İranın xarici işlər naziri Abbas Arakçının Moskvadan sonra Pekinə səfəri ölkəsinin iki tərəfdaşından Tehrana dəstəyin artırılması gözləntisi ilə bağlıdır. Ukraynaya qarşı işğalçı müharibə Rusiyanın resurslarını tükəndirmək üzrədir. Bu səbəbdən Rusiyanın İrana dəstəyi artırması imkanları məhduddur. Bu vəziyyətdə İranın digər tərəfdaşı Çindən gözləntisi artıb.
Axar.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu yazıb.
“Pekin İranın ABŞ-a məğlub olmasını əngəlləməyə çalışır. Pekində həmkarıyla görüşən Çinin xarici işlər naziri Van Yinin “Çin İranın etibarlı strateji tərəfdaşıdır” açıqlaması Vaşinqtona mesajdır. Van Yi bildirib ki, Pekin Tehranla siyasi etimadı daha da gücləndirməyə və müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirməyə hazırdır. Van Yi iki ölkə rəsmiləri arasında təmasların davam etdirilməsinin vacibliyini vurğulayıb.
Pekin Vaşinqton və Təl-Əvivdən fərqli olaraq, İranın nüvə silahı əldə etməyə çalışmasına inanmır. Bunu Van Yinin “Çin İranın nüvə silahı hazırlamaqdan imtina öhdəliyinə sadiqliyini yüksək qiymətləndirir və onun nüvə enerjisindən dinc məqsədlərlə istifadə etmək hüququnu tanıyır” sözləri də təsdiq edir. Təsadüfi deyil ki, Çin BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi veto hüququndan istifadə edərək bu beynəlxalq təşkilatda İrana qarşı qətnamələrin qəbulunun qarşısını alır.
Pekin İrana hərtərəfli dəstəyini davam etdirməsinə baxmayaraq, Tehranın Vaşinqtonla danışıqlar yolu ilə məsələlərin həllinə üstünlük verməsini istəyir. Əlbəttə, Pekin bu zaman Vaşinqtonun Tehrana təzyiqini də qəbul etmir. Bütün hallarda Hörmüz boğazı ətrafındakı gərginliyin davamı Çinin maraqlarına ziddir. Çin İran və Körfəz ölkələrinin enerji resurslarını və mineral zənginliklərini nəql etməkdən məhrum olub. Pekin bölgədəki gərginliyə qədər neftə olan tələbatının yarıdan çoxunu Hörmüz boğazı üzərindən əldə edirdi. Mövcud vəziyyət Çin iqtisadiyyatına mənfi təsir edir. Vaşinqton bu səbəbdən Pekinin İrandakı rejimə təsir etməsini istəyir ki, Hörmüz boğazı müharibədən əvvəl olduğu kimi bütün dövlətlərin gəmilərinə açıq olsun”, - o bildirib.
Politoloq qeyd edib ki, Pekinin bu məsələnin həllindəki rolu ABŞ Prezidenti Donald Trampın bir neçə gündən sonra Çinə planlaşdırılan səfərinə də müsbət təsir edə bilər:
“Ancaq Pekin Hörmüz boğazının açılmasını istəsə də, ABŞ-ın boğazı blokadada saxlaması siyasətini qətiyyətlə rədd edir. Ona görə də Pekin Vaşinqtonun istəyi ilə birtərəfli qaydada Tehrana təzyiq etməyəcək. Çünki Çin hakimiyyəti düşünür ki, Hörmüz boğazıyla bağlı problemin qarşılıqlı güzəştlərlə həlli mümkündür. Tehranla Vaşinqton isə boğazla bağlı qarşılıqlı güzəştlərə hələ ki, hazır deyillər”.