Azərbaycan bu həftəni qanlı, tükürpədici, vəhşət doğuran
qətllərlə geridə qoydu.
Axar.az xatırladır ki, həftənin qətlləri təkcə medianın baş
xəbəri olan Pərvanə Quliyevanın bacısının başını kəsməsi,
Xırdalanda oğulun ananı namus üstündə öldürməsi ilə
məhdudlaşmadı.
Eyni zamanda, qardaşın qardaşı bıçaqlaması ilə yadda qaldı.
Hadisə oktyabrın 24-də Xətai rayonu Məzahir Rüstəmov küçəsində
yaşayanlar arasında olub. 1989-cu il təvəllüdlü Orxan Muradəliyev
qardaşı, 1987-ci il təvəllüdlü Murada bıçaq xəsarət yetirib.
Habelə, Qazaxda mübahisə edən iki kişidən biri qətlə yetirilib.
Hər ikisi şəxs - Qazax sakini olan 37 yaşlı Ramin Qurbanov və 40
yaşlı Süleyman Möhtərəmov dərhal Qazax Rayon Diaqnostika Mərkəzinə
çatdırılsalar da, Ramin Qurbanovun həyatını xilas etmək mümkün
olmayıb.
***
Maştağa qəsəbəsində "Göl" deyilən ərazi də cinayətə şahidlik
edib. Bakı şəhər sakinləri, 1996-cı il təvəllüdlü Asim Etibar oğlu
Bünyatov və 1994-cü il təvəllüdlü Yarəli Ağadadaş oğlu Dadaşov
aralarında yaranan münaqişə zəminində 1992-ci il təvəllüdlü Röyal
Müzəffər oğlu Nəcəfovu çoxsaylı bıçaq zərbələri yetirərək qətlə
yetiriblər.
***
Oktyabrın 21-də isə Hacıqabul Rayon Mərkəzi Xəstəxanasında ər
arvadını bıçaqla qətlə yetirməklə hamını şoka salıb. Hadisə
xəstəxananın foyesində olub.
Hacıqabul sakini, əvvəllər məhkum olunmuş 46 yaşlı İslam Əhmədov
həyat yoldaşı, 51 yaşlı Bacıxanım Əhmədovanı 4 bıçaq zərbəsi ilə
qətlə yetirib.
Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.
Bacıxanım Əhmədovanın iş yoldaşları bildirib ki, onun həyat yoldaşı
tüfeyli həyat tərzi yaşayıb. Bu səbəbdən Bacıxanım Əhmədova
məhkəməyə boşanma ərizəsi ilə müraciət edib. Ehtimal olunur ki,
qətl də elə bu zəmində baş verib.
***
Həftə ərzində qanlı olaylar bununla da bitməyib. Bakının
Z.Bünyadov prospektində yerləşən kafedə müğənni Elçin Məmmədov
müştərini bıçaqlayıb. Hadisə gecə saat 2 radələrində qeydə
alınıb.
Kafeyə gələn 5 müştəri yeyib-içib, onlardan biri müğənniyə
atmaca atıb: "Bunlar gələndə mən oxuyurdum. Söyüş söydülər, fikir
vermədim".
Təqsirləndirilən şəxs onların kafedən getməsini gözlədiyini,
amma müştərilərin danışmaq üçün müğənnini çölə çağırdıqlarını
deyib. Bildirdiyinə görə, həmin şəxslər kafedən kənarda da onu
söyüb, təhqir ediblər.
Bundan qəzəblənən Elçin Məmmədov Bakı şəhər sakini, 1989-cu il
təvəllüdlü Rəşadət Qasımovun oturduğu avtomobilə yaxınlaşıb: "Dedim
düş aşağı! Düşən kimi 2 zərbə endirdim".