Bakı Metropoliteninin “Həzi Aslanov” stansiyasının dalanında əsaslı yenidənqurma işləri yekunlaşmaq üzrədir.
Axar.az xəbər verir ki, bu barədə Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
Onun sözlərinə görə, Qırmızı xəttin “Həzi Aslanov” stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işlərində son mərhələ başlanıb.
Bəxtiyar Məmmədov bildirib ki, yenidənqurma işləri təxminən 280 metrlik sahədə üç mərhələ üzrə həyata keçirilir. Əvvəlki mərhələlərdə təmir-bərpa işləri tamamlanıb, yan divarlar və döşəmə boyunca məhlulvurma-hamarlama prosesi icra olunub. Həmçinin döşəmə, divar və tavan hissələrdə gücləndirmə tədbirləri görülüb. Orta yolların arakəsmə divarları tam yenidən inşa edilib.
Son mərhələ çərçivəsində tavan hissəsində izolyasiya və məhlulvurma işləri aparılır və xüsusi boya maddələri vurulur. Karbon lifli müasir inşaat materialı ilə örtük tavasının əlavə möhkəmləndirilməsi aparılır. Drenaj xətlərinin çəkilişi davam etdirilməklə yanaşı, kommunikasiya xətlərinin quraşdırılmasına da başlanılıb. Həmçinin qatarların baxışı və dayanması üçün körpücük inşa olunur.
Bəxtiyar Məmmədov əlavə edib ki, layihəyə uyğun qaydada, ümumi uzunluğu 1000 metrə yaxın olan dalan yolları müasir dəmir-beton özüllər üzərində, yoldəyişdirici qurğular isə dəmir-beton monolit bloklardan qurulub. 4 yoldan ibarət dalanda 6 yoldəyişdirici quraşdırılıb. Sahədə elektrik təchizatı, rabitə, işarəvermə, videomüşahidə, yanğın təhlükəsizliyi, su, kanalizasiya, havalandırma və digər mühüm sistemlərin yenilənməsi plana əsasən davam etdirilir.
Yenidənqurma işləri zamanı konstruksiyaların dayanıqlılığının artırılması, aqressiv qrunt sularının təsirlərinin aradan qaldırılması və dalan infrastrukturunun müasir texniki tələblərə uyğunlaşdırılması məqsədilə müntəzəm müayinələr aparılır. Müvafiq yoxlamaların nəticələrinə əsasən yağış mövsümündə ərazi boyunca son ehtiyat tədbirlər görüləcək.
Qeyd edək ki, “Həzi Aslanov” stansiyasının dalanının və stansiyanın dayanıqlılığının artırılması 2025–2030-cu illər üzrə Dövlət Proqramının icra edilməsinə dair tədbirlər planı əsasında həyata keçirilir.
Dalan yolları qatarların gecələməsini, çevik idarə olunmasını, qısa intervallarla hərəkətini, baxış və texniki xidmətini təmin edən mühüm infrastrukturdur. Uzunmüddətli istismar və ərazinin mürəkkəb hidrogeoloji şəraiti “Həzi Aslanov” stansiya dalanının konstruktiv elementlərinə qrunt sularının ciddi təsirləri və divarlarda eroziya əmələ gəlməsi ilə nəticənmişdi.
Yenidənqurma işlərinin cari ilin noyabr ayının sonunda yekunlaşdırılması nəzərdə tutulur.