Dekabrın 22-də Beynəlxalq
Mətbuat Mərkəzində KİVDF-in Yeni il və Dünya Azərbaycanlılarının
Həmrəyli günü ilə əlaqədar keçirdiyi fərdi jurnalist müsabiqəsinin
təqdimat mərasimi oldu. İşimin çoxluğundan və təbiətcə iclasbaz
olmadığımdan, bu cür tədbirlərdən qaçsam da, bu dəfə iştirak etdim
və itirdiyim 2 saatdan heyfslənmədim. Xeli təzə şeylər gördüm,
eşitdim və öyrəndim. Düşüncələrimi hörmətli oxucularla bölüşmək
istəyirəm.
Qeyd edim ki, KİVDF-in keçirdiyi fərdi jurnalist müsabiqələrində
mütəmadi olaraq iştirak edirəm və bir neçə dəfə qalib gəlmişəm.
KİVDF rəsmi dövlət qurumu olduğundan yazılarımın formasını, hətta
mahiyyətini həmişə rəsmiləşdirməyə çalışmışam. Amma tədbirdə çıxış
edən eksperlər qrupunun üzvləri yanlış yolda olduğumu göstərdi.
Onlar canlı yazılmış azad ruhlu, hətta bədii yazılar istəyirlər və
gözləyirlər. Statistikadan və faktların bolluğundan qaçmağı tövsiyə
edirlər. Bunlar isə, razılaşın ki, müəllifin işini qat-qat
asanlaşdırır, ona sərbəst yazı yazmaq imkanı yaradır. Bundan başqa,
müsabiqə üçün hazırladığım yazılarda, bir qayda olaraq, bütün
istiqaməti əhatə etmək istəyirdim, amma bütün fikirlərimi 11 min
işarədə yerləşdirməyə çətinlik çəkirdim. Odur ki, sonda müəyyən
qüsurlar qaçılmaz olurdu. İndi isə Fond yalnız istiqaməti göstərir,
mövzu seçimini isə müəllifin öz ixtiyarına verir.
Qəribədir ki, çoxlu sayda media nümayəndələrinin və
rəhbərlərinin təmsil olunduğu bu cür mötəbər tədbirdə hazırda
yazılı və elektron medianın bəlası olan plagiat məsələsi müzakirəyə
çıxarılmadı və çıxış yolları axtarılmadı. Məlum olduğu kimi,
hazırkı internet dövründə bu, medianın əsas problemidir və çap
olunan (o cümlədən, müsabiqələrə təqdim olunan) yazıların az qala,
yarısı plagiatdır. Amma hazırkı imkanlar daxilində, bu ziyanlı
tendensiyanın nəinki qarşısını almaq, hətta necəsə azaltmaq mümkün
deyil. Düşünürəm ki, bu məsələ media qurumlarının, o cumlədən,
KİVDF-in daimi diqqət mərkəzində olmalıdır.
Ekspertlərin fikrində razılaşmadığım məqamlar da vardı. Məsələn,
imzasını tanımadığım, nisbətən cavan eksperlərdən biri müsabiqəyə
təqdim olunan yazılarda alt başlıqların vacib olduğunu, bunlarsız
yazıları oxumaq mümkün olmadığını sübut etməyə çalışırdı. Amma A3
səhifəsinə yerləşən bir yazıya bir neçə alt başlıq lazımdırmı? Axı,
biz qəzet yazısı yazmırıq, reklam dalınca qaçmırıq, mümkün
dərəcədə, mövzunu əhatə etməyə çalışırıq. Əhatəli yazıda isə hər
bir alt başlıq açılmalıdır, buna isə yer çatmır, deməli, mövzu tam
əhatə olunmur. Düşünürəm ki, alt başlıqlar daha çox A2 səhifəsi
həcmində olan yazılarda lazımdır, A3 həcmində isə, o qədər də vacib
deyil.
Kədərli olsa da, qeyd etməliyəm ki, bəzi ekspertlərin
çıxışlarında "padxalimaj" elementləri (yad sözə görə üzr istəyirəm,
amma öz dilimizdə daha ağır səslənir!), az qala, qulaq deşirdi və
onların özlərinə də hörmət gətirmirdi. Məsələn, biriləri məqsədli
şəkildə tədbirdə iştirak edən baş redaktorların hansınınsa adını
çəkməyə, hətta onların yazısından sitatlar gətirməyə cəhd edirdi.
Daha yaşlı professor isə özünə xəcalət, auditoriyaya isə əziyyət
gətirən yersiz bir əhvalat danışmaqdan da çəkinmədi. Deməli,
işlədiyi fakültədə, mütəmadi olaraq, tələbələr arasında "yaxşı
yazı" müsabiqələri keçirir və bu müsabiqələrə "yaxşı" baş
redaktorları sponsor kimi dəvət edir. Bu tədbirlərdən birinə
sponsorluq edən baş redaktorladan biri də (təbii ki, tədbirdə
iştirak edirdi), cibinin ağzını (!) geniş açır, yüzlükləri müsabiqə
iştirakçılarına açıqca kimi paylayır. Professorun təşəkküründən
sonra isə lap kövrəlir, lap kənd toylarında olduğu kimi, qaliblərin
başına şabaş səpir…
Məni dəhşətə gətirən isə ayrı şey oldu. Bizim auditoriya
professorun çıxışını razılıqla qarşıladı və əgər səhv etmirəmsə,
tədbirdə yalnız onu alqışladı. Bəli, bizim tanınmış professor
gələcək jurnalistləri indidən əlibaxımlığa öyrədir, qələm əhli də
bunu bəyənir, hətta dəstəkləyir. Razılaşın ki, tragikomediyadır…
Hətta professorun özünə, şəxsi münasibətlərinə də ziyan vura bilər.
Axı, tələbələrin biri soruşa bilər, hətta Allah eləməsin, araşdırma
apara bilər ki, bu baş redaktor bu qədər pulu hardan alır?!
Tədbirdə həmkarlarımız maraqlı təkliflərlə çıxış etdilər. İkisi
xüsusilə yaddaqalan oldu. Qələminə hörmət etdiyim həmkarım KİVDF-in
keçirdiyi müsabiqələrdə doğma kənd, doğma yurd mövzusunun xüsusi
qabardılmasını, hətta bu mövzuda fərdi jurnalist müsabiqəsi
keçirməyi təklif etdi. Fondun icraçı direktoru, sənətcə jurnalist
olmasa da, təbiətcə jurnalist olan Vüqar Səfərli bu məsələyə
orijinal bir şərh verdi. Dedi ki, doğma kənd, doğma yurd məsələsi
fərdi jurnalist müsabiqəsinin, regionların inkişafından tutmuş,
azərbaycançılıq ideologiyasına qədər, bütün istiqamətlərə sığan bir
mövzudur. Biz ona görə də istiqamətləri göstərmək, mövzu seçimini
isə jurnalistlərin ixtiyarına vermək qərarına gəlmişik.
Digər həmkarımızın təklifi də maraqlı idi. Deməli, təklif edirdi
ki, elektron mediada işləyən jurnalistlərə müsabiqəyə göndəriləcək
yazıları öz saytlarında qoymaq imkanı verilsin. Hazırda Fond
onların yazılarının başqa qəzetlrdə çap olunmasını tələb edir, bu
da müəlliflərə müəyyən çətinliklər yaradır.
Bu cür tədbirlədə yalnız maraqlı çıxışlar deyil, maraqlı kuluar
söhbətləri də olur. Və ən maraqlılarından biri:
Uzun müddət media qurumlarında rəhbər vəzifələrdə işləyən
həmkarlarımızdan biri bildirdi ki, yaşlı, yəni 50-ni keçmiş
jurnalistlərin bu cür müsabiqələrdə iştirakı düzgün deyil, ayıbdır
və s. və ilaxır. Birmənalı olaraq deyirəm ki, həmkarımla razı
deyiləm. Mən özüm də 50-ni keçmişəm. Amma fərdi jurnalist
müsabiqələrində mütəsadi olaraq, iştirak edirəm. Axı, bu, maddi
dəstəkdən əlavə, bir yarışdır və biz burda formada olduğumuzu sübut
edirik, qələmimizin gücünü nümayiş etdiririk. Həm də müsabiqədə
təcrübəli, tanınmış qələm əhlinin iştirakı tədbirin xüsusi çəkisini
artırdığı kimi, iştirakçıların da məsuliyyətini artırır. Bir
dəqiqəlik təsəvvür edin ki, fərdi jurnalist müsabiqələrində Sabir
Rüstəmxanlı, Rəfael Hüseynov kimi tanınmış qələm ustaları iştiak
edir. Görün nə olardı, müsabiqənin səviyyəsi və məsuliyyəti hara
qalxardı!