"Prezident İlham Əliyev Strasburqda ilk dəfə işlətdiyi
və bütün beynəlxalq aləmin qəbul etdiyi bir fikrini son günlərdə
növbəti dəfə dilə gətirdi: "Erməni hərbçiləri ölmək istəmirlərsə,
Ağdam, Fizuli və digər işğal altındakı rayonlara
gəlməsinlər".
Bu barədə politoloq Elxan Şahinoğlu Axar.az-a açıqlamasında
bildirib. Politoloqun sözlərinə görə, Prezidentin bu fikrindən
sonra Azərbaycanın Müdafiə Nazirliyi qarşı tərəfin martın 19-da baş
verən döyüşdə 20 nəfər itki verdiyini açıqladı: "Bir gün sonra isə
Azərbaycan Ordusuna təslim olan erməni hərbçinin görüntüsü
yayımlandı. Erməni hərbçi təmas xəttində yerləşdirilən əsgər
yoldaşlarının ölmək istəmədiklərini və dözülməz şəraitdə xidmət
etdiklərini dedi".
Politoloq sözügedən çıxışların əslində çox mühüm mesaj olduğunu
vurğulayıb:
"Prezidentin ardınca Müdafiə naziri Zakir Həsənov hərbi
hissələrdən birini ziyarət edərkən Ermənistana və beynəlxalq aləmə
iki mesaj ünvanladı. Birinci mesaj: "Düşmən işğal altında olan
torpaqlarımızda rahat oturmamalı, daim qorxu içərisində
yaşamalıdır". İkinci mesaj: "Biz elə ilk zərbədə işğalçıların 70
faizini məhv edəcəyik. Bizim o qədər silah və texnikamız var ki,
qarşı tərəf yüz illərlə özlərinə gələ bilməyəcək". Prezidentin və
müdafiə nazirinin çıxışları ondan xəbər verir ki, Azərbaycan Ordusu
Dağlıq Qarabağ ətrafındakı rayonların azad olunmasına tam hazırdır
və Azərbaycan iqtidarı torpaqlarımızın işğal altında qalmasının
bundan sonra da davam etməsinə heç bir halda razı deyil.
Separatçıların bu vəziyyətdə iki yolu var. Onlar ya həmin
ərazilərdəki hərbi məntəqələrdən geri çəkilməlidirlər, ya da savaşı
qəbul etməlidirlər".
Politoloq separatçıların həmin məntəqələrdən geri çəkilməsinin
problematik olduğunu vurğulayıb:
"Çünki bu halda üstünlük Azərbaycan Ordusunun tərəfinə keçəcək
və qısa müddətdə Ağdam azad olunacaq. Ancaq separatçıların Ağdam və
Fizulidə hərbi post saxlamaları da onlara hər zaman problem vəd
edir. Çünki Azərbaycan Prezidenti bu məsələdə açıq tekstlə dedi ki,
Azərbaycan torpaqlarına gələn erməni əsgər öldürüləcək. Təsadüfi
deyil ki, Ermənistandan gətirilən gənclər həmin postlarda xidmət
etmək istəmirlər. Azərbaycan hakimiyyəti və cəmiyyəti cəbhə
bölgəsində itkilərə hazırdır, bu, bizim torpaqdır və torpaq uğrunda
ölmək lazım gəldiyini hamımız bilirik. Əhalisi azalan və sosial
problemləri dərinləşən Ermənistan üçün isə cəbhə bölgəsində baş
verən itkilər böyük problemlər yaradır. Çünki o torpaqlar
Ermənistanın deyil, dünya da həmin ərazilərin işğal olunduğunu
qəbul edir, ona görə də erməni əsgərlər gec-tez boşaldacaqları
torpaqlarda ölmək istəmirlər".
Politoloqun sözlərinə görə, Azərbaycan Ağdamı qəfil hücumla geri
qaytarsa, bu, sülh danışıqlarında ölkəmizin mövqeyini
gücləndirəcək:
"Ordumuz son 10 ildə texniki baxımdan çox mükəmməlləşib,
Azərbaycanın müdafiə sənayesi də kifayət qədər hərbi sursat
istehsal edir. Bu illərdə Azərbaycan əsgərinin və pilotlarımızın
təcrübəsi də artıb, həmçinin ölkənin iqtisadi qüdrəti əhali və
əsgərlərimiz arasında böyük ruh yüksəkliyi yaradıb. Bu faktorları
nəzərə alan Azərbaycan hakimiyyəti öz torpaqlarının zəif, gücsüz və
pərakəndə hala düşmüş düşməndə qalmasını qəbul edə bilmir.
Dağlıq Qarabağın ətrafında olan rayonlar uğrunda heç ermənilər
də vuruşmayacaq. Bütün bunlar bir daha təsdiqləyir ki, Azərbaycan
Ordusu düşmənə həlledici zərbə endirməyə yalnız fürsət
gözləyir".
Politoloq həmçinin bildirib ki, ilk addım atılmalıdır:
"Ermənistan hakimiyyəti cəmiyyət qarşısında güzəştə getmək üçün
səbəb tapmalıdır, başqa cür güzəştə getməyəcəklər. Səbəb isə
işğalda olan torpaqlarımızın, xüsusən, Ağdam və Füzulinin hərb yolu
ilə azad edilməsidir. Azərbaycan Ordusunun cəmi bircə həmlə ilə
həyata keçirməyə qadir olduğu bu aktın icra olunacağı an
məsələsidir. Təbii ki, bundan ötrü həm də beynəlxalq şərait
yetişməlidir. Proseslər indiki istiqamətdə gedərsə, inanıram ki, bu
şərait də yetişəcək".