Yeni il öncəsi ölkədə yanacağın qiymətinin artması ilə
növbəti bahalaşma dalğasıyla üz-üzə qaldıq.
Süni bahalığın bir çox hallarda real vəziyyətə təsir göstərdiyi
Azərbaycanda qiymət artımına start verilməsi heç bir neçə gün də
çəkmədi. Fürsətbazlar həmişə var və onlar üçün həqiqət ancaq öz
mənafelərinin qorunması üçün hər yolun məqbul hesab edilməsindən
ibarətdir. Bazarlarda, mağaza və marketlərdə aparılan müşahidələr
bu fikrin möhkəmlənməsindən başqa heç nəyə xidmət etmədi.
Öncədən qeyd edək ki, Yeni il ərəfəsində paytaxtın bir neçə
rayonunda kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil
ediləcək. Əslində bu hər həftəsonu keçirilən yarmarka ənənəsindən
başqa nəsə deyil, yəni ortada geniş şəkildə reklama ehtiyacı
duyulan böyük bir yenilik yoxdur.
Yenilik təkcə ondan ibarətdir ki, bu yarmarkalarda qiymət artımı
gözləniləndir. Baxmayaraq ki, Kənd Təsərrüfatı Nazirliyi
qiymətlərin qaldırılmayacağını və nəzarətdə saxlanacağını deyir.
Amma o da aydındır ki, yanacaq bahalaşıbsa rayonlardan Bakıya
məhsulun daşınma xərcində də artım gözləniləndir.
Xüsusən nəzərə alsaq ki, ölkəmizdə hansı bayram olmasından asılı
olmayaraq qiymət artımı bayram əhval-ruhiyyəsinə birbaşa təsir
edəcək səviyyədə olur, o zaman bu Yeni ilin də əvvəlkilərdən
fərqlənəcəyini güman etməyə dəyməz. Xüsusən də əgər ortada "süni
qiymət artımı" iddiasına cavab ola biləcək yanacağın bahalaşması
kimi bir faktor var.
Satıcı çox, alıcı yox...
Yolumuzu saldığımız Təzə bazarda bunun təzahürlərini hiss etmək
çətin deyil. Günorta saatları olmasına baxmayaraq, bazarda alıcı
çox az idi.
Demək olar ki, hər satıcıya heç bir alıcı belə düşmədiyinə görə
birdən -birə iki potensial müştərini qarşılarında görən satıcıların
"reklamına" söz ola bilməz. Hər kəs öz satdığı malı tərfiləyir,
bəzən hətta him-cimlə qarşı piştaxtadakı həmkarının malını pisləmək
bahasına da olsa. Amma çox keçmədən məlum olur ki, hər ikisi malı
eyni yerdən alır, buna görə də yaxşı yaxud pis anlayışı həqiqəti
əks etdirmir.
Bunu isə satıclar bazar ənənəsi ilə izah edirlər: "Əgər qonşunun
malını pisləyib öz malını tərifləməsən satmaq olmaz". Düzdür, bu
dostcasına deyil. Amma əgər ortada evə axşam çörək aparmaq qovğası
varsa, bazar dostluğu bir anda arxa plana keçir.
"Hələ camaat maaş almayıb"
Bazarda daha çox göz dəyən məhsul nar, boranı və sitrus
meyvələridir. Ən ucuzundan sitrus meyvələrindən başlayaq.
Mandarinin qiyməti hər kilosu üçün 80 qəpiklə 1 manat arasında
dəyişir. Əlbəttə bu qiymət keyfiyyətinə görə bir çoxlarının bayram
süfrəsinə yaraşdırmayacağı mandarinin qiymətidir. Daha yaxşısını
almaq üçün hər kiloya 2 manat xərcləmək lazımdır. Apelsin 2-3
manatdan satılır. Nar 2 manat, boranı isə daha ucuz-80 qəpiyə
təklif olunur.
Satıcılar alıcı azlığından şikayətlənirlər. Səbəbini qiymət
artımı ilə izah etmirlər, onların fikricə qiymətlər o qədər də
yüksək deyil: "Amma nədənsə alıcı azdır. Yəqin ay sonuna yaxındır,
hələ camaat maaş almayıb. Bayram qabağına ümidimiz var".
Satıcıların sözlərinə görə, bəziləri bayram günlərində satmaq
üçün indidən topdansatışdan meyvə-tərəvəz tədarükü görüb. Amma heç
də hamısı yox. Çünki qazancından artırıb bayram ehtiyatı toplamaq
da hər adama nəsib olmur.
3 manatlıq alma 12 manat
Satıcılar deyir ki, qiymət artımı ilk növbədə onların cibinə
təsir gəstərib. Çünki topdansatışda qiymətlər artırılıb. "Baxın, bu
20 kiloluq alma qutusunu indi 15 manata satırıq, çünki 12 manata
alırıq. 4 gün əvvəl isə cəmi 3 manata alır, 5 manata satırdıq.
Birdən-birə 4 dəfə bahalaşıb. Bir həftə əvvəl 5 manata 20 kilo alma
alan alıcımız indi 15 manat eşidəndə inanmır. Başa sala bilmirik
ki, bu, bizdən asılı deyil. Bunda bizə cəmi 2 manat pul qalır. 2
manata görə hamı ilə üz-göz oluruq. Çünki bura gələnlər əsasən
daimi müştərilərdir".
Malı hardan almalarına gəlincə, əksər bazarlar kimi bu bazarda
da satıcılar topdansatış mərkəzi kimi Meyvəli bazarı seçir.
"Orda da qiymətlər artıb, çünki əksər mallar rayondan gətirilir.
Xaricdən gətirilən malların da qiyməti qalxıb. Amma əsl bahalaşma
yanvarda olacaq. Amma məcburuq alaq. Bir-iki gün sonra bu
qiymətlərə də öyrənəcəklər. İndi bir az çətin gəlir, 1 ay sonra elə
bil heç nə olmayıb. Hamı elə təzə qiymətlərə alışacaq"- bunu da bir
az əvvəl qiymətlərin bahalığından danışan satıcı deyir.
Bazarın gülü kartof
Bazarda qiyməti ilə hamını təəccübləndirən məhsul son bir
həftənin qəhrəmanı olan kartofdur. 1 manat 30 qəpik- 1 manat 50
qəpik. Heç bir satıcı qiymətin niyə bu qədər artdığını izah edə
bilmir. Sadəcə onu deməklə kifayətlənirlər ki, topdansatış
bazarlarında onlara pərakəndə qiymətdən cəmi 20 -30 qəpik ucuzuna
mal təklif olunur:
"Kartofun qiyməti birdən-birə bahalaşdı. Əvvəlki gün heç kəs
almadı ki, qiymət düşəcək. Amma kartof elə maldır ki, almasan
olmur. İndi daha bu qiymətə öyrəşiblər. Düzdü əvvəl 3 kilo alan
indi bir kilo alır, amma alır da. Deyinirlər, amma alırlar. Bizə nə
lazımdı ki, malımız satılsın. Kartof olub bazarın gülü..."
Bazarda bayram süfrəsini bəzəyəcək başqa məhsullar- məsələn,
xiyar, pomidor, digər meyvələr kifayət qədər bahadır. Məsələn,
xiyarın bir kilosu 2 manata satılır. Pomidor da qiymətinə görə
ondan geri qalmır. Alıcıya gəlincə, hələlik azdır, amma satıcılar
bayram günlərinə böyük ümid bəsləyir: "Bizimkilər son qəpiklərini
də bayram süfrəsinə xərcləyirlər".
Qazaxdan Bakıya yol 40 manat bahalaşıb
Təzə bazarda Yeni ilin ərəfəsində olduğumuzu hiss etdirəcək heç
nə yoxdur-bircə hind toyuqlarından başqa. Diri halda satılan hind
toyuqları 20 manatdan başlayan qymətlərlə təklif olunur. Amma bu
qiymətə aldanmayın. Əgər yeni ili müasir dünya ilə ayaqlaşıb hind
toyugu yeməklə qarşılamaq istəyirsinizsə 20 manat sizə bəs
etməyəcək. Çünki bu qiymətə aldığınız diri çəkili hind toyuğu bir
bayram süfrəsi üçün çox azdır.
Nəzərə alsaq ki, yarmarkalarda hind toyuğunun bir kilosu 9
manata satılacaq, o zaman ən yaxşı variant yarmarkaları
gözləməkdir. Ətin qiyməti isə hələlik dəyişməyib 8-10 manat. Amma
qəssablar bayram günləri qyimətin bir daha enməmək şərti ilə
artacağına ümid edirlər: "Diri heyvanı Qazaxdan gətirmək üçün
rayondan gələn maşına əlavə 40 manat veririk. Bunu çıxartmaq
lazımdı ya yox?"
"Bahalaşma yanvardan başlayacaq"
Bazarlar qədər elə marketlərdəki qiymətlərdə də artım hiss
edilir. Amma satıcılar bunun kütləvi olaraq bütün məhsullara şamil
edilmədiyini bildirirlər. Dediklərinə görə, biz çox məhsulların
qiymətində artım 20 qəpikdən o tərəfə keçmir. "40 qəpiklik tum indi
60 qəpik olub. Uşaqlar üçün şirniyyatın ədədində 10-20 qəpik
bahalaşma var. Əsas mallar hələlik anbarda olan mallar olduğuna
görə qiymət artımı yoxdur. Çünki əvvəldən alındığına görə köhnə
qiymətlərlə satılır. Amma məsələn Rusiyadan gətirilən konftlərdə 50
qəpiklə 1 manat arasında bahalaşma var. Kərə yağlarında da qiymət
artıb".
Elə marketlərdə də deyirlər ki, bahalaşma dalğası əsasən
yanvardan başlayacaq. Daha doğrusu, anbarlarda köhnə mallar satılıb
qurtarandan sonra. Bir sözlə, yeni ilə yeni qiymətlərlə...
"aznews.az"