"Milli Şuranın mitinq estafetini bu dəfə ayrılıqda bir
partiyanın öz üzərinə götürməsi Azərbaycanın siyasi praktikasında
yeni hadisədir".
Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Zahid Oruc
müxalifətin içərisində hökm sürən vəziyyətə və Müsavat Partiyasının
parçalanması barəsində son dövrlər təşkilatın içərisindən verilən
bəyanatlara aydınlıq gətirərkən deyib.
Onun sözlərinə görə, iqtidarın rəqiblərindən heç bir qüvvə
təkbaşına belə kütləvi tədbirlərə əl atmayıb:
"Əslində, müxalif cinahda hökm sürən "soyuq müharibə"nın isti
savaşla əvəz olunması, Xalq Cəbhəsi ilə Müsavatın arasındakı
didişmənin açıq müstəviyə çıxması zorən müttəfiqliyi başa çatdırdı
və siyasi sistemdə köklü keyfiyyət dəyişikliklərinə yol açdı. Ona
görə, Müsavat Partiyasının 14 dekabr mitinqini təkbaşına keçirməsi
meydanda səslənən bəyanatların əhəmiyyətindən daha çox, öz
varlığını qoruyub saxlamağa, qurultaydan sonra aldığı zərbələrin
təsirindən qurtulmağa və daxili gərginliyi qapadaraq yenidən aktiv
proseslərə qayıtmağa hesablanmışdı. Yəni, on illər ərzində
sabitliyi ilə öyünən bir təşkilatın indi "Məhsul" meydanına
toplanmasında başlıca məqsədi məhbuslar və ölkədəki vəziyyətlə
əlaqədar deyildi. Həmin fikirlər faktiki olaraq hər gün həmin
təşkilatın məhdud saylı funksionerlərinin dilindən media vasitəsilə
səslənir və belə olan təqdirdə bir ovuc adamı soyuq havada Yasamala
toplamağa heç bir lüzum yox idi. Başqa cür də ola bilməzdi. Bir
partiyanın hansı elektoral bazası və güclü elitası qalıb ki, bunun
hesabına iqtdarı özləri ilə hesablaşamağa vadar etsinlər. Deməli,
mitinq müxalifətin digər qanadına qarşı yönəlmişdi".
Millət vəkili bildirib ki, fəaliyyət qabiliyyətini sübuta
yetirəcəkləri təqdirdə "peyk partiyaları"nı təzədən ətraflarına
toplayaraq müxalifətin əsas güc mərkəzinin Müsavat olduğunu xarici
nəzərə nümayiş etdirmək də nəzərdə tutulan planlar
içərisindəydi:
"Cəmi 400 nəfərin toplaşdığı aksiya hakimiyyətdən daha çox
Millli Şura cinahının maraqlarını müdafə edən informasiya
vasitələrində təftiş edildi, gözdən salıcı açıq təbliğata,
qısqanclığa və əks təsirə məruz qaldı. Səbəbləri hamıya məlumdur.
Dünənədək mehriban düşmənlər kimi eyni çətiri bölüşənlərin ittifaqı
dağılan kimi keçmiş ziddiyətlər dövriyyəyə qayıtdı. Lakin əvəzində
hakimiyyət tərəfdən Müsavata qarşı hər hansı kəskin reaksiya və
informativ hücumun şahidi olmadıq. Bunu kimsə manevr kimi qələmə
verə bilər və iddia edər ki, rəsmi qurumlar müxalif düşərgənin daha
çox parçalanması üçün tərəflərə öz soyuq münasibətini də fərqli
proporsiyada verir. Birilərini dəmir qılıncla qarşılayarkən,
digərlərini qamçı ilə kötəkləmək daha effektli olur, bəzən.
Politoloji dildə desək, AXCP-nin yer aldığı şura ilə müqayisədə
yerdə qalan bütün partiyaların legitimlyi tanınır və onlar hər cür
dialoqa, yaxud siyasi sistemin ayrılmaz tərkib hissəsi kimi
münasibətə layiq görülür".
Z.Orucun sözlərinə görə, Müsavatın sıradan çıxması və tamamilə
iflas etməsi heç də uğurlu layihə sayılmır:
"Əvəzində millişuraçıların nəyin hesabını apardıqları bəllidir.
Onlarla rəqabət aparan və iqtidara balans, qarşıqoyma üçün gərək
olan Müsavatdan yaxalarını qurtarsınlar. Bir sözlə, tam əminliklə
demək olar ki, hazırkı şəraitdə müxalifətdə hökm sürən
ikihakimiyyətlik Fevral Burjua İnqilabı dövrünü yaşayan Çar
Rusiyasını xatırladır. Bəli, Müsavat 1992-ci ildəki hakimiyyətin
bütün məsuliyyətinə şərikdir və bu tarix onun bütün perspektivi
qarşısında başlıca maneələrdən biridir. Hakimiyyət də haqlı olaraq
onları diskreditasiya etmək üçün bundan uğurla istifadə edir. Lakin
Müsavatın tam məhvi siyasi ekstremizm təmayülündə olanların
imkanlarını genişləndirər, xarici müdaxilə üçün zəmin hazırlayan
əks düşərgənin xeyrinə işləyərdi. Pis-yaxşı, bu təşkilat müəyyən
kiçik strukturlara malikdir və onlar leqal qruplardır,
üsyankarlığı, vətəndaş itaətsizliyi, kriminal maliyyyə
dairələrinin, cinayətkar ünsürlərin iradəsinin ifadəçiləri olaraq
qəbul olunmurlar. Üstəlik, real bir şəxs tərəfindən də
yönləndirilməsi bir təşkilatın xaosa deyil, ölkədəki mövcud
status-kvonun dayanıqlığına və fundamental dəyərlərin qorunub
saxlanmasına tərəfdar olduğunu da söyləmək olar".
Millət vəkili bildirdi ki, Müsavatın əleydarları açıq-aşkar
destruktivlikləri ilə seçilən qatı neobolşeviklərdir. Belələrinin
meydanda tək qalması və hakimiyyət alternativinə çevrilməsi daxili
sabitliyin ziyanınadır:
"Bütün tarix boyu,eləcə də müasir şərq cəmiyyətlərində
partiyaları yaxından təqib edən dini elektoratı da buraya əlavə
etsək, belə bir mənzərə alınır ki, hər halda, müsavatçılar
Azərbaycanda islam inqilabına, yaxud sivil dünya quruluşunun
dəyişdirilməsinə razı deyillər, siyasi kapital üçün mitinqə
gətirilən dindar şəkilləri də inanclı insanları müvəqqəti siyasətin
alətinə çevrimək məqsədi güdür və daimi müttəfiqlik xarakteri
daşımır. Ona görə də beynəlxalq siyasətin məlum prinsipini hazırkı
siyasi şəraitə tətbiq edəndə, yəni çəkindirmə və balans
nöqteyi-nəzərindən yanaşanda, bu partiyanın tam siyasi iflası
quzğunların, təsir agentlərinin və "beşinci element"lə fəaliyyət
göstərənlərin xeyrinə işləyər ki, bu da qeyri-zorakı mübarizə
tərəfdarlarının meydanının tamamilə daralması və siyasətin
qəddarlaşması ilə nəticələnə bilər. Necə deyərlər, sərçələr
vurulanda taxıl zəmilərini çəyirtkələr basır".