Tanıdığım bir idmançıdan onun haqqında çox eşitmişdim.
Saysız- hesabsız nailiyyətləri haqqında da xəbərim var idi.
Dəfələrlə koşki-karate, kişando, kudo, sindo-ryu idman növləri üzrə
nailiyyətlər əldə edən və ən əsası MMA qaydasız əlbəyaxa döyüş növü
üzrə Azərbaycanda ilk idmançı olan Vüsal Bayramov.
Onu tapmaq elə də çətin olmadı. Vaxt azlığından müsahibəni
tələbələrinə məşq keçirdiyi zalda aparmağı xahiş etdi. Elə mənim
üçün də çempion-müəllimin məşqi maraqlı idi. Hər kəs onun peşəkar
idmançı olmağı ilə yanaşı olduqca tələbkar müəllim olduğunu
deyirdi.
Gənclik metrosu yaxınlığında yerləşən idman klubunu
soraqlaşa-soraqlaşa tapdım. Zala yaxınlaşanda əcaib səs-küydən məni
bir anlıq vahimə bürüdü: zaldan qışqırıq, dava-dalaş səsləri
eşidilirdi.
Qayıtmaq istəyirdim ki, bu an qapı açıldı. Qan-tər içində bir
cavan oğlan maraqla mənə baxırdı.
Artıq geriyə yol yox idi. Odur ki, özümü itirmədən Vüsal
Bayramovu xəbər aldım. Gənc sevincək halda müəllimini səslədi.
- Vüsal müəllim, bir xanım sizi soruşur.
İçəridən səs gəldi:
- De, gəlsin içəri.
Ürkək-ürkək, bir az çəkinərək böyük idman zalına daxil oldum.
Dərhal çoxsaylı idmançılar, tanınmış məşhur insanların maraq dolu
baxışları ilə qarşılaşdım. Onlardan biri təbəssümlə mənə tərəf
gəldi.
- Xoş gəlmisiniz, Aynur xanım. Bağışlayın ki, sizə belə əziyyət
verirəm. Amma tələbələrim çempionata hazırlaşırlar. Gecə- gündüz
məşq edirik.
- Narahat olmayın, Vüsal bəy. Əsl peşəkardan elə iş
başında müsahibə almaq daha maraqlıdır.
- Vüsal bəy, sizə ilk sualım idmandan uzaqlaşmağınızla
bağlıdır. Səbəbi nə oldu?
Vüsalın bir qədər əsəbiləşdiyini hiss etdim. Hətta düşündüm ki,
sualım cavabsız qalacaq. Amma bir qədər düşündükdən sonra cavab
verdi:
- Yəqin, titullarım haqqında eşitmisiniz. Mən 11-ci sinifdən bu
günümə qədər 12 dəfə universal-əlbəyaxa döyüş növləri üzrə yüksək
nailiyyətlər əldə etmişəm.
Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən və "Boyets"
telekanalı ilə birbaşa yayımlanan M1-fihter realiti-şouda 4 aya
yaxın çıxış etmişəm. Bu mənim ən böyük nailiyyətlərimdən biri olub.
M1 Qlobal üzrə əldə etdiyim dərəcə proumoşunla müqavilə imzalamaqla
yanaşı peşəkar idmançılarla birbaşa döyüşə çıxma imkanını
yaradırdı.
Mən 20 idmançı arasında finala vəsiqə qazandım və final
döyüşündə ukraynalı oyunçuya məğlub olaraq, 2-ci yerə çıxdım.
Uğurlarım çox olub. Amma hərbi xidmətə çağırıldım, geri qayıtdıqdan
sonra artıq əvvəlki məşq imkanları olmadığından məğlubiyyətlə
qarşılaşdım. Düşünürəm ki, məhz buna görə mənə qarşı bir qədər inam
itib.
- Yəni karyeranıza 26 yaşında son qoymaq
niyyətindəsiniz?
- Vaxtı ilə realiti-şouda çıxışım zamanı belə bir ifadə
işlətdim: "Bu oyunları çempion olduğum zaman və ailə həyatı
qurduqdan sonra atacam". Əsgərlik dövrümə qədər "Hərbi sərhədçi
klubu"nu təmsil edirdim. Əsgəri xidmətdə Harami düzündə kəşfiyyatçı
oldum. Əsgərlikdən qayıtdıqdan sonra da idman karyeramda dəstəyə
söz verdilər. Amma hərbi xidmətdən sonra peşəkar idmandan uzun
müddət ayrı qaldığım üçün xeyli zəiflədim və ona görə də yarışlarda
uduzdum. Məndən üz döndərdilər. Elə məhz o səbəbdən böyük idmandan
uzaqlaşdım.
İdmanı atmaram...
Amma idmanı tamamilə atmaq niyyətim yoxdur. Ən ali dərəcədə
keçirilən peşəkar "Çələng əlbəyaxa yarışları"na qatılmağım üçün
cəmi-cümlətanı 2 ay vaxt lazım olacaq. Bizim idman növündə hakim
rol oynamır - güclüsənsə, qalib gələcəksən.
Ancaq peşəkar idman növü ilə məşğul olmamağımın səbəbi birinci
növbədə maddi çətinliyim ilə bağlıdır.
Atamın 62 yaşı var. Ailəmizi dolandırmaq üçün bu soyuq havada
gedir tikintidə palçıq qarışdıran fəhlə işləyir. Anam haqqında
ümumiyyətlə danışmağa utanıram. Çoxlarına yalandan deyirəm,
həkimdir. Amma o xəstəxanaların birində xadimə işləyir.
Həyat qəribədir, deyilmi? Vaxt var idi mən ilk Avropa
oyunlarında 3-cü yeri tutmaqla Azərbaycana qələbə gətirdim. İndi
isə idman oyunlarına qatıla bilmirəm, məcburam məşqçi kimi çalışam
ki, maddi çətinliyimi aradan qaldıra bilim.
Dostum yarım milyona döyüşür
İdmançı dostum Həbib Nurmaqomedovun MMA dərəcəsində 22
qalibiyyəti var. Hazırda o Las Veqasda yaşayır. Bu yaxınlarda
Uefsenin (qaydasız döyüş üzrə brend idman yarışı) qızıl kəməri
uğrunda mübarizəyə hazırlaşır. Onun bir döyüşü yarım milyon dollara
başa gəlir. Eyni dərəcəyə malik oymağımıza baxmayaraq, mən
dayandım, o isə irəli getdi.
Ölkə məni itirir...
- Uzun müddət Rusiyada ən baxımlı idman realiti-şousunda
yer aldığınızı söylədiniz. Avropa çempionu oduğunuz haqqında
danışdınız. Əgər hər-hansı bir xarici ölkə sizə yüksək pul hesabına
onların bayrağı altında döyüşməyi təklifi etsə,
razılaşardınızmı?
- Bəlkə də səmimiyyətimə inanmayacaqsınız, amma həqiqətən qeyd
etdiyiniz təkliflər az olmayıb. Hazırda Dubaydan dəvət almışam.
Amma vətənimi, ailəmi ata bilmərəm. Rusiyada realiti-şousundan
sonra çox sevildim. Fyodor Yemelyanenkonun məşqçisi Voronov və
Miçkov onlarla müqavilə imzalamağımı təklif etdilər. Mən hər zaman
Azərbaycan bayrağı altında döyüşəcəyimi bildirərək, müqavilədən
imtina etdim. Amma Azərbaycan mənə dəstək olmadı. Ölkə mənim kimi
idmançını itirir.
- Sizə zəng edəndə məşqçi kimi fəaliyyət göstərdiyinizi
dediniz və əlavə etdiniz ki, əgər kluba icarə ödənişi etməsəydiniz,
dərsləri tamamilə pulsuz keçərdiniz.
- Tamamilə doğrudur. Əgər imkanım yaxşı olsaydı, tələbələrə
dərsləri təmənnasız keçərdim. Amma məcburam. Təsəvvür edin ki,
vaxtilə prezidentimiz İlham Əliyev Fyodor Yemelyanenko ilə yanaşı
əyləşərək Rusiyada mənim döyüşlərimi izləyib. O zaman Allaha
yalvardım ki, Azərbaycanda da bu idman növü inkişaf etsin.
Azərbaycanda bu idman növü rəsmi olaraq "qaydasız döyüş" adını ilk
dəfə 2011-ci ildə alıb.
"Fort-Boyard"a getmək istəyim alınmadı...
Mən nə əvvəl, nə də MMA-nın Azərbaycanda rəsmi qeyd olunduğu
dövrdə heç kəsdən kömək istəməmişəm. Verilişlərə dəvət aldıqda
belə, imtina edirəm, getmirəm. Bir dəfə "Ford-Boyard" yarışlarına
qatılmaq üçün təklif gəldi.
- Fikir verirəm, tələbələriniz içində tanınmış
aparıcılar da var. Elə götürək, Samir Bayramlını. Yəqin təklif
ondan gəlib.
- Hə. Ümumiyyətlə, Qəraib dənizində keçirilən bu oyun yarışına
qüvvətli və məşhur insanlar dəvət olunurlar. Mənə dəvət gəldi və
əslində, orada iştirak etmək istərdim, çünki söhbət məhz güclülərin
qələbəsindən gedir. Amma getmək istəyim alınmadı.
- Səbəb?
- Həmin ərəfədə Nabranda Əlillər Cəmiyyətinin Yardım aksiyası
keçirilirdi. Mən orada könüllü olaraq 15 gün əlillərə kömək etdiyim
üçün "Ford-Boyard" yarışmasına qatıla bilmədim. Televiziya
qarşısında məni izləyəcək milyonlarla insandan çox əlillərin
köməyimə ehtiyacları olduğunu düşündüm.
Vüsal Bayramovla sağollaşıb klubun pilləkənləri ilə aşağı
enərkən müsahibimin danışdıqlarını öz-özlüyümdə müzakirə
edirdim.
Ağır zəhmət, gərgin həyat rejimi tələb edən idmanın növbəti
qurbanı ilə tanışlığımdan sonra, zaldan eşidilən səs-küydən artıq
əvvəlki kimi həyəcan hissi keçirmirdim...