Azərbaycan Milli QHT Forumu Avropa Parlamentinin (AP)
prezidenti Martin Şultsun noyabrın 26-da qurumun plenar iclasındakı
çıxışı ilə bağlı etiraz bəyanatı yayıb.
Forumdan verilən məlumata görə,
bəyanatda bildirilir ki, AP prezidenti olaraq Martin Şults
Avropanın bütün ölkələrinə bərabər və ədalətli münasibət sərgiləmək
əvəzinə Azərbaycan haqqında həqiqətə uyğun olmayan fikirləri ilə
diqqət çəkir.
Qeyd olunur ki, noyabrın 26-da Avropa Parlamentinin Strasburqda
keçirilmiş plenar iclasında M.Şultsun Leyla Yunusun hüquqlarının
pozulması ilə bağlı söylədiyi fikirlər ölkənin daxili işlərinə
qarışmaq deməkdir: "Şults bununla Azərbaycanda, ümumiyyətlə, insan
haqlarına guya əməl edilməməsi təəssüratı yaratmağa cəhd edib.
Konkret cinayət əməllərində, o cümlədən vətənə xəyanətdə ittiham
olunan şəxsləri söz, mətbuat və fikir azadlığının pozulması
bəhanəsi ilə müdafiə etməyə çalışmaq Avropa Parlamenti kimi nüfuzlu
bir təşkilatın obyektivliyinə kölgə salır, Avropa İttifaqı kimi
qurumun qeyri-ciddi və qərəzli siyasi mövqeyindən xəbər verir.
İndiyə qədər cənab Şults çıxışlarında Ermənistandan deportasiya
edilmiş, özlərinin Qarabağdakı doğma yurd-yuvalarından qovulmuş yüz
minlərlə azərbaycanlının hüquqlarından bircə dəfə də olsun
danışmayıb, erməni separatçılarının qətlə yetirdiyi günahsız
insanlardan, müxtəlif fiziki və mənəvi zorakılıqlara məruz qoyulan
müsəlmanlardan bəhs etməyib. 25 ildir təcavüzkar Ermənistanın
işğalı altında olan Azərbaycan torpaqları haqqında bir dəfə də
olsun cənab Şultsun səsini və fikrini eşidən olmayıb, eyni zamanda
Avropada hər gün dini və insani hüquqları tapdanan milyonlarla
müsəlmanın diskriminasiyaya məruz qalması Avropa Parlamentinin
prezidentini qətiyyən narahat etmir".
Bəyanatda bildirilir ki, bütün bunlar belə düşünməyə əsas verir
ki, M. Şultsu daha çox Azərbaycanın əldə etdiyi nailiyyətlərə kölgə
salmaq, Azərbaycan xalqını demokratik dəyərlərdən uzaq bir xalq
kimi qələmə vermək mərəzi daha çox ilgiləndirir: "Avropa
Parlamentində Azərbaycana qarşı qərəzli, həqiqətə uyğun olmayan
belə fikirlərin səslənməsi Qərbin Cənubi Qafqaz siyasətinin
zəifliyindən xəbər verir, bu təşkilatın hələ də region
dövlətlərinin bölgədəki rolunu real qiymətləndirə bilmədiyini bir
daha təsdiq edir. Biz Azərbaycan Milli QHT Forumunun üzvü olan 648
QHT rəhbəri M. Şultsun ölkəmizlə bağlı söylədiyi qərəzli və
qeyri-obyektiv fikirləri birmənalı şəkildə rədd edir və Avropa
ictimaiyyətini ikili standartlara xidmət edən bu siyasətə qarşı
etiraz bildirməyə səsləyirik".