Abşeron Rayon İcra Hakimiyyətinin MKTB rəisi Hüseyn
Həsənov və Təmir Tikinti İdarəsinin rəisi Şəhriyar Əhmədov
Mehdiabad qəsəbə sakini Elçin Ağamalıyevi aldadaraq əmlakını və
pulunu mənimsəyiblər. Belə ki, hər iki vəzifəli şəxs görəcəyi
təmir-tikinti işlərinin müqabilində ona Abşeron Rayon İcra
Hakimiyyətinin hesabından lazımı miqdarda vəsait verəcəklərini vəd
ediblər.
Şəhriyar Əhmədovun qeyri-adi təmir üsulları
Bu barədə Axar.az-a E.Ağamalıyevin hüquqlarını müdafiə edən
hüquqşünas Səməd Vəkilov məlumat verib. Bildirib ki, bir ildən
artıq vaxt keçməsinə baxmayaraq vətəndaşın pulu ödənilməyib:
"Abşeron Rayon İcra Hakimiyyətinin Təmir Tikinti İdarəsinin
rəisi Şəhriyar Əhmədov 2013-cü il tarixdən köhnə beşmərtəbə və
doqquzmərtəbə binaların bloklarının və giriş qəfəslərinin təmiri
ilə bağlı E.Ağamaliyevlə əməkdaşlığa başlayıb. Onlar E.Ağamaliyevə
bildiriblər ki, görüləcək işlərin pulu Abşeron Rayon İcra
Hakimiyyətinin hesabından ödəniləcək. Elçin Ağamalıyev dövlət
struktru ilə iş gördüyünü düşünərək şəxsi avtomobilini və digər
əmlaklarını sataraq görülən işlərə xərcləyib".
Ümumi məbləği 91 min manatdan artıq olan borcun ödənilməsindən
müxtəlif bəhanələrlə yayınan Ş.Əhmədov və H.Həsənov hər dəfə bunu
İcra Hakimiyyətinin hesabında pulun olmaması ilə əlaqələndiriblər.
Hər iki şəxs büdcəyə pul köçürülən kimi görülmüş işlərin pullarının
ödəniləcəyini bildirib. Lakin aylarla davam edən bu haldan narahat
olan E.Ağamalıyev Zakir Fərəcovla görüşdürülməsini xahiş edib.
Lakin həmin şəxslər bundan imtina edib:
Briqada Hüseyn Həsənovun evində də işləyib
"Müvəkkilim E.Ağamaliyev 2014-cü ilin əvvəlində Hüseyn Həsənovla
razılığa gələrək görülən işin müqabilində ona ticarət üçün yer
ayırmasını istəyib. H.Həsənov Mənzil Kommunal Təsərrüfatı
Birliyinin balansında olan iki zirzəminin təmir edilməsi
müqabilində həmin zirzəminlərdən birini Elçin Ağamalıyevin adına
keçirəcəyinə və ticarət obyekti kimi işlədəcəyinə söz verib. Amma
bu dəfə də aldadıb".
S.Vəkilov E.Ağamalıyevin rəhbərlik etdiyi təmir-tikinti
briqadasının H.Həsənovun Qubadakı şəxsi evində və bacısının evində
də işlədiklərini deyib.
Haraya və nə qədər xərclənib?
Hər iki şəxslə görülmüş işlərin siyahısını sizə təqdim
edirik:
1) Quba şəhərində Hüseyn Həsənova məxsus ("Panda" oteli
yaxınlığında) 2 mərtəbəli villada təmir işləri - 1180 manat.
2) Xırdalan şəhəri 2 nömrəli tam orta məktəbin təmir işləri -
5670 manat
3) Hüseyn Həsənova məxsus (Xırdalan dairəsində yerləşən)
çayxananın təmiri - 1493 manat.
4) Xırdalan şəhəri 21-ci məhəllədə yerləşən Xeyir-şər evi - 2864
manat.
5) İcra Hakimiyyətinin işçisi Mirzə müəllimin evi - 200
manat.
6) Hüseyn Həsənovun bacısına məxsus şəxsi mənzilin təmiri və
Seçki Məntəqəsi binasının dam örtüyünün və içərisinin təmiri –
3.270 manat.
7) Blokların təmiri – 66.580 manat.
Cəmi görülən işlərin 91 min 857 manat dəyəri olduğunu deyən
S.Vəkilov bu məbləğin 49 min 900 manatının ödənildiyini, qalan 41
min 957 manatın isə hələ də "işbazların" əlində qaldığını
bildirib:
"Əlavə olaraq H.Həsənovla razılaşdırılan qeyri-yaşayış sahəsinin
təmiri üçün və digər işlərə görə E.Agamalıyevə 15 min 202 manat
ödənilməlidir. Adıçəkilən iki şəxsin müvəkkilim Elçin Ağamaliyevə
borcunun ümumi məbləği 57 min 159 manat təşkil edir".
Məsələnin araşdırılması üçün Abşeron Rayon İcra Hakimiyyəti
başçısı Zakir Fərəcova müraciət etdiyini deyən hüquq müdafiəçisi
ötən bir ayda məktuba cavab almadığını bildirib. S.Vəkilov
briqadanın əmək haqqının ödənilməsini təmin etmək üçün İcra
Hakimiyyətini məhkəməyə verəcəklərini deyib.
Qeyd edək ki, gün ərzində Abşeron Rayon İcra Hakimiyyətinin
Mənzil İstismar Sahəsinin rəisi Hüseyn Həsənov və Təmir Tikinti
İdarəsinin rəisi Şəhriyar Əhmədovla danışmaq cəhdlərimiz baş
tutmadı. Məsələni diqqətdə saxlayacağıq.