Azərbaycan ictimaiyyətinə
ağır itki üz verib. Tanınmış ictimai xadim və alim, respublika
Dövlət mükafatı laureatı, Yeni Azərbaycan Partiyası Yasamal rayon
təşkilatının sədri, Azərbaycan Respublikası Prezidentinin fərdi
təqaüdçüsü, fizika-riyaziyyat elmləri doktoru Fikrət İsmayıl oğlu
İsmayılov 2015-ci il martın 31-də ömrünün 81-ci ilində vəfat
edib.
Fikrət İsmayılov 1935-ci il yanvar ayının 3-də Naxçıvan
şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra
1955–1960-cı illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun
fizika-riyaziyyat fakültəsində ali təhsil alıb. O, 1969–1971-ci
illərdə Azərbaycan Respublikası Elmlər Akademiyasının Fizika
İnstitutunun aspiranturasında, 1979–1980-ci illərdə isə Mixail
Lomonosov adına Moskva Zərif Kimya Texnologiyaları İnstitutunun
kosmik materialşünaslıq və texnologiya ixtisası üzrə xüsusi
fakültəsində oxuyub.
Əmək fəaliyyətinə 1960-cı ildən etibarən Azərbaycan Respublikası
Elmlər Akademiyasının Fizika İnstitutunda başlayan Fikrət İsmayılov
burada müxtəlif vəzifələrdə çalışıb. 1973-cü ildə o, SSRİ Hərbi
Sənaye Nazirliyi nəzdində yaradılmış Moskva Elmi Tədqiqat Tətbiqi
Fizika İnstitutunun Bakı filialına keçirilərək baş elmi işçi və
şöbə rəisi vəzifələrini tutmuş, sonralar taleyini yenidən
Azərbaycan Milli Elmlər Akademiyası ilə bağlayaraq, Fizika
İnstitutunda uzun illər laboratoriya müdiri işləyib.
Fikrət İsmayılov yarımkeçiricilər və dielektriklər fizikası üzrə
1971-ci ildə namizədlik, 1995-ci ildə isə doktorluq
dissertasiyalarını müdafiə edib.
Azərbaycanda fizika elmi sahəsində Fikrət İsmayılovun fəaliyyəti
səmərəli olub. Xüsusi təyinatlı və mühüm əhəmiyyətə malik, çox
sayda elmi tədqiqat və mühəndis-konstruktor işləri onun rəhbərliyi
ilə yerinə yetirilib. Kosmosda mürəkkəb tərkibli kristalların və
xəlitələrin alınma texnologiyası, çəkisizlik şəraitində müxtəlif
təcrübələrin keçirilməsi, elektron cihazların istehsalı və
konstruksiyasının elmi əsaslarının işlənib hazırlanması alimin
araşdırmalarının əsas istiqamətlərini təşkil edirdi.
Fikrət İsmayılov 150-yə yaxın elmi əsərin, 30-dək elmi ixtira və
səmərələşdirici təklifin müəllifi idi. Onun rəhbərliyi altında neçə
tədqiqatçı dissertasiya müdafiə etmişdir. Ölkədə və onun
hüdudlarından kənarda alimin müxtəlif simpozium və konfranslardakı
çıxışları mütəxəssislərin marağına səbəb olub.
Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak edən
Fikrət İsmayılov 1995-ci ildə birinci çağırış Azərbaycan
Respublikası Milli Məclisinin deputatı seçilib. Üzərinə düşən bütün
vəzifələrə dərin məsuliyyətlə yanaşmaqla o, çalışdığı sahələrdə
göstərilən etimadı həmişə layiqincə doğruldub. 1990-cı illərin
əvvəllərində respublikada baş verən mürəkkəb siyasi proseslər
zamanı Fikrət İsmayılov öz həqiqi vətəndaşlıq borcunu yerinə
yetirərək milli mənafelərə sədaqət nümayiş etdirib.
Elmi və ictimai fəaliyyəti yüksək qiymətləndirilən Fikrət
İsmayılov bir sıra təltiflərə, o cümlədən müstəqil Azərbaycan
Respublikasının ali mükafatlarından "Şöhrət" ordeninə layiq
görülüb.
Tanınmış ictimai xadim və alim, təvazökar və səmimi insan Fikrət
İsmayıl oğlu İsmayılovun xatirəsi onu tanıyanların qəlbində daim
yaşayacaq.
Allah rəhmət eləsin!
İlham Əliyev
Artur Rasizadə
Oqtay Əsədov
Ramiz Mehdiyev
Mehriban Əliyeva
Elçin Əfəndiyev
Əli Şamil oğlu Həsənov
Əli Əhmədov
Akif Əlizadə
Hacıbala Abutalıbov
Fatma Abdullazadə
İbrahim Mehdiyev
Nazim Məmmədov