"Belə mesaj verən şəxsin
hansısa formada media cameəsində yer alması acı təəssüf
doğrurur".
Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan Mətbuat Şurasının
sədri Əflatun Amaşov öz Feysbuk səhifəsində I Avropa Oyunları
haqqında yazdığı məqalə-statusunda qeyd edib.
Şura sədri bildirib ki, kimlərinsə əlini bir nimdaş binaya
uzadaraq Azərbaycanın həmin binanın timsalında miskin ölkə
görkəmində təqdimat cəhdi, mövcud xüsusda I Avropa Olimpiya
Oyunlarına ev sahibliyini reallaşdıracaq ölkəni guya təsvir etməsi
əsla tənqid deyil.
Yazını təqdim edirik:
I Avropa Oyunları: idman hadisəsindən düşüncə
təntənəsinə doğru
Bu günlər yadıma "Avroviziya-2012" ərəfəsindəki vəziyyət düşür.
Tarix təkrarlanır. Əslində buna tarixin təkrarlanması kimi yanaşmaq
doğru sayılmaz. Çünki baş verənlərin, daha doğrusu növbəti dəfə
edilənlərin tarixdə qalacağını düşünmək mümkünsüzdür. Bəlkə bir
epizod kimi nələrsə xatırlana bilər. Məsələn, mən bu yazını
yazmazdan öncə azacıq araşdırma apardım. Mühüm tarixi hadisələrə
evsahibliyini həyata keçirmiş ölkələrin jurnalistlərinin mənfi
davranış tərzinə dair fərqli nələrisə görmək istədim. Açığı, elə
bir nümunəyə rast gəlmədim. Heç əcnəbi media nümayəndələrinin
timsalında da ciddi sayılacaq nələrisə aşkarlamadım.
Harada yaşamasından, siyasi və dini mənsubiyyətindən asılı
olmayaraq, hər bir vətəndaş ölkəsində baş verən dünya miqyaslı
olayın yüksək səviyyədə təşkilinə çalışıb. Media cəmiyyətin
güzgüsüdür və cəmiyyətin istək və arzularının carçısı kimi çıxış
edir. Bu mənada böyük hesabla Azərbaycan cəmiyyətinin və onun
tərkib hissəsi sayılan mediamızın I Avropa Oyunlarına münasibəti
birmənalıdır.
Hər bir vətəndaşımız üçün bu böyük idman hadisəsi fəxarət və
qürur mənbəyidir. Azərbaycan mediası əksəriyyət etibarilə
insanlarımızın bu münasibətini ifadə edir və zənnimcə, tarixdə
qalan da məhz bu olacaq, nəinki hansısa mənfi meylləri qabardaraq
"divident" əldə etmək niyyətinə düşənlər.
Bəli, tarixdə qalmaq önəmlidir. Azərbaycan bir çox mötəbər
toplantılara ev sahibliyini həyata keçirməkdədir. Özü da belə
tədbirlərin əksəriyyəti məhz Azərbaycanın mütərəqqi dünyaya töhfəsi
kimi əlamətdardır.
Bu yerdə müstəqilliyimizin ilk illərini xatırlamaq istərdim.
Gözlərimin önünə yenicə dövlət suverenliyinə qovuşmuş ölkənin
xarici və daxili təhdidlərə qarşı qeyri-müəyyənlik sindromunu
özündə yaşatdığı dönəm canlanır. Doğrudan da həmin vaxt sabahın
üzümüzə necə açılacağını proqnozlaşdırmaq mümkünsüz idi. Bir qrup
Azərbaycanı İranın, başqaları Rusiyanın tərkibində görürdü. Türkiyə
meyllilər var idi. Erməni təcavüzünün miqyası barədə acınacaqlı
məqamlar da gündəmdəydi. Bir sözlə, yenicə müstəqilliyinə qovuşmuş
ölkə çoxsaylı problemlərlə baş-başaydı ki, bütün bunlar
müstəqilliyimizin uzunömürlülük üfüqünü əhəmiyyətli dərəcədə
daraldırdı.
Sonrakı illərdə vəziyyət tədricən düzəlməyə başlasa da,
müstəqilliyimizə olan təhdidlərin səngidiyini söyləmək mümkünsüz
idi. Əslində təhlükələr bu gün də qalır. Azərbaycanın bölgədəki
rolunu qəbul etməyənlərin sırasının hətta bir qədər də
genişləndiyini söyləmək olar. Lakin hazırda bu meyllər real təhlükə
sayılacaq qədər aktual deyil. Düşünürəm ki, artıq dünyanın qlobal
gücləri belə özlərinin yaraq-yasaqları ilə bu ölkənin bir başından
girib, o biri başından çıxacaq qədər cəsarət sahibi ola bilməzlər.
Təbii ki, bölgədəki maraqlar da buna imkan vermir. Yəni
Azərbaycanın müstəqil dövlət olaraq qalması şərtdir. Bu şərti
doğuran Ümummilli Lider Heydər Əliyevin böyük uzaqgörənliklə
müəyyənləşdirdiyi, Prezident İlham Əliyevin yüksək məharətlə
reallaşdırdığı siyasi kursdur.
Ancaq bu şərtin daxili mahiyyəti yalnız siyasiliyə söykənmir.
Ötən 24 il xalqın milli özünüdərki baxımından əhəmiyyətli zaman
kəsiyi olub. Azərbaycan Avropa və bütövlükdə dünya insanının
nəzərlərində müstəqil dövlət kimi qalıb və bu imicin
formalaşmasında həlledici rolu mədəniyyət oynayıb.
Mədəniyyət çox böyük silahdır. Heç bir zaman tükənmir. Nüfuzlu
beynəlxalq toplantılara, idman yarışlarına evsahibliyimiz həm də
mədəniyyətimizin, adət-ənənəmizin, milli kimliyimizin təbliğidir.
Üzərindən on, iyirmi, otuz, əlli, yüz il keçdikdən sonra bəşər
mədəniyyətini zənginləşdirən ölkə kimi xatırlanmağımız son dərəcə
vacibdir. Dünyadakı siyasi şərtlərin hansı məcraya dəyişdiyinin
fərqinə varmadan bu xatırlanma bizlər üçün həyati əhəmiyyətlidir,
varlıq simvoludur. Bizlər dünya insanının baxışlarının alt qatına
müstəqil dövlət kimi hopacağıq. Bizləri silib tarixin
ənginliklərinə atmaq mümkün olmayacaq.
Əvvəldə mənfi meyllərdən söz açmışdım. Qəfildən yadıma Meksikada
keçirilmiş futbol üzrə dünya çempionatı düşmüşdü. 1986-cı ildə baş
tutmuş mundial maraqlı idman mübarizəsinə şahidlik anlamında
təkrarsız hadisə sayıla bilər. Ancaq onu da xatırladım ki, 1985-ci
ildə Meksikada güclü zəlzələ baş vermişdi. Ölkənin əksər bölgələri
kimi paytaxt Mexiko şəhəri də ciddi zərər çəkmişdi. Ümumən zəlzələ
qurbanlarının sayı 20 minə çatmışdı. O zaman planetin ən mühüm
idman hadisəsinin təxirə salınacağına dair söhbətlər də yayılmışdı.
Ancaq Meksika xalqı özündə təpər tapmağı bacarmışdı.
Həmin vaxt Meksika dəhşətli təbiət hadisəsinin gətirdiyi
problemlərin məngənəsində boğulurdu. Buna rəğmən ölkə cəmi bir il
sonra futbol üzrə dünya çempionatına evsahibliyini reallaşdırdı. O
zaman dünya mediasında Mexikonun dağılmış küçə və meydanlarına,
binalarına, əhalinin çətin vəziyyətinə dair sujetlər yer almışdı.
Fəqət bu təqdimatlar heç bir halda dünya çempionatının ab-havasına
fərqli notlar gətirməyə hesablanmamışdı. Əksinə xalqın mübarizə
əzminin təsvirini hədəf seçmişdi.
Məqsədim Azərbaycanla ötən əsrin 80-ci illərinin Meksikasını
müqayisə müstəvisinə gətirmək deyil. Nə də hesab etmirəm ki,
imperiya əsarətindən qurtuluşunun 24-cü ildönümünə qədəm qoymuş
Azərbaycanın cəmi 24 il ərzində dünyanın ən mühüm idman təntənəsinə
evsahibliyini reallaşdırmaq gücünə sahibliyi Meksikanın bir il
içərisində futbol üzrə dünya çempionatına hazırlığından kiçik
olaydır.
Nəzərə alaq ki, Azərbaycanın yaşadığı zəlzələnin ömrü 70 il
çəkmişdi. Bu mənada bizim 24 ilimiz Meksikanın 1 ilindən daha qısa
müddətdir və mövcud zaman kəsiyində ucaldılmış göydələnlərimiz,
yaraşıqlı görkəm almış park və meydanlarımız, yeni işna edilmiş
iaşə obyektlərimiz, məktəblərimiz, uşaq bağçalarımız, abad
yollarımız, xiyabanlarımız və sair var.
Yarımçıq tikililərimiz, uçuq-salxaq komalarımız, ümumən
problemlərimiz də yox deyil. Bütün bunların qabardılması və
ictimailəşdirilməsi medianın insanlarımızın daha yaxşı yaşamasına
xidmət edən ictimai missiyası kimi diqqətəlayiqdir. I Avropa
Oyunları keçiriləcək deyə jurnalistlərimizin mənfi təmayülləri
işıqlandırmamasının və ya az işıqlandırmasının da tərəfdarı
deyiləm. Onsuz da media quruluşlarımızın hamısı problemlərdən
kifayət qədər söz açırlar, kəskin sayıla biləcək tənqidlərə yer
verirlər. Ancaq kimlərinsə əlini bir nimdaş binaya uzadaraq
Azərbaycanın həmin binanın timsalında miskin ölkə görkəmində
təqdimat cəhdi, mövcud xüsusda I Avropa Olimpiya Oyunlarına
evsahibliyini reallaşdıracaq ölkəni guya təsvir etməsi əsla tənqid
deyil. Belə mesaj verən şəxsin hansısa formada media cameəsində yer
alması acı təəssüf doğrurur. Təsəvvür edə bilmirəm ki, 1986-cı ildə
hansısa meksikalı jurnalist zəlzələdən uçmuş binaya əlini uzadaraq
dünya çempionatını keçirəcək ölkəni aşağılayacaq səviyyəyə ensin.
Bu yerdə diqqətinizi Azərbaycan Respublikası Prezidentinin
ictimai-siyasi məsələlər üzrə köməkçisi cənab Əli Həsənovun mediaya
bir müddət öncəki açıqlamasına çəkmək istərdim: "Təəssüf ki,
davamlı şəkildə Azərbaycanın iqtisadi, sosial, siyasi, humanitar və
digər sahələrdə əldə etdiyi uğurları gözdən salmağa çalışan bəzi
yerli qruplar və xarici dairələr bu fürsəti də əldən vermək istəmir
və I Avropa Oyunlarını ölkəmizə qarşı həyata keçirilən "qara piar"
kampaniyasının baş mövzusuna çevirməyə çalışırlar".
Əvvəldə "Avroviziya-2012"ni təsadüfən xatırlamamışdım. Bəli,
ölkəmizlə bağlı 3 il öncəki ssenarilər eynilə təkrarlanmaqdadır və
mövcud mənada başqa "elementlərə" də müraciət edilə bilər. Məqsəd
isə bəllidir - mötəbər idman hadisəsinə tamaşa etmək üçün ölkəmizə
təşrif buyurmaq istəyənləri fikirlərindən döndərmək, ümumən
oyunları boykot etmək. Daha qlobal məqsəd Azərbaycanı dünyaya tipik
Şərq məmləkəti qiyafəsində göstərməklə onun mümkün qədər təcridinə
nail olmaqdır ki, bütün bunlar Qərbin neft ölkələri ilə bağlı
əlahiddə maraqlarının rahat şəkildə hərəkətə gətirilməsi baxımından
vacibdir.
Azərbaycan çətinlikləri aşaraq müxtəlif sferalarda mötəbər
tədbirlərin evsahibliyini gerçəkləşdirmək hüququnu əldə edirsə,
demək, ölkə özü ətrafında müəyyən imic formalaşdırır və bu status
onun siyasi səhnədəki dayanıqlılığına təminat yaradır. Və demək ki,
Azərbaycanı hansısa qeyri-bərabər müstəviyə sürükləmək mümkünsüzə
çevrilir. Müvafiq olaraq Avropa insanının baxışlarında mədəniyyət,
incəsənət, elm, idman ölkəsi kimi formalaşmış sabit Azərbaycanı
İraqın, Liviyanın, Suriyanın, Tunisin gününə salmaq ehtimalları da
tam heçə enir. Çünki tədricən Avropanın, elə dünyanın da ölkəmizlə
bağlı yetkin ictimai rəyi formalaşır. Bu rəyin əksinə getmək Qərbin
qərarlaşmış hakimiyyətlərinə sərfəli deyil. Ona görə də özləri üçün
sərfəli olan Azərbaycan obrazını yaratmağa cəhd göstərirlər.
Təəssüf ki, özünü demokrat göstərib hansısa uçuq binanın qarşısında
dayanaraq I Avropa Oyunlarının keçiriləcəyi məkanda şəkil
çəkdirdiyini bəyan edib spekulyasiyalara baş vuranlar yekunda məhz
bu cür oyunların alətinə çevrildiyinin fərqinə varmırlar.
Yeri gəlmişkən, bir neçə ay öncə həmin oyunların daha bir
"elementi" işə salınmışdı. Guya Azərbaycan heyvanlara qarşı
amansızlığın, qəddarlığın həyata keçirildiyi ölkədir. Göründüyü
kimi, bu, tipik Avropa vətəndaşının şüuruna təsir göstərmək niyyəti
güdən təxribatdır.
Sonda fikirlərimi ümumiləşdirərək deyim ki, I Avropa Oyunlarına
az müddətin qaldığı bir vaxtda ictimai missiya daşıyan Azərbaycan
mediası üçün mühüm dönəm başlayır. Bəzi xarici dairələrin qeyd
etdiyim planlarının daha geniş vüsət alacağını gözləmək olar. Odur
ki, dövriyyəyə buraxılan hər məsələyə, sosial şəbəkələrdə
yayımlanan hər materiala həssas yanaşmaq vacibdir və bu, təkcə
peşəkarlıqdan irəli gələn tələb yox, eyni zamanda vətəndaşlıq
borcudur. İnanıram ki, Azərbaycan mediası üzərinə düşən bu
vəzifənin öhdəsindən gələrək Azərbaycan üçün tarix yaradacaq bir
hadisənin - I Avropa Oyunlarının reallaşmasında böyük pay sahibinə
çevrilcək.