00:00
1990-cı
ilin 20 yanvarında Qarabağa qarşı ərazi iddiaları irəli sürən
Ermənistanın təcavüzkar siyasətindən Bakının küçələrinə və
meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq
kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi
faciəyə gətirib çıxardı.
1990-cı ilin 20 yanvarında keçmiş Sovet dövlətinin hərb
maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətllər
insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər
tarixində qara səhifə olaraq qalacaqdır. Milli azadlığı, ölkəsinin
ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan
tutulması, yüzlərlə günahsız insanın qətlə yetirilməsi və
yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun
cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.
Sovet Ordusunun böyük kontingentinin, xüsusi təyinatlı
bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi
qəddarlıqla müşayiət edildi. Kommunist diktaturası Çexoslovakiyaya,
Macarıstana, Əfqanıstana qarşı həyata keçirdiyi hərbi müdaxiləni
hətta o zamankı Sovet İttifaqının müttəfiq respublikalarından biri
olan Azərbaycanda da təkrarlamaqdan çəkinmədi. Həmin vaxt
Azərbaycan qonşu Ermənistanın da təcavüzünə məruz qalmışdı. Belə
bir şəraitdə sovet rəhbərliyi nəinki münaqişənin qarşısını almaq
üçün qəti tədbirlər görməmiş, əksinə, Azərbaycana yeridilən ordu
hissələrinin tərkibinə Stavropol, Krasnodar və Rostovdan
səfərbərliyə alınan erməni əsgər və zabitləri, Sovet hərbi
hissələrində xidmət edən erməniləri, hətta erməni kursantları da
daxil etmişdi.
Bakıya yeridilmiş qoşun kontingentinə (bəzi məlumata görə, onun
sayı 35 min nəfərə çatırdı) "doyüş tapşırığını" yerinə yetirmək
üçün möhkəm psixoloji hazırlıq keçmişdilər: "Sizi Bakıya rusları
müdafiə etmək üçün gətirmişlər, yerli əhali onları vəhşicəsinə məhv
edir; ekstremistlər Salyan kazarmalarının (Bakıda əsas hərbi
qarnizonun yerləşdiyi ərazi) ətrafındakı evlərin damlarında
snayperlər yerləşdirmişlər, təkcə bu ərazidə 110 atəş nöqtəsi var;
binalar, mənzillər Azərbaycan Xalq Cəbhəsinin yaraqlıları ilə
doludur, onlar sizi güclü avtomat-pulemyot atəşinə tutacaqlar"
("Şit" təşkilatı müstəqil hərbi ekspertlərinin hesabatından).
Mixail Qorbaçov başda olmaqla sovet imperiyasının rəhbərliyi
Bakıda "rus və erməni kartından" məharətlə istifadə etdi. Guya
Bakıya qoşun onları, hərbi qulluqçuların ailələrini qorumaq,
"millətçi ekstremistlər" tərəfindən hakimiyyətin zorakılıqla ələ
keçirilməsinin qarşısını almaq üçün yeridilmişdi. Əslində isə bu
açıq riyakarlıq, ağ yalan idi. Həmin vaxt burada daxili qoşunların
11,5 min əsgəri, Müdafiə Nazirliyinə tabe olan Bakı qarnizonunun
çoxsaylı hərbi hissələri, hava hücumundan müdafiə qüvvələri var
idi. 4-cü ordunun komandanlığı da Bakıda yerləşirdi.
1989-cu ilin sonunda Azərbaycanın cənub regionlarında əhali
İranla sərhəddə olan qoruyucu barrikadaları dağıdaraq sərhədi
kütləvi şəkildə keçirdilər. SSRİ rəhbərliyi İrana gedən
azərbaycanlıların Azərbaycana silah daşımasından qorxuya düşərək
Bakıda yerləşən hərbçiləri cənub regionlarına göndərmişdi. Ona görə
də 1990-cı ilin yanvarında Bakıda hərbçilərin sayının az olmasından
istifadə edən təxribatçılar bir çox iğtişaşlar törədirdilər.
1990-cı il yanvarın 19-da Mixail Qorbaçov SSRİ Konstitusiyasının
119-cu, Azərbaycan SSRİ Konstitusiyasının 71-ci maddələrini kobud
şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan
edilməsi haqqında fərman imzaladı.
SSRİ Müdafiə Nazirliyinin, DİN və DTK-nın hazırlayıb həyata
keçirdiyi "Udar" adlı əməliyyatda əsas rolu xüsusi təyinatlı "ALFA"
və SSRİ DTK-nın "A" təxribat qrupları oynayırdı. Sovet qoşunlarının
təcavüzü nəticəsində Bakıda 134 mülki vətəndaş öldürüldü, 600-dən
çox adam yaralandı. Öldürülənlər arasında beş millətin nümayəndəsi,
20-dən çox qadın və uşaq var idi.
Yanvarın 19-dan 20-ə keçən gecə qoşun fövqəladə vəziyyət elan
edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və əhaliyə divan
tutmağa başladı. Qorbaçovun fərmanı qüvvəyə minənədək (20 yanvar,
saat 00:00) artıq 9 nəfər öldürülmüşdü.
Tanklar və BTR-lər Bakı küçələrində qarşılarına çıxan hər şeyi
əzir, hərbçilər hər yanı amansız atəşə tuturdular. İnsanlar nəinki
küçələrdə, hətta avtobusda gedərkən, öz mənzillərində oturduqları
yerdə güllələrə tuş gəlirdilər. Yaralıları aparmağa gələn təcili
yardım maşınlarını və tibb işçilərini də atəşə tuturdular.
Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə
əhaliyə yalnız yanvarın 20-də səhər saat 7-də respublika radiosu
ilə çatdırıldı. Halbuki, Mixail Qorbaçovun Azərbaycana ezam etdiyi
yüksək vəzifəli emissarlar həyasızcasına bəyan edirdilər ki, Bakıda
fövqəladə vəziyyət elan olunmayacaq.
Bakıda Salyan kazarmasında 20 yanvar gecəsində döyüşlər
başlayır. Orada azərbaycanlı zabitlər, əsgərlər gürcü, osetin,
çeçen, inquş və başqa millətlərin nümayəndələri ilə birləşib orduya
qarşı vuruşurlar.
20 yanvardan sonrakı dəfn mərasimindən sonra 23 yanvarda Azadlıq
meydanında mitinq oldu. Mitinqdə Salyan kazarmasında Sovet ordusuna
qarşı vuruşan adamların sayı barədə məlumat verilmişdi: 274
azərbaycanlı, 64 gürcü, 52 çeçen, 27 ləzgi, 30 özbək, 5 rus. Həmin
gecə Bakı radiosu ilə Bakının komendantı general Dubinyak çıxış
edib bildirdi ki, 83 nəfər həlak olub, 14-ü əsgərdir.
"Qara Yanvar"ın indiyədək özündə saxladığı sirlər çoxdur. 100
cildlik istintaq materialının 69 cildi Bakıdan Moskvaya, keçmiş
SSRİ Prokurorluğuna aparılıb və bir daha geri qaytarılmayıb.
Azərbaycan xalqının məruz qaldığı bu təcavüz indiyədək
bəşəriyyət əleyhinə cinayət kimi beynəlxalq müstəvidə layiq olduğu
təsnifatı almayıb. Bu hadisələrə emosiya, kədər, yaxud mübarizlik
səlnaməsi kimi pafoslu münasibətlə bərabər, bir qədər də soyuqqanlı
olub, o hadisələrin gerçək mahiyyətini dünya birliyinin, çeşidli
beynəlxalq təşkilatların önünə qoymaq barədə düşünməli, 20 Yanvara
beynəlxalq-hüquqi qiymətin verilməsinə çalışılmalıdır.
"Şit" təşkilatı ekspertlərinin hesabatından
Adamları xüsusi qəddarlıqla və yaxın məsafədən güllələmişlər.
Məsələn, Y.Meyeroviçə 21, D.Xanməmmədova 10-dan çox, R.Rüstəmova 23
güllə vurulmuşdu, xəstəxanalar, təcili yardım maşınları atəşə
tutulmuş, həkimlər öldürülmüşdü.
Adamlar süngü-bıçaqla qətlə yetirilmişdir. Onların arasında hər
iki gözü tutulmuş B.Yefimtsev də var;
"Kalaşnikov" avtomatının ağırlıq mərkəzi dəyişən 5,45 çaplı
güllələrindən istifadə edilmişdir…
Yanvarın 20-də artıq bütün dünya Bakıda törədilmiş dəhşətli
qırğından xəbər tutdu. Amma görün, o vaxtkı Sovet imperiyasının
ideoloji ruporu olan "Pravda" qəzeti 22 yanvar tarixli nömrəsində
nə yazırdı:
"Fövqəladə vəziyyət elan edilməsi üçün görülmüş tədbirlər
nəticəsində guya qadınlar və uşaqların tələf olması barədə
bəyanatlar aşkar fitnəkar xarakter daşıyır. Bir daha təkrar etmək
lazımdır ki, bu, qərəzli yalandır! Ondan məqsəd əhalini Sovet
ordusuna və hüquq mühafizə orqanlarına qarşı qaldırmaqdır"...
20 Yanvar və Azərbaycan tarixində ondan əvvəlki faciəli
hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş
siyasətin növbəti təzahürü idi. Azərbaycan xalqına qarşı soyqırımı,
Sovet hakimiyyəti illərində Azərbaycan ərazilərinin tədricən ilhaq
olunması, nəticədə ölkənin ərazisinin 125 000 km²-dən 87 000
km²-ədək azalması, Sovet rəhbərliyinin havadarlığı ilə başlayan
Dağlıq Qarabağ hadisələri, azərbaycanlıların Ermənistan
ərazisindəki əzəli torpaqlarından qovulması bu siyasətin
mərhələləridir.
1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan
xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra
bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın
tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı,
müstəqilliyi üçün yol açdılar...
17 yanvar 1992-ci ildə Ali Sovetin Milli Şurası (1991-1992-ci
illərdə qanunverici orqan funksiyasını yerinə yetirən orqan) "20
Yanvarın "Şəhidlər günü" elan olunması haqqında" qanun qəbul etdi.
Qanuna əsasən, yanvarın 20-si ölkə ərazisində qeyri-iş günü elan
olundu.
18 yanvar 1992-ci ildə Ali Sovetin Milli Şurasında 1990-cı ilin
20 Yanvar hadisələri ilə bağlı yaradılmış parlament komissiyasının
(sədr akademik Mitəd Abbasov, müavin vitse-spiker Tamerlan Qarayev
idi) hesabatı dinlənildi. Parlamentin qəbul etdiyi qərarda 20
Yanvar faciəsi SSRİ-nin ali hakimiyyət orqanlarının Azərbaycan
xalqına və insanlığa qarşı ağır cinayəti kimi qiymətləndirildi.
Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonrakı ilk
illərdə başları hakimiyyət uğrunda mübarizəyə qarışmış respublika
rəhbərləri 20 Yanvar qırğınına siyasi-hüquqi qiymət verilməsi və
cinayətkarların müəyyən edilməsi istiqamətində məqsədyönlü iş
aparmadılar. Yalnız 1994-cü ildə Qanlı Yanvar hadisələrinə tam
siyasi-hüquqi qiymət verildi, faciənin günahkarlarının adları açıq
şəkildə bəyan edildi.
Bakının ən yüksək nöqtələrindən birində hər bir azərbaycanlı
üçün müqəddəs and yerinə çevrilmiş bir yer var. Bu, 20 Yanvar
qurbanlarının və Ermənistana qarşı döyüşlərdə həlak olanların dəfn
edildiyi Şəhidlər Xiyabanıdır. Hər il yanvarın 20-də yüz minlərlə
insan Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş
Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək
üçün buranı ziyarət edir.