Paytaxtda fəaliyyət göstərən
"Atrabank" müştəriləri aldatmaqda ittiham olunur.
Axar.az xəbər verir ki, bu barədə redaksiyamıza məlumat verən
Cəlilabad rayonunun Sabirabad kənd sakini Nuriyev Haqverdi
Allahşükür oğlu bankın əlində oyuncağa çevrildiyini iddia edir:
"Xətai rayonunda 83 kv metrlik ikiotaqlı mənzil almaq üçün
"Atrabank" ASC-nin "Riyad" filialından 130 min manat kredit
götürdüm. Bir müddətdən sonra evdə təmir işləri yekunlaşdı və həmin
mənzili satmaq qərarına gəldik. "Atrabank" ASC-nin "Riyad" filialı
mənzilin qiymətinin 165 min manat olduğunu və satılması üçün
müştəri tapacağı ilə bağlı öhdəlik götürdü. Mənzili satmaqda
məqsədim sözügedən banka olan 130 min manat kredit borcunu ödəmək
idi.
Qısa müddət sonra bank müştəri tapdı. 16 yanvar 2015-ci il
tarixdə oğlum Nuriyev Seymur Haqverdi oğlu ilə evi almaq istəyən
Talıbov Tahir Ağagül oğlu arasında Bakı şəhər 14 saylı notariat
kontorunda "Daşınmaz Əmlakın Alğı-Satqı Müqaviləsi", "Kredit
Müqaviləsi" və "Öhdəlik Müqaviləsi" imzalandı. Müqaviləyə görə,
T.Talıbov hər ay oğluma 10750 manat olmaqla 53750 manat nağd
şəkildə, yerdə qalan 108,592 manatı isə "Atrabank" ASC-nin "Riyad"
filialına müqavilədə göstərilən qrafik üzrə ödəyəcəkdi. Lakin
yanvar ayından bu günə kimi T.Talıbov banka 1 manat da
ödəməyib".
Mənzilin oğlu S.Nuriyevin adından çıxarılıb T.Talıbovun adına
rəsmiləşdirildiyini deyən Haqverdi Nuriyev əsl müsibətin elə bundan
sonra başlandığını bildirdi:
"Evin satılması rəsmiləşdikdən sonra T.Talıbov nə oğluma, nə də
banka pul ödəyib. Artıq 3 ay ötüb. Bankın işçiləri isə
gözləmədiyimiz halda oğluma zəng vuraraq qrafik üzrə aylıq ödənişi
tələb edir. Evin oğlumun adından çıxarılıb T.Talıbovun adına
keçirildiyini və göstərilən məbləğin də həmin şəxs tərəfindən
verilməli olduğunu bildirsək də, bankın səlahiyətliləri tərəfindən
bizə məhəl qoyan olmadı. Bu günə qədər də banka borclu olduğumuz
130 min manatın faizi günbəgün artır".
H.Nuriyev iddia edir ki, "Atrabank" ASC-nin "Riyad" filialı
verməli olduqları 130 min manatdan sui-istifadə edir:
"Fikrimcə, evi alan şəxs elə bankın öz adamıdır. Çünki bu yolla
onlar evi tamamilə əlimizdən almaq istəyirlər. Bank qəsdən üçüncü
tərəfin ödənişini yubadır ki, biz 130 min manatı ödəyə bilməyək və
faiz evin hazırki satdığımız məbləğinə gəlib çatsın. Məhz bundan
sonra məhkəmə yolu ilə bizə heç bir qəpik belə verilmədən ev bankın
ixtiyarına keçsin. Baxmayaraq ki, adı çəkilən bank evin satılacağı
və ödəniləcək məbləğin bankın tapdığı müştəri tərəfindən
reallaşacağı haqda razılıq sənədi verib".
Üzləşdikləri problemlə bağlı məhkəməyə müraciət etməkdən başqa
bir əlacı olmadığını deyən 60 yaşlı zərərçəkmiş dəfələrlə banka
getdiklərini, lakin məsələnin həll olunmadığını bildirib.
Bank da məhkəməni gözləyir
Məsələ ilə bağlı "Atrabank" ASC-nin "Riyad" filialı ilə əlaqə
saxladıq. Filialın direktoru Ramiz Sultanov deyilənlərin həqiqətə
uyğun olmadığını, məhkəmə prosesində hər şeyə aydınlıq
gətiriləcəyini bildirdi:
"Nuriyev Seymurun dedikləri həqiqəti əks etdirmir. Birincisi,
bank mənzilin satılması üçün müştəri tapmayıb. İkincisi, deyildiyi
kimi, açılan kredit və qrafik üzrə ödəniş Nuriyev Seymur Haqverdi
oğlunun adınadır. Buna görə bank ondan vaxtlı-vaxtında ödənişi
tələb edir. Bizim strukturda qanunsuz heç bir əməl ola bilməz.
Hüquq-mühafizə orqanları var. Əgər belə bir şey varsa, onlar bu
işlə məşğul olmalıdır".
Filial rəhbəri aprelin 6-da Abşeron Rayon Məhkəməsində müraciətə
baxılacağını, problemin qanuni yolla çözüləcəyini bildirdi.
Bildirək ki, "Atrabank" ASC-nin "Riyad" filialı razılaşmanın və
öhdəliyin qanuni olduğunu iddia etsə də, mənzilin T.Talıbovun adına
keçirilməsi və borc müqaviləsini təsdiq edən sənədlər bunu deməyə
əsas vermir. Həmin sənədləri təqdim edirik: