Ağdam Rayon Mərkəzi Xəstəxanasının (210 çarpayılıq) üçüncü mərhələ üzrə tikintisinə başlanılır.
Axar.az Trend-ə istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin tikilməkdə olan müəssisələrinin müdiriyyəti bununla bağlı müvafiq işlərə start verib.
Belə ki, qurum hazırda sözügedən işləri icra edəcək şirkəti müəyyənləşdirməkdədir.
Eyni zamanda nazirlik xəstəxananın bu nərhələ üzrə tikintisinə 9,5 milyon manat vəsaitin sərf olunacağını proqnozlaşdırıb.
Qeyd edək ki, Ağdam Rayon Mərkəzi Xəstəxanasının təməli 2022-ci ildə qoyulub. 6 hektardan çox ərazidə inşa olunan bu tibb müəssisəsində qəbul, terapiya, kardiologiya, cərrahiyyə, travmatologiya-ortopediya, ürək-damar cərrahiyyəsi, oftalmologiya, LOR, pediatriya, doğum, ginekologiya, yoluxucu xəstəliklər, anesteziologiya-reanimasiya, hemodializ şöbələri və əməliyyat bloku fəaliyyət göstərəcək.
Xəstəxananın ambulator xidmət hissəsi isə konsultativ poliklinika, uşaq poliklinikası, şüa-diaqnostika, funksional diaqnostika, fizioterapiya və tibbi bərpa şöbələrindən, klinik diaqnostika laboratoriyasından və aptekdən ibarət olacaq.
Müalicə ocağı ən müasir tibbi avadanlıqla, həmçinin Regional Kardiocərrahiyyə Mərkəzi xidmətini təmin etmək üçün angioqrafiya cihazı ilə təchiz olunacaq. Binanın zirzəmi hissəsindən isə stasionar tibbi xidmət və sığınacaq kimi istifadə ediləcək, ehtiyac yaranarsa, dərhal hərbi hospital kimi fəaliyyət göstərəcək.