Azərbaycan Respublikasının Prezidenti, Silahlı
Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına
əsasən Novruz bayramı ilə əlaqədar Müdafiə naziri general-polkovnik
Zakir Həsənov və nazirliyin rəhbər heyəti cəbhəboyu rayonlarda
yerləşən birlik, birləşmə və hərbi hissələrdə olub.
Axar.az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir
ki, hərbi hissələrə baş çəkən Müdafiə naziri xalqımızın ümummilli
lideri Heydər Əliyevin büstü önünə əklil və gül dəstəsi qoyaraq öz
ehtiramını ifadə edib.
Müdafiə nazirliyinin rəhbərliyi ön xətdə, düşmənlə bilavasitə
üz-üzə səngərlərdəki bölmələrdə döyüş növbətçiliyi aparan şəxsi
heyətlə görüşüb, onların sosial-məişət şəraiti, mənəvi-psixoloji
vəziyyəti ilə döyüş texnikalarının hazırlıq səviyyəsi, imkanları və
tətbiqi ilə maraqlanıb. Hərbi qulluqçulara hədiyyələr və bayram
sovqatları verilib.
Hərbi hissələrdə keçirilən Novruz şənliyinə qatılan Müdafiə naziri
bayram tonqalını alovlandırıb, şəxsi heyətin iştirakı ilə aparılan
müxtəlif idman və əyləncə yarışlarını izləyib və hərbi
qulluqçularla birlikdə nahar edib.
Bayram münasibəti ilə şəxsi heyəti təbrik edən Müdafiə naziri
Ali Baş Komandanın ordu quruculuğuna göstərdiyi yüksək diqqət və
qayğının nəticəsi olaraq son vaxtlar döyüş və mənəvi-psixoloji
hazırlığın daha da gücləndirilməsi, hərbi qulluqçuların
sosial-məişət şəraitinin yaxşılaşdırılması, maddi-texniki bazanın
möhkəmləndirilməsi məqsədilə görülən işləri diqqətə çatdırıb.
"Novuz bayramı Azərbaycan xalqının ən sevimli və əziz
bayramlarından biridir. Ona görə bu gün mən və Müdafiə nazirinin
müavinləri bu bayrami sizlərlə keçiririk. Biz indi ön cəbhədən
qayıdırıq. Sizin silahdaşlarınızı orada təbrik etdik. Gördük necə
qəhrəmancasına ön cəbhədə torpaqlarımızı qoruyurlar. Siz də burda
öz üzərinizə düşən vəzifələri layiqincə yerinə yetirirsiniz.
Bilinki düşmən artıq təlaş içindədir. Biz onlara elə zərbələr
endiririk ki, onlar qorxub qaçırlar. Cəbhədə xidmət etmək
istəmirlər, səngərləri ataraq qaçırlar. Onlar mülki adamları
postlara yerləşdirmək məcburiyyətindədirlər. Biz gərək işğalçıları
öz torpaqlarımızdan qovaq. Biz buna qadirik və bunu edəcəyik.
Cənab Ali Baş Komandan ordumuzun gücləndirilməsi üçün əlindən
gələn hər bir şeyi edir. Bizim xalqımız qəhrəman xalqdır, bizim
igid övladlarımız var və biz öz torpaqlarımız uğrunda daha
igidliklə, qəhrəmancasına döyüşməklə torpaqlarımızı azad etməliyik.
Artıq həmin gün yaxınlaşıb. Silahlı Qüvvələrimiz günü gündən
möhkəmlənir yeni silahlar, texnikalar alınır.
Mən açıq bəyan edirəm ki, biz elə ilk zərbədən onların 70
faizini məhv edəcəyik. Bizim o qədər silah və texnikamız var ki,
ermənilərə zərbə endirsək yüz illərlə özlərinə gələ bilməyəcəklər.
Nə qədər ki, gec deyil ermənilər bunu anlamalı və torpaqlarımızı
könüllü surətdə tərk etməlidirlər.
Silahlı Qüvvələrimizin hər bir hərbi qulluqçusu gecə və gündüz
hər fürsətdən istifadə edərək düşməni məhv etməlidir. Düşmən işğal
altında olan torpaqlarımızda rahat oturmamalıdır, daim qorxu
içərisində yaşamalıdır. Torpaqlarımız azad edilməli, şəhidlərin
qisası alınmalıdır.
Artıq məqam yetişibdir. Biz qısa müddətdə torpaqlarımızı azad
edəcəyik. Siz cənab Ali Baş Komandanın Novruz bayramı munasibəti
ilə etdiyi cıxışını izləmisiniz. Möhtərəm Prezident dedi ki, biz
tarixi torpaqlarımıza qayıdacağıq. Biz İrəvana, Zəngəzura, Şuşaya,
Xankəndinə qayıdacağıq. Bu mütləq olacaq və heç kim buna şübhə
etməsin.
Mən sizi bir daha bayram münasıbəti ilə təbrik edir, sizə
cansağlığı və qələbə arzulayıram. Arzu edirəm ki, hamımız birlikdə,
yaxın vaxtda bu Qələbə Bayramını qeyd edək".
Eyni zamanda Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə bölgəsində
yerləşən hərbi hospitala baş çəkib, tibbi personalla görüşüb və
müalicə olunan hərbi qulluqçulara bayram sovqatları təqdim
edib.
Səfər zamanı cəbhə bölgəsində yeni tikilməkdə olan bəzi hərbi
obyektlərdəki vəziyyətlə tanış olan Müdafiə naziri inşa işlərinin
sürətlə və keyfiyyətli aparılması ilə əlaqədar müvafiq tapşırıqlar
verib.
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçularla birlikdə
nahar edib. Nazir yeni mülki işçilərlə görüşüb, onları dinləyib və
müvafiq tapşırıqlarını verib.
Müdafiə nazirinin göstərişinə əsasən bayram günlərində Müdafiə
nazirinin müavinləri və qoşun növləri komandanları da birlik,
birləşmə və hərbi hissələrdə olub, şəxsi heyəti təbrik ediblər.