"Səfillər" layihəsində:
Əlindəki nazik şişə bənzər
dəmirlə maşın təmiri emalatxanasının arxasındakı xırda təpəliyi
eşələyirdi...
Diqqətimi çəkdi. Səfil yaşam tərzi keçirdiyi məlumdur.
Avtomobili ustaya təhvil verib ona yaxınlaşıram. Saçları seyrəkdir,
alnından yuxarı başı xora tutub. Qaysağı qopmuş yarasına qonan
xırda cücüləri əlinin arxasını yelləməklə və ağzından, burnundan
fınxıraraq yuxarı pilədiyi hava ilə qovmaq istəyir. Cücülər isə
həyasızlıq edir. Yenidən yaraya qonurlar. Üstü açıq yaranı
"caynaqlayan" cücülər adamın söyüşünü belə eşitmir:
- Sizin varidatınızı...
Əslində, bu söyüş mənim diqqətimi daha çox çəkdi. "Varidatınızı"
– "var-yoxunuzu" demək idi və bu qanadlı cücülərin həmin andakı
varı-yoxu onun açıq yarasına ilişdirdikləri xortumlardakı qan
idi.
- Nə axtarırsan?
Səsimə çevrildi. Mənə tərəf burnunun ucu ilə baxdı, yenə də
fınxırdı. Əllərinin çirki sifətinin pası ilə bir idi. Yazığım
gəlmədi. Belələrini çox görmüşəm və bilirəm ki, bu günə
düşmələrinin əsas səbəbkarı da özləridir. Danışdıranda isə bütün
ailəni, sülaləni günahkar bilirlər. Amma personaj kimi məni
çəkirdi.
- Qurğuşun.
- Nə?
Mən ondan başqa cavab gözləyirdim. Düşünmüşdüm ki, yemək
axtardığını, ya da mis, alüminium və başqa əlvan metal tapıb da,
satacağını deyəcək. O isə qurğuşun dedi.
- Qurğuşun. Səndə köhnə akkumlyator var? – maraqla üzümə baxdı.
Bu baxışlarda bir məsumluq da vardı.
- Akkumlyator yoxdur. Neynirsən köhnə
akkumlyatoru?
- Onun içində qurğuşun olur.
Dəmir barmaqla – şişlə yenidən torpağı eşələməkdə davam etdi.
Bir qədər də yaxın gəldim. O qədər də yaşlı deyil. Amma çox miskin
və nimdaş geyimli olması onun uzun illərin o tayından gəldiyini
anladır.
- Qurğuşunu neynirsən? - maraq məni aparır.
- Qurğuşunu əridib güllə düzəldəcəm. Barıt da varım.
- Gülləni nə edəcəksən?
- Gülləni nə edirlər? - maraqlı cavab idi.
Maşın ustası olan dostum məni çağırır:
- Müəllim, ona baş qoşma, gəl bura.
"Gələrəm", - deyib səfildən soruşuram:
- Adın nədir?
- Adım Şahdır.
Zibillikdə eşələnir, silah-sursat arzusundadır, adı da ki,
maşallah, Şahdır. Əyninə geyindiyi köhnə əsgər gödəkçəsinin
dirsəyindən tutub dartıram:
- Şah, gəl bura, gedək, bax, oturaq orda. Həm çay içək,
həm də söhbət edək.
- Ora məni qoymazlar, söyəcəklər, çayı gəl bu tərəfdə içək. Sən
desən çayı gətirəcəklər bura.
Əli ilə emalatxananın arxa tərəfindəki ağacın altını, köhnə,
yararsız maşın hissələri qalaqlanmış yeri göstərir.
- Söyməzlər. Mənimləsən, gəl.
Arxamca gəlir. Emalatxananın yanındakı kranı açıram, "yuyun", -
deyirəm. Yuyunur. Ustaların əllərini yuduqları yuyucu tozdan
istifadə edir. Gödəkcəni əynindən çıxarır və başını soyuq suyun
altına tutub, yuyucu tozu ovuclayaraq başına tökür. Möhkəm sürtür.
Başının kiri, pasağı ilə dırnaqlarının qaysağını qopartdığı yaranın
qanı da sifətindən aşağı süzülür. Əli ilə sinəsini, qoltuqlarının
altını yuyur. Tüklü sifətinin çirki çəkilir, bəyaz dərisi boy
verir. Emalatxanadan çıxan çilingər dostum irişir:
- Şahənşah, soyun rahat çim. Qorxma, gülən olmaz. Elə bil ki, öz
hamamındı.
Şah gülür. Onun yuyunmasına fikir verən digər ustalar da
gülümsəyirlər. Mən də gülürəm. Şahın nəzərləri fırlanıb sifətimə
dikilir, mənim gülüşümü görcək təbəssümü sifətində donur. Suçlu
adam kimi duruxuram, hiss edirəm ki, sifətimdən gülüş yox olur.
Sanki demək istəyirdi ki, onlar məni ələ salır, axı sən elə
deyildin.
Çömbəldiyi yerdən qalxır, başından axan su nimdaş, ətəyi cırıq,
boğazlı köynəyini tamam isladıb. Cəld hərəkətlə qurşaqdan yuxarı
əynində olanları soyunur. Kürəyini suyun altına verir, əli çatdığı
qədər kürəyini sürtür. Yanımda duran çilingər həmyerlim şagirdini
çağırır:
- Adə, xalası əmisi ilə yatan, gəl Şahənşahın kürəyini
sabunla.
Sonra dediyinə aydınlıq gətirir:
- Bunu atası əmisi ilə bacanaqdır.
Uşaq sanki vəzifə borcu imiş kimi Şahın kürəyini sabunlayır. Şah
özü isə ağzına, burnuna dolan sabunlu suyu fınxıra-fınxıra əlləri
ilə qarnını sinəsini sürtür, əlləri qabırğalarının arasında
gəzinir.
Yuyunduqdan sonra kimsə, ustaların işlətdiyi o qədər də təmiz
olmayan, mazutlu dəsmalı onun üstünə atır. Qurulanır. Çilingər
zarafatından qalmır:
- Bəy hamamıdır e. Amma əsas yerlərin qaldı.
Sonra mənə tərəf dönür:
- Bu, avaranın biridir. Bəlkə də ona 100 kilo akkumlyator içi
vermişəm. Guya aparıb güllə düzəldəcək, amma hələ ortalıqda bir şey
yoxdur.
Şah artıq geyinib. Soyuq su, havanın o qədər də qızmar olmaması
onu üşüdür. Çənəsi titrəyir.
- Müəllim, öləcək e, bu. Yazığı titrətmə tutdu ki.
- Çayçıya de, bizə bir çay gətirsin.
Şagirdin emalatxanaya bitişik olan kiçik kafeyə gedişinə usta
mane olur:
- Yox, lazım deyil, samovarı toka keçir, qızsın, çayımız
var.
Sexə giririk. Usta yenə də kefi kökdür:
- Şahənşah, gəl otur, çay iç. Müəllimi də incitmə. Nə soruşsa
düz de. Daha yalandan yelə basma.
Şah göstərilən yerdə oturur. Əlləri titrəyə-titrəyə çay dolu
parçı dodaqlarına aparır, içir və gözləri ilə stolun üstündə qalmış
çörəyə baxır.
- Götür ye.
- Axı, bu onlarındır, sənin deyil, - başı ilə ustanı və şagirdi
göstərir.
- Ye adə, nuş olsun. Müəllim, sən canın, orda kolbasa da
olmalıdır, şkafda, ver yesin, - deyir, özü isə maşının altında iş
görür.
Verirəm.
- Şah, sən kimsən, haralısan?
- Bizim yerlərdə müharibə gedir.
- Bəs məskunlaşdığın, qaldığın yer yoxdur?
- Var. Qalmağa yer çoxdur. Amma mənə güllə lazımdır. Gülləm
yoxdur, güllə düzəldəcəm, sonra gedəcəm.
- Hara gedəcəksən?
Cavab verməyə imkan tapmır. Usta yenə də özünə aid olmayan
söhbətə ayaq verir:
- Başladı yenə, - təmir etdiyi avtomobilin altından ustanın
boğuq səsi eşidilir. - İndi deyəcək ki, arvadımın qisasını alacam,
bizim komandirləri öldürəcəm, sonra da qonşumun arvadını qaçıracam.
Ona göstərəcəm ki, kişi necə olar.
- İşin olmasın, qoy özü danışsın.
Şah artıq 3-cü stəkan çayı içir. Danışmaq istəmir. Çörəyi yeyib
qurtarıb. Qarnı doymasa da, gözlərində bir parıltı var.
- "Zapravka" elədin? - bunu şagird dedi.
Şah başını tərpədərək təsdiqlədi. Mənə tərəf isə pıçıltı
ilə:
- Sağ ol, müəllim. Mən müharibəyə hazırlaşıram. O vaxtı gülləni
pulla alırdıq, gülləmiz yox idi. İndi deyirlər varımızdır. Amma çox
olsa bunun nəyi pisdir ki?!
Sonra əlini seyrək saçlarına aparır. Sifətinin rəngi də açılıb.
Əyninin nimdaş geyimi olmasa idi, daha yaraşıqlı görünərdi.
- Bilirsən, müəllim... Sən doğurdan müəllimsən?
- Yox, deyiləm.
- Müəllim olmaq da bir iş deyil. Onun-bunun sağırının nazı ilə
oynayırsan.
- Bəs nədir yaxşı iş?
- Güllə düzəltmək yaxşı işdir. Bizim torpaqlarımızı işğal
ediblər... hər yerdə gül açıb. Amma güllə açılmır, müəllim, güllə
düzəldəcəm. Pulsuz verəcəm əsgərlərə. Özüm də vuruşardım. Amma
xəstəyəm, xəstəliyim keçər əsgərlərə, ciyərlərim çürüyür. Mən tək
vuruşacam.
Usta və şagirdi də yanımda oturdu, başqa emalatxananın da
ustalara toplaşdı. Şah isə danışırdı:
- Mən öz kəndimizi istəyirəm. Burda ev verdilər mənə. Amma
JEK-in müdiri hər axşam evə gələndə görürdüm bizdən çıxır. Guya
qaçqın kimi bizə ürəyi yanır, kömək edir.
Sonra hönkürtü tutdu Şahı. Ağladı. Toxtadıqdan sonra:
- Bir gün gəldim ki, evin qapısının açarı dəyişib. İçəri keçə
bilmədim. Evdə yoldaşım, balaca qızım vardı. Qonşular dedi ki,
onlar yığışıb köçdülər. Bir müddətdən sonra həmin evdə təmir işləri
getdi. Yoldaşım oxumuş qız idi, texnikum bitirmişdi. Gördüm ki,
JEK-də mühasib işləyir. İndi öz evimizdədirlər. Arada JEK müdiri
mənim evimə çay içməyə gedir. Mən isə neçə illərdir, çöllərdəyəm,
qurğuşun toplayıram, güllə düzəldəcəm...