun Monitorinq
şöbəsinin rəhbəri Qulu Məhərrəmli başda olmaqla dilçi mütəxəsislər,
müstəqil ziyalılar, media nümayəndələri iştirak edib.
Dil Qurumunun başqanı Sabir Rüstəmxanlı çıxışında Azərbaycan Dil
Qurumu haqqında, qurumun indiyə qədər həyata keçirdiyi layihələr
barədə qısa hesabat verib. Sabir
bəy həmçinin bildirib ki, 23 may 2012-ci ildə Prezidentin verdiyi
Sərəncam 9 aprel 2013-cü il tarixi ilə təsdiq edilən Dövlət
Proqramından daha geniş və əhatəlidir.
Dövlət Proqramı barədə məlumat verən ADQ başqanının sözlərinə
görə, aidiyyəti qurumlar nəzəri baxımdan işləsə də, təəssüf ki, bu
Sərəncam və Dövlət Planı praktik olaraq cəmiyyətdə görünmür:
"Bu cür misilsiz Sərəncam və Dövlət Proqramı qanunvericilik
bazası kimi dünyanın heç bir ölkəsində yoxdur. Amma onun praktik
tətbiqi necədir? Bu sərəncamın ictimai-siyasi və hüquqi genişliyi
imkan verirdi ki, sərəncamdan dərhal sonra Bakı küçələrində reklam
lövhələri ana dilinin tələblərinə uyğunlaşdırılsın, böyük bir ana
dili dalğası başlasın. Amma biz bunu görmürük. Əsrlər üzrə lüğətlər yoxdur, orfoqrafiya və
izahlı lüğətlərdə dövlət dilinin imkanları əhatə
olunmayıb".
Dilçilik İnstitutunda Monitorinq şöbəsinin müdiri Qulu
Məhərrəmli də çıxışında Dövlət Proqramının böyük üfüqlər açdığını
deyib və etiraf edib ki, il yarım ötməsinə baxmayaraq, cəmiyyətin
rekasiyası qaneedici deyil. Qulu
Məhərrəmlinin sözlərinə görə, Bakının mərkəzində 10 nəfərdən 7-si
yenə də rusca danışır və bu dil hələ də guya elitalığın nümunəsi
olaraq qiymətləndirilməkdə davam edir:
"Nə qədər ki, cəmiyyətdə hələ də rus və ingiliscə danışmaq və
rusca-ingiliscə sözlərdən maksimum istifadə ilə ana dilini şikəst
etmək dəbdə olacaq, cəmiyyətin belə reaksiyasının nəticəsində heç
nəyə nail olmaq mümkün deyil. Vaxt var idi cəmiyyət bu dili qoruyurdu,
yuxarılar isə bu dilə yuxarıdan aşağı baxırdı. İndi yuxarıdan
təşəbbüs var, amma cəmiyyətin reaksiyası adekvat deyil".
Q.Məhərrəmli yazarların, medianın ana dilinin təmizliyi, saflığı
uğrunda mübarizədən geri çəkildiyini hiss etdiyini deyib və
bildirib ki, bu da öz təsirini göstərir:
"Dil obrazlılığını itirib, frazeoloji birləşmələr sanki aradan
çıxır, dilin ruhu yox olur və yalnız statistika qalır. Xəbərləri
çox məhdud - bəzən 30 sözlə məhdudlaşdırırıq. Hətta yazarlarımız da
böyük bir əsərdə 1000-1500 sözdən istifadə edir".
Professor, keçmiş Təhsil naziri Firudin Ağasıoğlu çıxışı zamanı
millətin varlığı, canı məsələsi olan ana dilinin müzakirəyə
çıxarıldığı belə bir tədbir mühüm hadisə adlandırıb:
"Bizim ana dili uğrunda mübarizəmiz bu günün, dünənin deyil,
Sabir bəylə birgə 60-cı illərdən dilin təmizliyi uğrunda mübarizə
aparanlardan olmuşuq. Azərbaycan türkcəsi elə bir dildir ki,
orfoqrafiyası, çoxmənalılığı, imkanları ilə bütün türk dillərindən
fərqlənir.
50-ci illərdən hətta rus qrafikasında belə dilçi alimlərimiz
islahatlar apardılar, bu kirill əlifbasının içində belə ana dilini
qorumağa çalışdılar.
Həmin zamanda SSRİ daxilindəki digər türk dillərinə baxın və
görəcəksiz ki, bizim alimlər, mənim müəllimlərim necə fədakarlıqla
bu yolu davam etdiriblər, hansı risklər altında dili qoruyub, yazı
qaydalarını təkmilləşdiriblər. Təəssüf ki, SSRİ zamanında
ziyalılarımızın dilimizin inkişafını izləyən bu fədakarlığını indi
müşahidə etmirik. Sözlərin yazılışından tutmuş ərəb, fars mənşəli
dilin özünün təmizlədiyi sözlərə qədər, əksər ifadələr hələ də
yazarlar tərəfindən işlənir".
Tədbirdə Mirzə Ələkbər Sabir Fondunun prezidenti Sevda Tahirli,
dilçi alim Şahlar Məmmədov, yazar Sayman Aruz, dilçi alim Elçin
Məmmədov, jurnalist Azər Həsrət və s. mövcud qaydalar və orfoepiya
ilə bağlı problemlərdən, onların həlli yollarından danışıb,
təkliflər veriblər.