"Hesab edirəm ki, bu verilişlərin birmənalı şəkildə
yığışdırılması lazımdır".
Bu sözləri Axar.az-a açıqlamasında Milli Məclisinin deputatı
Qənirə Paşayeva Respublika Ağsaqqallar Şurasının sədri, Milli
Məclisin üzvü Fəttah Heydərovun televiziyalarda qabardılan
ailə-məişət mövzuları ilə bağlı sərt tənqidinə münasibət
bildirərkən dedi. Onun sözlərinə görə, ailə zorakılığı üzərində
yaradılan şou cəmiyyətin maariflənməsinə xidmət etmir:
"Fəttah müəllimin sözlərində çox böyük həqiqət var. Çünki
ailə-məişət məsələlərində bir sıra xoşagəlməz hadisələrin bəzən
doğru olmayan halda, cidd-cəhdlə qabardılmasının şahidi oluruq. Bu
məsələlərin əslində insanların maarifləndirilməsi istiqamətində
deyil, hansısa şou xarakteri ilə qabardılması yolverilməzdir. Biz
görürük ki, bu, öz təsirini çox mənfi təzahürlərlə cəmiyyətdə
göstərir. Buna görə də Fəttah müəllim haqlıdır. Mətbuat və mediamız
ailə-məişət zəmnində daha çox həssas olmalıdır. Əsasən bu mövzular
cəmiyyətin maarifləndirilməsinə xidmət etməlidir. Məsələn,
Azərbaycanda çox gözəl ailə örnəkləri var. Bu ailələrin təbliği ilə
bağlı mətbuatımızda, mediamızda demək olar ki, heç nə görmürük.
Yəni gənc nəsillərə elə ailələri göstərmək lazımdır. Amma biz
efirdə millətimiz üçün xarakterik olmayan, istisna təşkil edən
ailələrin şou naminə göstərilməsinin şahidi oluruq və bəzən də bu
müzakirələr doğru istiqamətdə aparılmır.
Bu, əlbəttə ki, cəmiyyətimizə heç vaxt müsbət təsir göstərə
bilməz. Cəmiyyətimizin və gənc ailələrimizin qorunması üçün bu
mövzulara həddindən artıq həssas yanaşma tələb olunur. Belə
verilişlər hazırlananda ilk növbədə bunun nəyə xidmət etdiyini
araşdırmaq lazımdır. Ümumilikdə hesab edirəm ki, bu verilişlərin
birmənalı şəkildə yığışdırılması lazımdır".
Bir neçə dəfə Milli Məclisdə bu mövzuda iradlarını bildirdiyini
deyən xanım Paşayeva əsas məqsədin cəmiyyətdə olan çatışmazlıqların
qabardılması deyil, onun qarşısının alınması olduğunu deyib:
"Milli Məclisdə mütəmadi olaraq bu məsələ müzakirə olunur. Təkcə
deputatlarla yox, mətbuatda və mediada olan dostlarımızla da bu
mövzuda müzakirələr aparırıq. Özüm də çıxışlarımda bir neçə dəfə bu
mövzuya toxunmuşam. Və bildirmişəm ki, cəmiyyətə zərər verən bu tip
verilişlərin qarşısının alınması üçün lazımı addımlar atılmalıdır.
Cəmiyyətimizi düşünməliyik. Tək mən yox, bir çox millət vəkilləri
bu barədə dəfələrlə öz fikrini, iradını bildirib. Əsas məqsəd
cəmiyyətdə olan çatışmazlıqların qabardılması deyil, onun
qarşısının alınmasıdır".
Xatırladaq ki, bir neçə gün öncə Respublika Ağsaqqallar
Şurasının sədri, Milli Məclisin üzvü Fəttah Heydərov KİV-ləri sərt
tənqid edərək dağılmış, ikrah hissi doğuran ailələrdə baş verən
xoşagəlməz halların qabardılmasının yolverilməz olduğunu deyib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə
"Milli-mənəvi ailə dəyərləri: ənənə və müasirlik" mövzusunda
keçirilən konfransda danışan F.Heydərov normal, sağlam ailələrin
təbliğinə geniş yer verilməsinin zəruri olduğunu bildirib:
"Ümumiyyətlə, ölkədə ailələrlə bağlı ciddi təbliğat işi
qurulmalıdır. Xüsusilə də yaşlı nəsil Azərbaycanda baş verən
proseslərə dərindən nəzər salmalı, cəmiyyətə qara yaxmaq, onun
təməl sütunlarını dağıtmaq istəyən qüvvələrə qarşı mübarizə
aparmalıdır. Hazırda cəmiyyətin böyük hissəsini gənclər təşkil
edir. Lakin gənclərin əksəriyyəti Azərbaycanın vaxtilə düşdüyü
çətinlikləri görməyiblər. Onlarla ciddi iş aparılmalıdır. Cəmiyyət
ailələrdən ibarətdir. Ailə özü bir kiçik dövlətdir. Hər ailənin
iqtisadiyyatı və siyasəti vardır. Ailə möhkəmdirsə, dövlət də
möhkəmdir. Ailə bu gün müasir dövrün tələblərinə cavab verirsə,
dövlət də elədir".