Müdafiə nazirimizin fəaliyyəti ilə bağlı ilginc
detallar; Azərbaycan ordusu hər an başlaya biləcək döyüş
hazırlıqlarını artırır; nazir həftəiçi 5 gün ön cəbhədəki hərbi
hissələrə baş çəkir; beynəlxalq şərtlər Azərbaycanın lehinədir və
Rusiyanın da Ermənistanın cığallığına sonadək dözmək fikri
yoxdur...
Dünyanın diqqəti Ukraynada müharibənin dayandırılmasına və bu
ölkənin ərazi bütövlüyünün bərpasına yönəldiyi bir vaxtda,
Azərbaycan ordusu da hərbi qüdrətini artırmaqdadır. Ukrayna
hadisələri bir daha göstərdi ki, bütün mənəvi və maddi dəstəyə
baxmayaraq, ərazi bütövlüyü üçün ilk növbədə ciddi intizamlı ordu
lazımdır. Xüsusilə də son vaxtlar savaşın hər an başlaya biləcəyi
barədə xəbərlərin ardınca ordumuzun irimiqyaslı hərbi təlimlərə
başlaması təsadüf kimi dəyərləndirilmir.
Ordumuzun son aylar keçirdiyi irimiqyaslı hərbi təlimlər
Azərbaycanın müharibə hazırlıqları içərisində olduğunu göstərir.
Azərbaycanın münaqişənin sülh yolu ilə həlli üçün etdiyi cəhdlər
hələ ki nəticəsizdir. Prezident İlham Əliyev də dəfələrlə bəyan
edib ki, Azərbaycan ərazilərinin işğalının "dondurulmuş
münaqişə"("staus-kvo") adı altında davam etməsi ilə
barışmayacaq.
Son olaraq fevral ayının 2-də başlayan təlimlərdə 15 min
nəfərədək şəxsi heyət, 300-dək zirehli texnika, raket və
artilleriya qoşunlarının 200-dən artıq qurğusu, Hərbi Hava
Qüvvələrinin 20-dək aviasiya vasitəsi, həmçinin qruplaşmanın
havadan mühafizəsi məqsədilə hava hücumundan müdafiə bölmələri və
müasir hava hücumundan müdafiə kompleksləri ilə silahlanmış
zenit-raket birləşmələri, o cümlədən ehtiyatda olan 5.000 nəfərədək
hərbi vəzifəli cəlb edilib.
Qeyd edək ki, bundan əvvəl ordumuz Naxçıvan Muxtar Respublikası
ərazisində də genişmiqyaslı hərbi təlimlər keçirmişdi. Müdafiə
Nazirliyinin rəhbərliyinin iştirakı ilə keçirilən təlimlərə
Əlahiddə Ümumqoşun Ordusunun tərkibindəki hissə və bölmələrin şəxsi
heyəti, aviasiya, hava hücumundan müdafiə sistemləri, raket və
artilleriya qoşunlarının qüvvə və vasitələri, o cümlədən yeni, ən
müasir standartlara uyğun zirehli texnika cəlb olunmuşdu.
Razılaşaq ki, iki il əvvələdək - Səfər Əbiyevin nazir olduğu
zaman bu cür irimiqyaslı hərbi təlimlərin keçirilməsi əsl sensasiya
ola bilərdi...
Məlumatlara görə, 2013-cü ilin oktyabr ayında müdafiə naziri
təyin edilən general-polkovnik Zakir Həsənov qısa bir müddətdə
orduda döyüş hazırlığını yüksəldib, özü şəxsən həftənin beş günü
ordumuzun döyüş mövqelərində əsgər və komandirlərlə görüşür.
Daha bir diqqətçəkən fakt Z.Həsənovun Müdafiə Nazirliyində
S.Əbiyevin dövründə pis miras kimi qalan "gizli qrupların"
fəaliyyətinə son qoyması ilə bağlı xəbərlərdir. Müdafiə Nazirliyinə
yaxın olan bir mənbəmiz deyib ki, yeni nazir bütün ordu
komandanlığı arasında səmimi münasibət yarada və general heyətini
tam özünün nəzarətinə ala bilib.
Məlumdur ki, S.Əbiyevin nazir olduğu dövrdə Müdafiə Nazirliyinin
rəhbərliyi arasında ciddi mövqe dartışmaları vardı ki, bu da
silahlı qüvvələrimiz haqqında mənfi rəy yaradırdı. Yalnız bir faktı
qeyd edək ki, S.Əbiyevin ara-sıra ordu birləşmələrinə baş çəkməsi
zamanı Baş Qərargah rəisi Nəcməddin Sadıqovla bir yerdə görünməsi
də əsl hadisə ola bilərdi. İndi isə müdafiə naziri bu stereotipi
qıra bilib və hər bir səfərində Baş Qərargah rəisi onu müşayiət
edir. Xəbərlərdə o da vurğulanır ki, nazirin generalitetə
münasibətini dəyişməsi təkcə onun orduda nizam-intizam yaratmaq
istəyindən irəli gəlmir, bu, həm də prezidentin Z.Həsənova verdiyi
səlahiyyətlərlə bağlı məsələdir. Keçmiş nazirin dövründə ön cəbhədə
komandirlər əsgərlə "bir partonun" hesabatını aparırdısa, indi
nazir özü açıq şəkildə düşmənə layiqli cavab vermək üçün ən ağır
silahlardan belə istifadəyə çağırış edir. Bu, əlbəttə ki, vəzifə
görəvi aldıqdan sonra məhz Ali Baş Komandanın düşmənə layiqli cavab
vermək üçün nazirə verdiyi əmrdir.
Z.Həsənovla bağlı daha bir detal haqda da yazaq. Mənbəmiz
bildirir ki, nazir ön cəbhədəki postlara baş çəkərkən əsgərlərlə
hərbi salamlaşmadan sonra əksər vaxt onları bağrına basaraq öpür.
Əsgərlərə moral verən çıxışlar edir, onların ailələrinin, özlərinin
problemləri ilə maraqlanır.
Başqa bir məlumata görə isə hərbi hissələrdə olarkən müdafiə
naziri naharı əsgərlərlə birlikdə edir. Mənbə bildirir ki, bu,
çəkiliş olmayanda da belədir. Z.Həsənov onun üçün xüsusi təşkil
olunan, hazırlanan süfrələrdən imtina edir.
Nazirin hərbi hissələrə gözlənilməz səfərləri haqda da məlumat
almışıq. Mənbəmiz bildirir ki, Z.Həsənov hansısa hərbi hissəyə
gedərkən tez-tez yolüstü başqa bir hərbi hissəyə də baş çəkib orda
qəfil yoxlama aparır, duruma şəxsən nəzarət edir. "Onu Müdafiə
Nazirliyində kabinetində yalnız şənbə-bazar günləri görmək mümkün"
- deyə mənbəmiz bildirir.
Həm Naxçıvanda, həm cəbhə bölgəsində irimiqyaslı hərbi
təlimlərlə yanaşı Azərbaycan regionda yeganə hərbi müttəfiqi olan
Türkiyə ilə hərbi sferada da ciddi işbirliyi davam etdirməkdədir.
Ötən ilin sonlarına yaxın, konkret desək, sentyabr ayında
Azərbaycan Silahlı Qüvvələrinin bütün qoşun növlərinin Türkiyə
ordusunun hərbi hissələrinin cəlb olunduğu irimiqyaslı
əməliyyat-taktiki təlimləri keçirilməsi düşmənin gözünü
qorxutmuşdu. İki ölkə arasında rəsmi əməkdaşlıq sənədləri ilə baş
tutan hərbi təlimlərdən sonra xüsusilə Naxçıvan Muxtar
Respublikasında Türkiyə ordusunun təlimçi zabit heyətinin işi
nəzərəçarpacaq dərəcədə artıb. Bu, təkcə Türkiyənin PKK ilə
mübarizədə dağçı döyüş təcrübəsinin öyrədilməsi deyil, həm də
NATO-nun qüdrətli ordularından biri ilə inteqrasiyadır. Yeri
gəlmişkən, bu əməkdaşlığını inkişafında Naxçıvan ordu birləşməsinin
komandanı general Kərəm Mustafayevin də ciddi rolu olduğu
deyilir...
Azərbaycanın 2015-ci ildə Ermənistanla hərbi ritorikanı
sərtləşdirəcəyini dövlət büdcəsində hərbi xərclər üçün ayrılan
vəsait də göstərirdi. Xatırladaq ki, bu il Azərbaycanın hərbi
xərcləri 3 milyard 783 milyon manat nəzərdə tutulub ki, bu da
2014-cü il üçün hərbi xərclərdən rekord səviyyədə - 27,2 faiz
artıqdır. Hazırda Ermənistanın dövlət büdcəsinin bütün xərcləri
cəmi 3 milyard 73 milyon dollar (2014-cü il üçün) təşkil edir ki,
bu da Azərbaycanın hərbi büdcəsindən təxminən 2 milyard dollar
azdır.
Azərbaycan bu ilin yayında ilk dəfə Avropa Oyunlarına ev
sahibliyi edəcək. Bu, Azərbaycanın bir nömrəli probleminin dünya
ictimaiyyətinə çatdırılması üçün həm də tarixi bir şansdır.
Azərbaycan ola bilsin ki, məhz bu tədbirdən sonra Ermənistanla ən
son varianta - müharibəyə başlasın. Ukrayna hadisələri Rusiyaya
yaxın regionda ərazi bütövlüyü məsələsini bir daha dünyanın, eləcə
də Ermənistanı işğalçı kimi tanıyan BMT-nin 4 qətnaməsini bir daha
gündəmə gətirdi. Beynəlxalq şərtlər Azərbaycanın lehinədir və
Rusiyanın da Ermənistanın cığallığına sonadək dözmək fikri yoxdur.
Ən əsası isə ordumuz getdikcə döyüş qüdrətini möhkəmləndirir,
xalqın orduya inamı artır.
Musavat.com