Azərbaycan Müəllif Hüquqları Agentliyi "Səni axtarıram"
televiziya verilişi ilə bağlı yaranmış mübahisələrə münasibət
bildirib.
Agentlikdən
Report-un sorğusuna cavab olaraq qeyd olunub ki, son günlər
kütləvi informasiya vasitələrində "Səni axtarıram" televiziya
verilişinin müstəsna müəlliflik hüququnun kimə məxsus olması barədə
müxtəlif yazılar gedir: "Məlumat üçün bildiririk ki, "Azad
Azərbaycan" Müstəqil Tele-Radio Kompaniyası (ATV) ilə Baxşəliyeva
Xoşqədəm Hidayət qızının birgə məhsulu olan "Səni axtarıram"
televiziya verilişinin dövlət qeydiyyatına alınması ilə bağlı
2013-cü il 9 sentyabr tarixində ATV-nin prezidenti Vüqar Qaradağlı
Müəllif Hüquqları Agentliyinə məktubla müraciət edib. Əlaqəli
hüquqlar obyekti olan "Səni axtarıram" (P, televiziya verilişi
kimi) televiziya verilişi Agentlikdə şərikli əsər kimi dövlət
qeydiyyatına alınıb, ondan müstəsna istifadə hüquqları şərikli
olaraq ATV-yə və Xoşqədəm Hidayətqızına məxsusdur. Tərəflərə
2013-cü il 11 oktyabr tarixində qeydiyyat haqqında müvafiq nömrəli
Şəhadətnamələr verilib. Müəllif-hüquq qanunvericiliyinə görə,
şərikli əsərlərdən (obyektdən) bütövlükdə istifadə hüququ onu birgə
yaratmış müəlliflərə məxsusdur. "Səni axtarıram" verilişi
parçalanmayan, bölünməyən şərikli obyektdir və bu səbəbdən,
qanunvericiliyə uyğun olaraq, hüquq sahibləri arasında mübahisə
yarandığı halda onların aralarında bağlanılan müqavilədə başqa hal
(şərtlər və ya razılaşma) nəzərdə tutulmadıqda, tərəflərin heç
birinin digərinə qarşı verilişdən istifadəyə qadağa qoymaq haqqı
yoxdur. ATV və Xoşqədəm Hidayətqızı arasında bağlanmış müəllif
müqaviləsinin şərtlərinə əsasən, veriliş yalnız ATV kanalında
həftədə bir dəfə (bazar günü) 2015-ci il oktyabr ayının 1-ə qədər
yayımlana bilər və tərəflərin qarşılıqlı razılığı olmadan digər
televiziya kanallarına verilə bilməz. Verilişin formatının
dəyişdirilməsi,digər formatda istifadəsi, retranslyasiyası də
həmçinin tərəflərin qarşılıqlı razılıq əsasında həyata keçirilə
bilər. Müqaviləyə əsasən, ssenari müəllifi və aparıcı Xoşqədəm
Hidayətqızına əmək haqqı ödənişi onunla ATV arasında bağlanmış əmək
müqaviləsi ilə həyata keçirilmiş və verilişin hazırlanması və
ATV-də yayımına görə ssenari müəllifi və aparıcısına qonorar
ödənilmir".
Agentlik bildirir ki, verilişin ayrılmaz, parçalanmayan şərikli
obyekt kimi istifadəsi (yayılması) müəllif-hüquq nöqteyi-nəzərindən
iki hüquqi rejimlə bağlıdır:
"a) 2015-ci 1 oktyabr tarixinə qədər əlavə ödəniş, o cümlədən
qonorar almayan və ATV ilə əmək müqaviləsi ilə bağlı olan Xoşqədəm
Hidayətqızının verilişi yalnız ATV-də istifadə olunur. Bu
vəziyyətdə verilişin dayandırılması, dəyişməsi, yayımı və s. hüquq
sahibi kimi ATV-nin inzibati qərarından asılıdır;
b) 2015-ci il 1 oktyabr tarixindən sonra müəllif müqaviləsinin
müddəti hüquq sahibləri tərəfindən uzadılmadığı halda və ya
Xoşqədəm Hidayətqızının ATV-ilə əmək müqaviləsinə istənilən zaman
xitam verildiyi halda, hər-hansı bir tərəfin diğər tərəfə verilişin
istifadəsinə qadağa qoyması yalnız onun əsaslı səbəbləri olduqda
mümkündür. Bununla belə, qadağa qoyan tərəf istifadəyə razılıq
verdiyi halda, digər tərəf həmin verilişi yenidən istifadə edə
bilər".
Agentlikdən həmçinin bildirilib ki, verilişdən (əlaqəli hüquqlar
obyekti) fərqli olaraq, ssenari bilavasitə müəllif hüququ
obyektidir: "Səhadətnaməyə əsasən, "Səni axtarıram" əsərinə şəxsi
hüquqlar, o cümlədən ssenariyə müəlliflik hüququ Xoşqədəm
Hidayətqızına məxsusdur. Bu isə o deməkdir ki, ATV-ilə əmək
müqaviləsinə xitam verildikdən sonra, o, ssenariyə əsaslanaraq,
verilişi digər formatda, o cümlədən digər ad altında hazırlaya və
istənilən telekanal vasitəsilə yayımlaya bilər. Danışıqlar yolu ilə
mübahisə həll edilmədiyi halda, Azərbaycan Respublikası mülki
qanunvericiliyinə əsasən, tərəflər məhkəməyə müraciət edə
bilərlər".
Qeyd: Açıqlamadan belə məlum olur ki, ATV rəhbəri Vüqar
Qaradağlının ANS telekanalında yayımlanması nəzərdə tutulan bu
verilişi istənilən vaxt dayandırmaq hüququ var.